Məhəbbət üç il yaşayır, fransızca «L'amour dure trois ans». Bu təbiətin qanunudur. Mark Marronye belə düşünür. Arvadı ilə boşanmasının bu təbiət qanuna heç bir aidiyyatı yoxdur. Sadəcə yeni məhəbbət başqa heç nəyə yer saxlamadan onu bütünlüklə əsir edir. Ancaq Mark öz nəzəriyyəsinə inanır və qorxu içində həmin tarixi günün gəlməsini gözləyir.
Əsərdən seçilmiş hissələr
Məhəbbət əvvəlcədən məğlub olduğun döyüşdür.
Üçüncü ilə iki xəbəriniz var — yaxşı və pis. Yaxşı xəbər: arvadınızı hər şey boğaza yığıb və o sizi tərk edir. Pis xəbər: siz yeni kitaba başlayırsınız.
Anna ilə ona görə evləndim ki, o mələk idi. Məhz o səbəbə görə də boşandıq. Düşünürdüm ki, məhəbbət axtarıram. Gözəl günlərin birində başa düşdüm ki, bunun tam əksini — ondan uzaq durmağı istəyirəm.
Onun otuz yaşı tamam oldu: yarımçıq yaş. Cavan olmaq üçün çox qocasan, qoca olmaq üçün çox cavansan.
Tez-tez aşağıdakı üç cümləni təkrar edin:
1. XOŞBƏXTLİK YOXDUR.
2. MƏHƏBBƏT NAĞILDIR.
3. HEÇ NƏ OLMAZ.
Evləndiyimiz kimi də boşandıq: səbəbini bilmədən.
Həqiqət ondadır ki, məhəbbət qızılgüllə başlayıb, tikanla qurtarır.
Dolçe Vita? Nə olan şeydir Dolçe Vita? Hardadır o? Saysız-hesabsız xatirələr...çox şeyi unutmaq lazımdır. Cəhənnəm işi olacaq — hər şeyi yaddaşından silmək, əvvəlkilərin yerinə nə qədər gözəl anlar yaşamalı olacaqsan.
Tez-tez deyirlər ki, simanızı xilas etməlisiniz. Mən isə deyirəm ki, simanızı öldürməlisiniz. Yalnız bu yolla özünüz xilas olacaqsınız.
Uzunboy əsmər biri olub, ağlamaq da olar. Bunun üçün məhəbbətin üç il yaşadığını kəşf etmək kifayətdir.
Cazibəm də bundadır: əmin deyiləm ki, o məndə var.
Sevdiyim insanla evlənəndə bioqrafiyamla maraqlanan insanları təəccübləndirdim.
Boşanmağa sənədləri o verdi — belə olması qaydaya uyğun idi, axı evlilik təklifini mən etmişdim.
Xoşbəxtlik bədbəxtliyin susmasıdır.
— Məni nə vaxt atacaqsan?
— On kiloqramdan sonra.
— Ey! Mənim nə günahım var ki, xoşbəxtlikdən insan kökəlir?
Xoşbəxtlik niskildən daha qorxuludur.
Komaya düşmədən də tətildə olmaq olar.
Qisas yeməli deyil.
Yazmaq şikayət etmək deməkdir. Romanla Rabitə Nazirliyinin reklamasiyası arasında elə böyük fərq yoxdur.
O, kişiləri televizorda kanal dəyişən kimi dəyişir (ümid edirəm heç olmasa, mən «Eurosport»am)
Ölümdən qorxanlar heç nə ilə maraqlanmayan insanlardır. Mənim problemim odur ki, sən onun həllisən.
Elə inək gözlü qızlar var ki...özünü birdən şəhərətrafı elektrik qatarı kimi hiss edirsən.
XX əsrdə məhəbbət zəng çalmayan telefondur.
Bütün kişilər yataqda xudbindir.
Ən gözəl bayramlar içimizdə baş verənlərdir.
Hansı daha pisdir — sevmədən sevişmək yoxsa sevişmədən sevmək?
Fransada poliqamiya tamamilə qanunidir. Bunun üçün düzgün yalan danışmaq bacarığı kifayətdir.
Bir insan 1976-ci il təvəllüdlü bir qıza «Yetmiş altı? Yadımdadır, həmin il quraqlıq olmuşdu» deyirsə, həmin insan qocadır.
Ölü adamam. Səhər dururam və ən çox istədiyim yeganə şey yatmaqdır. Qara geyinirəm: özümə yas saxlayıram. Ola bilmədiyim insan üçün yas. İncəsənət küçəsində avtomat kimi addımlayıram. Oskar Uayldın mənim kimi öldüyü küçədə.
Məhəbbətin ömrü üç ildir. Əvvəl ehtiras, sonra incəlik və nəhayət sıxıntı ili.
Birinci il deyirlər: «Getsən, özümü öldürəcəm.»
İkinci il deyirlər: «Getsən, özümü pis hiss edəcəm, ancaq yaşayacam.»
Üçüncü il deyirlər: «Getsən, bunu şampan şərabı ilə qeyd edəcəm.»
BMT-nin Finlandiya, Rusiya, Misir, CAR-da müxtəlif dildə danışan, müxtəlif sahələrdə işləyən, müxtəlif tərzdə geyinən, müxtəlif valyutadan istifadə edən, müxtəlif tanrılara dua edən və müxtəlif şeytanlardan qorxan, müxtəlif ümidlər və xəyallar quran yüzlərlə kişi və qadınlar arasında apardığı sorğu nəticəsində məlum olub ki...birgə yaşayışdan üç il sonra boşanma əyrisi çox sürətlə yuxarı qalxır. Bu ümumi cəhət daha bir təhqirdir.
Birinci il mebel alırlar.
İkinci il mebeli yerləşdirirlər.
Üçüncü il mebeli bölürlər.
Həqiqətən aşiq olmaq üçün çox doymuşam; laqeyd qalmaq üçün çox həssasam. Xülasə, uzun müddət evli olmaq üçün çox zəifəm.
Boşanma asan olmur. Nə qədər əclaf olmaq lazımdır ki, bunun boş şey olduğunu düşünəsən? Anna mənə bel bağlamışdı. O, Allah qarşısında öz həyatını mənə etibar etmişdi (və bundan da əhəmiyyətlisi, Fransa Respublikası qarşısında).
Köhnə dostlar kimi bir-birimizin yanağından öpəcəyik. Harasa birlikdə qəhvə içməyə gedəcəyik. Sanki dünya məhvərindən çıxmayıb, əvvəlkitək fırlanır. Kifayət qədər şən söhbət edəcəyik, sonra heç nə olmayıbmış kimi həmişəlik olduğunu bilə-bilə ayrılacağıq. «Hələlik» sonuncu yalan olacaq.
Aramızda otuz yaşa çatana kimi heç bir sual verilmir. Onda isə onlara cavab vermək artıq gec olur.
Məhəbbət üstündə qurulan nigahın pis cəhəti odur ki, o dəqiqə çox yüksək hündürlük götürür.
Uzun müddət boynuma almırdım ki, ətrafdakılara görə evlənmişəm. Evlilik özün üçün yerinə yetirilən əməl deyil. Dostlarımızı hirsləndirmək ya da valideynlərimizi sevindirmək üçün evlənirik. Ya da hər ikisi birdən. Bəzən isə əksinə.
Hamı kimi idim, oxucularım, sizin kimi idim. Əmin idim ki, qaydanı təsdiq edə-edə istisna təşkil edirəm.
Uzun zaman idi ki özümü aldadırdım. Gec və ya tez başqasını da aldatmalı olacaqdım.
Nigah səhər yeməyinə, nahara və şama balıq kürüsüdür. Xoşladığın şeyləri də çox yeyib ürəyini bulandıra bilərsən.
Kişi acgöz heyvandır. O həmişə bir neçə frustrasiya variantı arasında seçim edir.
Məhəbbətdə yeganə sual budur: nə vaxt yalan danışmağa başlayırıq?
Geriyə dönüş olmayanda məhəbbət bitir.
Üç ildən sonra kişi və qadın ya ayrılmalı, ya intihar etməli ya da elə etməlidirlər ki, uşaqları olsun. Öz məğlubiyyətlərinin altından imza atmaq üçün üç üsul.
Səhər beşə yaxın Adelinə zəng edirəm. Bu o deməkdir ki, özümü həqiqətən zibil kimi hiss edirəm.
Deməli, böyümək bu imiş: qumdan qala düzəldirsən, sonra iki ayağınla üstünə çıxıb hoppanırsan, sonra yenə düzəldirsən, yenə və yenə. Okeanın onsuz da gəlib onu götürüb aparacağını bilə-bilə.
Belə yaşamaq üçün ya diplomat ya da riyakar olmaq lazımdır. Belə baxanda ikisi də eyni şeydir.
Sizi sevəni sevmək narsislikdir. Sizi sevməyəni sevmək, bax budur sevgi.
Məni sevməyən bir qızı sevirəm və məni sevən birini daha sevmirəm. Özümə nifrət etmək üçün qadınlardan istifadə edirəm.
Fan Szyan soruşdu:
— Məhəbbət nədir?
Müəllim cavab verdi:
— Cəhd göstərməyi, bu cəhdin müqabilindəki mükafatdan daha çox qiymətləndirməyə məhəbbət deyilir. (Konfutsi)
Nigah cinayətdir, çünki o sirri öldürür. Misli görünməmiş bir xilqətlə rastlaşırsınız, onla evlənirsiniz və birdən bu xilqət qeybə çəkilir — o indi sizin arvadınızdır. SİZİN arvadınız! Bu onun üçün təhqirdir, tənəzzüldür! Halbuki yorulmadan bütün ömrünüz boyu heç vaxt sizin olmayacaq qadını axtarmalısınız.
Məhəbbətin əsas problemi məncə budur: xoşbəxt olmaq üçün insan sabahkı günündən əmin, aşiq olmaq üçün isə əksinə — qətiyyətsiz olmalıdır.
Xoşbəxtlik sakitliyə əsaslanır, məhəbbətə isə şübhə və təlaş gərəkdir. Ümumiyyətlə, nigah xoşbəxtlik üçün nəzərdə tutulub, məhəbbət üçün yox.
Alisa kimi gözəl bir qadın sizə baxırsa, bu iki şeydən biri deməkdir: ya o ifritədir və sizin axırınız yaxşı olmaycaq, ya da o ifritə deyil və onda sizin axırınız heç yaxşı olmayacaq.
Bir neçə günlük vicdan əzabı və iztirabdan sonra növbəti nəticəyə gəldim: arvadınız dosta çevrilirsə, onda dostunuza arvadınız olmağı təklif etmək vaxtıdır.
— Niyə gələcəyimiz haqda narahat olmadan bugünlə yaşamırsan?
— Çünki bizim gələcəyimiz yoxdur.
Birinci nigahda mükəmməllik axtarırsan, ikincidə həqiqət.
Məşuqəniz olmadan dörd-beş saat keçirdikdən sonra, onun üçün darıxmağa başlayırsınızsa, deməli, sevmirsiniz — əks halda on dəqiqəlik ayrılıq həyatınızı dözülməz hala salmaq üçün kifayət edərdi.
Arvadınız xəyanətinizdən xəbər tutmazsa, ona bunu etmək, elə də böyük pislik deyil.
Deyirlər, pis dövrlər yaxşı xatirələrə çevrilir, — belə olacağına inanmaq istərdim.
İstənilən Gözəllik İdbarlığa çevrilir, GƏNCLİYİN qisməti SARALIB SOLMAQDIR, HƏYATIMIZ — yavaş-yavaş ÇÜRÜMƏKDİR, biz hər GÜN ÖLÜRÜK. Xoşbəxtlikdən, Motsartımız var. Görəsən Motsart neçə insan həyatını xilas edib?
Seks böyük bir lotereyadır: iki nəfər ayrı-ayrılıqda bunu xoşalaya, birlikdə isə ləzzət almaya bilər.
Zira məhəbbət təkcə alternativ deyil: ya əzab çəkməlisən, ya da kimisə əzab çəkməyə məcbur etməlisən. Ola bilər ki, ikisi birdən olsun.
Çirkin qadın olmur, az araq olur.
Yalnızlıq nəsə biabırçı xəstəlik olub. Niyə hamı ondan uzaq qaçır? Əşi ona görə ki, yalnızlıq insanı fikirləşməyə vadar edir. Bizim dövrümüzdə Dekart «Mən düşünürəm, deməli, varam» yazmazdı. O deyərdi: «Mən təkəm, deməli, düşünürəm». Heç kim tək qalmaq istəmir: onda fikir üçün çox vaxt ayrılır. Çox fikirləşdikcə də, ağıllı, deməli, daha da kədərli olursan.
Yaxşı bir xəbər: dərd insanı arıqladır. Niyə bu pəhrizi heç kim reklam eləmir? Axı o, pəhrizlərin içində ən efektlisidir. Arıqlamaq üçün Depressiya. Çəkinizi azaltmaq istəyirsiniz?
Karla eşitmə qabiliyyəti ağır olan insan öz aralarında bizdən daha asan razılığa gələrdi.
Özümü mexaniki şeylərlə müqayisə eləməyi xoşlayıram. Çünki onları düzəltmək asandır.
İnsanların heç ağıllarına gəlmir ki, mən dərddən ölürəm. Onsuz da həmişə, hətta xoşbəxt çağlarımda da arıq olmuşam.
— Jüli, boşanmanın əsas üstünlüyü bilirsən nədir? Əllərini yuyursan və barmağında sabun qalmır...
— Hə? Niyə?
— Necə yəni niyə? Nişan üzüyünə görə.
Hamıdan çox qatı pessimistlər və abırsızlar sevir: bu onların xeyrinədir. Mənim abırsızlığım həyatın ondan üz çevirməyini gözləyirdi elə. Məhəbbəti inkar edənlər, ona ən çox ehtiyacı olanlardır.
Həyatımızın pyes olmağı yox, bu pyesdə iştirak edən insanların azlığı təəccüblüdür.
Fikirləşirsən ki, çətin olduğuna görə bir-birimizi sevirik? Belədirsə, ayrılmalıyıq. Sənsiz bədbəxt olmaq, sənlə bədbəxt olmaqdan yaxşıdır.
Əzabın elə həddi var ki, orda bütün qürur itir. Sənə yazmıram ki, gələsən. Yazıram ki, xəbərdarlıq edim: həmişə gözləyəcəm.
Diş pastasını özününkünə deyil, başqasının fırçasına sıxırsansa, dəqiq aşiq olmusan.
Qadın olmasa kişi vəhşiləşir: bir-neçə gün yalnızlıq və o, üzünü qırxmağı unudur, yuyunmağı yadırğayır, heyvan kimi mırıldayır. Sivilizasiyaya gəlib çatmaq üçün insana milyon il lazım olmuşdu, neandertal vəziyyətə qayıtmaq üçün isə altı gün kifayətdir.
Yuxuya getməmişdən qabaq, nəhayət, inqilabi hərəkət edirəm — saatımı çıxarıram. Məhəbbətin əbədi yaşaması üçün vaxtı unutmaq kifayətdir. Bu müasir dünya məhəbbəti öldürür.
Bayramlar insanlara ağıllarında olanları gizlətmək üçün verilib.
Kamal attestatı və ya sürücülük vəsiqəsi alanda imtahan verdiyimiz kimi evlənirik: həmişə içinə sığışmalı olduğun eyni çərçivələr. Hamı kimi. Necə olursa olsun HAMI kimi. Əgər hamıdan yaxşı alınmırsa, heç olmasa dala qalmamağa çalış, yoxsa, allah eləməsin, birdən hamıdan pis olarsan. Və bu, əsl məhəbbəti məhv edən ən yaxşı vasitədir.
Kumirlərin, prezidentlərin, incəsənətin, cinsin, dinin əlcək kimi dəyişildiyi dövrdə? Niyə də məhəbbət adlanan hiss ümumi şizofreniyadan istisna olaraq kənarda qalsın?
Məhəbbət məstedici qəzadır: divara girəcəyini bilə-bilə yenə də qaza basırsan; dodağında gülüş öz məhvinlə görüşə uçursan; maraqla partlayacağın dəqiqəni gözləyirsən. Məhəbbət əvvəldən proqramlaşdırılmış yeganə məyusluqdur, dəfələrlə istəyəcəyin yeganə bədbəxtlikdir.
Bax budur, cəmiyyətimizin ən böyük faciəsi: daha varlılara həsəd aparılmır. Onları piy basıb, onlar idbar və iyrəncdirlər. Arvadları özlərini çəkib durur, onlar üçün zindanlar fəğan edir. Kəndli zövqlü uşaqları iynələnir, «Qala» üçün poz verirlər. Bu gün varlılar pulun məqsəd yox, vasitə olduğunu unudublar. Sadəcə bilmirlər ki, o pullarla nə etmək lazımdır. Kasıbsansa, heç olmasa özünü inandıra bilirsən ki, guya pulun olsa, hər şey yağ kimi gedər. Varlısansa özünə deyə bilməyəcəksən ki, Cənubda yeni evin, yeni idman maşının, on iki minlik şuzun ya da maneken qadının olsa hər şey əla olacaq. Varlısansa özünü heç nə ilə təmizə çıxara bilmirsən. Bax bu səbəbdən milyonerlər prozak atırlar: zira heç kim onların yerində olmaq istəmir, hətta onların özləri də.
Qıza göz qoymusunuzsa, ona yaxınlaşın (məsafə 2 metr). O bu məsafədən sizin hələ də xoşunuza gəlirsə, onunla danışın (məsafə 1 metr). Danışdığınız mənasız şeylərə gülürsə, onu ya rəqsə, ya da içkiyə dəvət edin (məsafə 50 santimetr). Bundan sonra yanında oturun (məsafə 30 santimetr). Gözləri parıldayan kimi saçını qulağının arxasına keçirin (məsafə 15 santimetr). Əgər saçına əl vurmağa icazə verirsə, ona bir az daha yaxın əyilərək danışın (məsafə 8 santimetr). Nəfəsi tezləşsə, dodaqlarınızı dodaqlarına sıxın (məsafə 0 santimetr). Əlbəttə, bütün bu strategiya bir məqsəd — məsafəni mənfiləşdirmək — güdür.
Sənsiz həyatım gözləmə zalıdır. Neon lampalarının işığında, linoleum döşəməli xəstəxananın gözləmə zalından da pis nə ola bilər ki? Məni buna məruz qoymaq insanlığa sığarmı? Üstəlik bu zalda təkəm, əzab çəkən, qanayan yaraları məni sakitləşdirə biləcək başqa heç kim yoxdur. Nə stollarda başımı qatacaq şəkilli jurnallar, nə həsrətin sonu olacağına ümid bəxş edən, nömrəli talonlar verən avtomatlar var. Dəhşət qarnım ağrıyır, qulluq edənim də yoxdur. Aşiqliyin vəziyyəti də elə budur: qarında ağrı və yeganə dərman — sən.
Alisa. Hardan bilərdim ki, bu ad həyatımda belə yer tutacaq. Bədbəxtlik haqda eşitmişdim, ancaq bilmirdim ki, onun adı Alisadır. Alisa, səni sevirəm. Bu sözlər ayrılmazdır. Sənin adın Alisa deyil, «Alisa-mən-səni-se-vi-rəm»dir.
Əvvəl nigahları belə eşqbazlıqla dağıtmaq olmurdu. Bugün nigahlar eşqbazlıq olub. Dünyaya göz açdığımız cəmiyyət xudbindir. Sosioloqlar bunu fərdiyyətçilik adlanır, halbuki, daha asan izahı var: biz tənhalıq cəmiyyətində yaşayırıq. Nə ailə, nə kənd, nə Allah var. Əcdadlarımız bizi artıq hər şeydən xilas edib, əvəzində isə televizoru qoşublar.
Sevən insan sonu olmayan sözlər yazır, nöqtə qoymağa vaxtı olmur, yazmaq lazımdır, elə hey yazmaq, öz ürəyindən qabağa qaçmaq, cümlələr uzanır, uzanır, məhəbbətin punktuasiyası yoxdur, ehtiras gözyaşları ilə süzülür; sevəndə mütləq yazırsan və dayana bilmirsən.
Bu gün pulu olanın vaxtı yoxdur, vaxtı olanın pulu. İşi atmaq, işsizin işə düzəlməyi kimi çətindir. İşsiz cəmiyyətin bir nömrəli düşmənidir.
— Məhəbbət...yaşamağa dəyən yeganə şey.
— Bəs uşaqlar?
— Heç vaxt! Bu dünyada uşaq doğmaq? Cinayətdir! Xudbinlikdir! Narsislikdir!
— Mənlə qadınların arasında uşaqlardan daha yaxşı şey törəyir: kitablar.
Zirvələr fəth edib, dibə çökməyən, göydən hazır düşən məhəbbət üç il yaşayır. Sevgililərin hər ikisi məhəbbətin qiymətini bilirsə, o çox yaşayır.
Mənbə: Kitabı karandaşla oxuyanlar
Məqalənin orijinalı: Frederik Beqbeder “Məhəbbət üç il yaşayır”