Adil Şıxəliyev

Adil Şıxəliyev

Çox-çox qədimlərdən Misirdə, Yunanıstan və Romada, Amerikada və Uzaq Şərqdə, o cümlədən də, Avropadageniş yayılmış qobelenin-şpalerin Azərbaycanda yalnız XX əsrdə peyda olması daha çox yerli əhalinin ona o qədər də mənəvi-bədii ehtiyacı olmamağından irəli gəlmişdi. Başqa sözlə desək, dünyanı, o cümlədən də, adları çəkilən uzaq-yaxın məmləkətlərin bazarlarını fəth edən xalça-palazlar hazırlamağa qadir olan xalq daha çox məşhur rəssamların tablolarının toxuculuq nümunəsi variantını ərsəyə gətirməklə məşğul olan qobelen estetikasını özünə yaxın buraxmamışdı.
İyirmi yüzilliyin ikinci yarısında ölkəmizdəki orta və ali təhsil ocaqlarında toxuculuğun bizlərə qeyri-ənənəvi görünən növlərinin tədrisindən sonra bədii məkanda qobelenlər görünməyə başladı. Ötən əsrin yetmişinci illərində Azərbaycan sərgilərində görünməyə başlayan qobelenə maraq göstərən və bu sahədə fərdi yaradıcılıq potensialını sınaqdan keçirən gənclərdən biri də Adil Şıxəliyev idi.
Məşhur "Əzimzadə məktəbi”ndə təhsilini başa vuran gənc rəssamın göz açıb gördüyü Quba xalçalarına məhəbbətinin yerini qobelenin tutmasının sirri nə qədər gizli qalsa da, bu gün duyulası zaman distansiyasından bunun Adil Şıxəliyevin bu sahədə nələrisə etməyə qadir olmasına inamı ilə bağlılığı ilə izah etmək mümkündür. Qənaətimizcə, onun qobelen sevgisinin kökündə klassik xalça estetikasında hifz olunan «müdrik”liyə və düşündürü”cülüyə cəlbedici emosionallıq qatmaq, onun ənəniviləşən hamar səthini hiss-duyğuların ifadəçisinə çevirmək istəyi də vardı.
Psixoloji yaşantılar
Sənətkarın yarım əsrə çatan yaradıcılıq yolunu bütünlükdə dəyərləndirməli olsaq, onda ərsəyə gətirdiyi qobelenlərin özündə həm şərqli emosionallığını, həm də tamaşaçısının duyğularını pərvazlandırmaq, çox vaxt da düşündürmək gücünü görmək olar. Bu qobelenlərin zənginliyi ilk baxışdan duyulan „bədii-texniki estetik xəritəsi”ndə şaşırdıcı bədii şərhlərə rast gəlmək mümkündür. Başqa sözlə desək, görünənlərdə ənənəvi qobelen-şpaler fakturası yox, “enişli-yoxuşlu”, çox vaxt təzadı bədiiliyin əldə olunmasına yönəli toxunma improvizələri mövcud idi. Ən başlıcası isə bu forma-biçim dəyişikliklərinin məna-məzmunun bədii və təsirli tutumda tamaşaçıya çatdırılmasına xidmət etməsi idi. Odur ki, Adil Şıxəliyev üçün qobelendə hansısa mövzunu bədiiləşdirə bilməmək qorxusu yox idi. Bunu onun həyatımızın ən müxtəlif sahələrinə, ən incə və ən ağrılı mövzulara həsr olunmuş əsərləri də təsdiqləyir...
Adil Şıxəliyevin xalqımızın tuş gəldiyi faciələrə göstərdiyi yaddaqalan bədii münasibət həm də onun sənətkar-vətəndaş mövqeyinin necəliyini sərgiləyir. Rəssamın zamanında – hadisələrdən çox az sonra yaratdığı „20 Yanvar” və “Xocalı” qobelenlərdə yaşanan dəhşətli hadisələrin bədii şərhi kifayət qədər rəmzi-şərti tutumda ifadə olunmuşdur. Bununla belə, kompozisiyaların detal-atribut düzülüşündə, onların rənglə qabardılmasında həmin faciələrin ifadə edə biləcəyi ağrılar duyulmaqdadır. Müxtəlif miqyaslı sərgilərdə uğurla nümayiş olunan bu əsərlərdə təcavüzkarlara göstərilən bədii etirazda həm də xalqımızın arzu-istəyi hifz olunduğundan onların zamansızlığa qovuşmuş kimi qəbul olunurlar.
Psixoloji yaşantılar
Rəssamın bir müddət sonra yaratdığı „Ruhların fəryadı” əsəri isə zaman-zaman yaşanan faciələrimizə “bədii ağı” kimi qəbul olunur. Bəyaz rənglə ifadə olunmuş „ruh”ları çoxsaylı insan kəllələri ilə qoşalaşdıran müəllif, bütünlükdə görüntünün alov şəklinə düşməsini əldə etməklə, faciələrin insanları yandırıb-yaxan hadisə kimi heç vaxt unudulmayacağını hamıya xatırladır...
Yuxarıda qeyd etdiyimiz kimi Adil Şıxəliyevin yaradıcılığı mövzu baxımından kifayət qədər müxtəlifdir. Rəssamın bədii saxlancında yer alan “Öndər”, „Yeni Azərbaycan”, “Din xadimi”, „Məhsul bayramı”, “Duz gölü”, „Qoç”, “Səhər”, „Yağış”, Şahmat”, “Pəncərə”, „Qubalı Fətəli xan”, “İstirahət”, „Lalələr”, “Nənəmin nağılı”, „Qırmızı öküz” və digər qobelenlər vurğuladığımız rəngarəngliyi təsdiqləyir.
Bu saxlancda həm müxtəlif tutumlu süjetli kompozisiyalara, həm də çox vaxt gözümüzdə adiləşən motivlərə özünəməxsus münasibət duyulmaqdadır. Həmin əsərlərin diqqətçəkən xüsusiyyəti müəllifin ən ciddi mövzulara belə lirik-poetik bədii şərh verə bilməsi, onları tamaşaçını duyğulandıra biləcək estetik qaynağa çevirə bilməsidir. Bu mənada, müəllifin “Yeni Azərbaycan” qobeleni diqqət çəkir. Ölkəmizin xəritəsini, „Yeni Azərbaycan” partiyasının emblemini və Ulu öndərin portretini süjetin əsas dominantına çevirən rəssam, bölgələrimizi səciyyələndirən sərvətləri ümumiləşdirilmiş şəkildə görüntüyə gətirməklə, ən başlıcası isə görüntünü bəyaz-mavi koloritdə təqdim etməklə, kompozisiyanın cəlbedici və duyğulandırıcı tutum almasına nail olmuşdur...
Onun zaman-zaman müraciət etdiyi portretlərdə də təsvirin ikonoqrafik dəqiqliyinin əldə olunması ilə yanaşı, obrazların səciyyəvi cizgilərinin təsirli bədii-texniki vasitələrlə təqdimatı duyulası önəm kəsb edir. Onun müxtəlif illərdə yaratdığı “Ulu öndər”, „Din xadimi” və “Qubalı Fətəli xan” portretləri bu məziyyətlərinə görə diqqət çəkir...
Psixoloji yaşantılar
Adil Şıxəliyevin „Duz gölü” əsərində isə onun çox incə müşahidə qabiliyyətinə malik olduğuna şahidlik etmək mümkündür. Gölətrafı mənzərəyə qalalanmış duz təpələrinin arasından göz qoyan müəllif, bununla həm təbii sərvətin toplandığı məkanın bozumtul-bənövşəyi rəng çalarlarından “boylanan” və ilk baxışda cəlbedici görünməyən özünəməxsus gözəlliyini və gölü əhatələyən mənzərənin gözoxşayanlığını tamaşaçıya çatdıra bilmişdir...
Üfüqi kompozisiyalı „Nənəmin nağılı”nda görünənlərin fraqmentsayağı təqdimatında çox uzaqlarda qalan xatirələrin hissə-hissə xatırlanması və göz önünə gəlməsi ilə assosiyasiya-anım yaradacaq məqamlar kifayət qədərdir. Odur ki, işıqlı xatirələrin fonunda canlandırılanlar da parçalardan “hörülmüş” qurama şəklindədir...
Adil Şıxəliyevin „Yağış”, “Səhər”, „Çiçəklər”, “Lalələr” və digər bir neçə əsərində təbiət motivləri ilə çoxqatlı insan yaşantıları arasında yaranan əlaqənin-vəhdətin daşıdığı estetik yükdə lirik duyğulara bələnmiş rəng çalarlarının daşıdığı dəyərlər çox gözoxşayandırlar...
Rəssamın „Qoç” və “Qırmızı öküz” əsərlərində motivin açımına və təsirliliyinin gücləndirilməsinə yönəli tətbiq olunan bədii-texniki effektlər də yaddaqalandırlar.
Onun bir çox əsərlərinin bədii-fəlsəfi tutum daşıması da ilk növbədə müəllifin bizi əhatə edən gerçəkliyə bədii-düşündürücü münasibətinin nəticəsidir. Onun „Pəncərə”də qara və sarı rənglərin təzadından, “Qara və qırmızı”da isə bir-biri ilə uyuşmayan çalarların „toqquşma”sından yaranan görüntüdə sətiraltı işarənin mövcudluğu duyulandır. Rəngləri mənalandırmağa nail olan sənətkar, bununla da tamaşaçısını adi seyrçidən, ciddi təhlilçiyə çevirməyə nail olmuşdur.
Onun qobelenin ifadə imkanlarının bolluğunu ən mürəkkəb mövzuların açımına yönəltməsində yüksək sənətkarlığının görünməsi də ilk növbədə illər ərzində topladığı təcrübənin məntiqlə bizimlə paylaşmasının ifadəsidir. Adil Şıxəliyevin çox vaxt rəng palitrasında gözlənilməz çalarlara rast gəlinməsi də, ilk növbədə iplərin bilavasitə rəssamın özü tərəfindən rənglənməsindən irəli gəlir...
Ötən il 60 illik yubileyini altmış əsəri nümayiş olunan fərdi sərgi ilə qeyd etmişdir. Bu yaradıcılıq hesabatı Adil Şıxəliyevin Azərbaycan qobelen sənətinin liderlərindən biri olduğunu təsdiqləmişdir. Ötən ay onun Çində keçirilən “İpək yolu və dünya sivilizasiyası” adlı VII Beynəlxalq Byennaledə uğurlu çıxışı, yaratdığı „İpək yolu” əsərinin tamaşaçıları ovsunlaması da göstərir ki, ömrünün yetmişinci baharına qədəm qoyan hələ bundan sonra da unikal tutumlu qobelenləri ilə bizə heyrətləndirmək gücündədir...
 
 
Müəllif: Ziyadxan Əliyev
Top