Sokrat

Sokrat

Məşhur yunan filosofu Sokrat (e.ə 469-399) demişdir:

-Cahil şəxsin səhvini göstərmə, yoxsa səndən elm öyrənib öz səhvini düzəldər, sonra sənə düşmən olar.

***

Filosof Antisfen Sokrata müraciət edərək:

- Səni nə məcbur etdi ki, Ksantipp kimi deyingən arvadı aldın?- deyə soruşmuşdur.

- Mən istəyirdim ki, Ksantippin deyinməsinə qulaq asa-asa vərdiş edəm, onunla yola getməyi öyrənəm və beləliklə də, başqaları ilə də yola gedə biləm! - deyə Sokrat cavab vermişdir.

***

Sokratın haqqında ölüm hökmü verildiyini eşidən dostları onu xilas etmək üçün həbsxanaya gəlmiş və filosofun saxlandığı otaqdan həzin musiqi səsini eşitmişdilər. Yaxına gəldikdə Sokratın arfa çalmaqla məşğul olduğunu görüb:

- Sənin edamına hökm verildiyi halda burada oturub musiqi çalırsan? - deyə təəccüb etdikdə o :

- Əgər bu gün də çalmasam, bəs nə vaxt çalacağam? Sabah artıq gecdir, əldə olan imkandan ancaq bu gün istifadə edə bilərəm! - demişdir.

***

Sokrat özü haqqında çıxarılmış ölüm hökmünü soyuqqanlılıqla qarşılamışdı. Zəhər dolu piyaləni əlinə alaraq dodaqlarına yaxın gətirdikdə qadını Ksantippin ucadan ağlayaraq:

- Ərim günahsız olaraq məhv edilir! - dediyini eşidib:

- Yoxsa səın istəyirdin ərini müqəssir kimi məhv edəydilər? - deyə ona təskinlik vermişdi.

***

Sokrat küçədən keçərkən birisi ona bir təpik vurmuşdu. Filosof buna etina etməyərək keçərkən tanışları:

- Nə üçün onun cavabını vermədin? - demişdilər.

Sokrat cavabında:

- Sizi bir heyvan təpiklə vursaydı, cavab verərdinizmi? - demişdi.

Top