Ölüm bütün vaxtlarda gözlənilməz olur. Elə bənzərsiz əsərləri ilə müasir Azərbaycan təsviri sənətində dərin iz salmış Xalq rəssamı, professor Cəmil Müfidzadənin (1934-2019) qırx gün əvvəl dünyasını dəyişməsini də respublika ictimaiyyəti – çoxsaylı həmkarları, dostları və tələbələri bu cür qəbul etdilər. Bu ilk növbədə onun iki qərinəlik yaradıcılığı ərzində beynəlxalq miqyasda xalqımıza başucalığı gətirən əsərlər yaratmaqla hamının məhəbbətinin qazanmasının nəticəsi idi...
Bu sevginin qaynaqlarına nəzər salsaq, onda deməliyik ki, Bakıda məşhur "Əzimzadə məktəbi”ndə, Xarkovda isə Dövlət Rəssamlıq İnstitutunda ixtisas təhsil alan rəssam, ötən əsrin altmışıncı illərindən başlayaraq bu günümüzə kimi yaradıcılıqla məşğul olmuşdur. Öncədən deyək ki, o, bir çox yaradıcılarla birlikdə Azərbaycan incəsənətinin XX yüzilliyin ikinci yarısına təsadüf edən inkişafında fəal iştirak etmiş, milli təsviri sənətimizi SSRİ və dünya miqyasında məşhurlaşdıran «altmışıncılar”ın sırasında olmuşdur.
Cəmil Müfidzadənin yaradıcılıq yolundan söz açmalı olsaq, öncə onun təhsilsonrası topladığı qrafik bədii-texniki vərdişlərdən „yoğrulmuş“ professionallıq saxlancını arzularının gerçəkləşməsinə yönəltmək arzusunda olduğunu dilə gətirməliyik. Bu cür təbii niyyətin arxasında başqa bir adekvat arzunun — duyğularının özünəməxsus, başqalarına bənzəməyəcək tərzdə ifadəsinin durması isə heç şübhəsiz gənc rəssamdan bu vaxta qədər elədiklərinə ciddi, həm də tənqidi nəzər salmaq tələb edirdi. Yox, o, belə bir məqamda sələflərinə ağız büzməkdən uzaq idi. Ancaq o, təsirindən çox tezliklə çıxmağı arzuladığı Ukrayna məktəbi ənənələrindən uzaqlaşmaqla, bilavasitə özünü, sirlərlə dolu iç dünyasını ifadə etmək istəyirdi. Özü də duyğularını dünənlə bu günün vəhdətində təqdim etmək, mahiyyətcə milli-bəşəri, formaca ənənə ilə müasirliyin qovşağına nail olmaq istəyirdi. Bu bir tərəfdən daxili tələbat olsa da, digər tərəfdən artıq 60-cı illərdə Azərbaycan təsviri sənətində, başqa sözlə desək, az qala qonşuluğunda T.Salahov, T.Nərimanbəyov, M.Mircavadov, Ə.Rzaquliyev, S.Bəhlulzadə və R.Babayev kimi rəssamların sovet incəsənətində aparıcı hesab olunan, daha çox isə gerçəklikdən uzaq olan, hər şeyi ideal, „ütülənmiş“ görkəmdə təqdim etmək istəyən „sosialist realizmi“ bədii prinsipləri çərçivəsini qıran, onun genişləndirilməsində haqlı olduqlarını nəzarətçi-ideoloqlara sübut etməyə çalışanların mövcudluğu ilə bağlı idi, desək, yanılmarıq. Başqa sözlə desək, bu məqamda ən önəmli cəhət rəssamın varlığında həm də onu əhatə edən hər şeyə yaradıcı adam üçün çox vacib olan yeni gözlə baxmaq istəyinin qərar tutması və bunu reallaşdırmaq üçün bilavasitə Azərbaycan rəssamlığındakı müasirləri arasında nümunə götürüləcək yaradıcıların mövcudluğu idi. Odur ki, ilk olaraq duyğularını qanadlandırmaq üçün o, ona daha yaxın olan Abşeronu gəzir. Özünün bu sətirlərin müəllifilə söhbətindən məlum oldu ki, o, Bakıya geri qayıdandan sonra özünəməxsus təbiəti ilə seçilən Abşerona yaxından göz qoymaqla, qızmar günəşin, güclü işıq selinin altında rənglərdən „küsmüş“ kimi görünən doğma torpağa bir yaradıcı kimi diqqət yetirmiş, çoxsaylı neft mədənlərinin, neft hopmuş torpağın iyi ilə nəfəs almışdır. Krujeva kimi sıralanmış buruqları, nəhəng çiçəklər kimi torpağa səpilmiş neft çənlərini seyr etmiş, özü üçün etibarlı və son nəticədə, davamlı ilham qaynağı tapmışdır...
Bir həqiqətdir ki, həyatda kiməsə, nəyəsə ali məhəbbət hisslərinin mövcudluğu hər şeyə başqa sözlə baxmağa məcbur edir. Məhz Cəmil Müfidzadənin doğma torpağa və onun ecazkar təbiətinə, yurdun əvəzsiz bəzəyi və qürur qaynağı olan tarixi abidələrə, yurda şöhrət bəxş edən sənaye obyektlərinə sevgisi belə ali, belə ülvi, başqa sözlə desək, bir az da Səttarsayağı olmuşdur. Onun dəfələrlə dünyanın yeni möcüzələrindən sayılan Neft daşlarına səfərlər etməsini, Azərbaycanın qədim və zəngin, möhtəşəm və təkrarsız memarlıq abidələri ilə tanışlığı, əcdadlarımızın gözünün nurunu, ürəklərinin və əllərinin hərarətini özündə yaşadan xalçaları və tikmələri, eləcə də daşoyma və misgərlik nümunələri, özündə tariximizi yaşadan Qobustan qaya rəsmləri, ecazkar miniatür əsərləri ilə tanışlığını da bura əlavə etsək, gənc rəssamın çox qiymətli mənəvi dəyər toplusu qarşısında durduğunu söyləmək olar. Əslində, bəlkə də ,başqalarının görə bilmədiyi bu qədər tutumlu mənəvi qaynağı lazımınca dəyərləndirmək, rəssamın özünün dediyi kimi fərqli müasir və milli görkəmə gətirmək o qədər də asan deyildi. Başqa sözlə desək, o, sənətin əlçatmaz görünən zirvəsinə doğru uzanan çox təzadlı, ancaq eyni zamanda duyulası dərəcədə maraqlı yaradıcılıq axtarışlarından keçəcək uzun bir yola çıxmaqda idi. Belə bir vaxtda israrının davamlı olmasına yeganə dayaq verən gənc müəllifin özünə sonsuz inamı idi...
Onun zamanın axarında doğma yurda həsr etdiyi „Bakı albomu”, “İçərişəhər”, „Abşeron nefti” və “Xınalıq” silsilələrini əhatə edən əsərlərin timsalında əminliklə bu inamın „göyərdiyi”ni söyləmək mümkündür. Bununla yanaşı rəssam dünyanın bir çox ölkələrinə baş tutan yaradıcılıq səfərlərini də sənətsevərlər tərəfindən çox maraqla qarşılanmış qrafik silsilələrdə əbədiləşdirmişdir. Onun “Monqolustanda”, „Misir təəssüratları” və “Şimal” silsilələri belə yaranmışdır.
O, yaradıcılığında milli bədii qaynaqlara tapınan rəssamlardan olmuşdur. Onun əski nümunələrimizə münasibəti səthi olmayıb, əsl yaradıcı mahiyyət daşıyır. Elə bunun sayəsində də əsərlərində milliliklə yanaşı, müasirlik və zaman kateqoriyası da nəzərəçarpan və duyulandır. Belə ki, rəssamın özünəməxsus təfsirində həm müəyyən məkanın gözəlliyi, həm də insan əli ilə dəyişən müasir görkəmi daha ecazkar görünür. Bəzən adama elə gəlir ki, rəssamda haradasa tez-tez üz-üzə qaldığı naturaya qarşı inamsızlıq yaranıb və o, görünənlərin real-təbii rənglərindən daha çox, təxəyyülün nəticəsi kimi təqdim etdiyi duyğulandırıcı rəng həllinə, süjetin düşündürücü obrazlı təfsirinə etibar edib.
Cəmil Müfidzadə bir qayda olaraq həyat hadisələrinin təsvirində bilərəkdən reallıqla qeyri-reallıq arasında duyulası bir məsafə saxlamağa çalışır. Onun özümlü bədii şərhi, ifadə tərzi də elə bu ilğım gücünə malik sirli „məsafənin” mövcudluğunda aşkarlanır. Bunun nəticəsi olaraq çox vaxt rəssam təsvir obyektlərini əsərlərinə özünün qavradığı, görmək istədiyi biçimdə gətirir. Bu cür təfsir təsvir motivlərini adilikdən çıxarmağa imkan verir. Rəssamın tətbiq etdiyi duyulası bədii ümumiləşdirmələrə, rəng-cizgi improvizələrinə baxmayaraq, onu da demək lazımdır ki, bizə təqdim olunan hər bir özündə tarixi keçmişi yaşadan memarlıq motivinin də, poetik-romantik sənaye mənzərəsinin real prototipi vardır.
Onun əsərləri işləmə manerasına, kompozisiya biçiminə görə də orijinal olub, heç kimi xatırlatmır. Onları diqqətlə nəzərdən keçirdikdə rəssamın dəst-xəttinin tədricən dəyişdiyi, yeni bədii keyfiyyətlərlə zənginləşdiyi də açıq duyulur. Həmişə cəlbedici görünən və yeniləşən bu ifadə tərzini əvvəllər nə qədər lakonik forma-biçim, təzadlı işıq-kölgə həlli səciyyələndirirdisə, vaxt axarında onlar tədricən çox zərif, ovsunlayıcı naxışları andıran cizgilərlə əvəz olunub. Sonrakı illərdə bədii forma bütövlüyü, axıcı xətlərin dinamikliyi, fakturanı cəzbedici və duyulan edən qarışıq texnikanın tətbiqi son nəticədə, özünəməxsus bədii şərh məcmusu yaratmaqla rəssamın sonrakı dövr yaradıcılığının “tanınma nişanı”na — bədii-texniki ifadə vasitəsinə çevrilib.
O, yeganə qrafiklərimizdəndir ki, təhsil illərində qazandığı texniki-bədii vərdişləri həmişə praktikada davam etdirmişdir. Onun əsərlərini davamlı olaraq müxtəlif texnikalarda yaratması da bunu təsdiqləyir. Rəssam uzun illərdir ki, yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Uzun illər ərzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının „Qrafika” kafedrasında çalışan Cəmil müəllim bu ali təhsil ocağının professoru idi. Yaxşı haldır ki, görkəmli sənətkar əldə etdiyi zəngin texniki-bədii təcrübəni və dünya praktikasında ofort texnikasının yerini özündə cəmləşdirən “Ofort” adlı dərslik yazmış, bu texnikanın bundan sonra gənclər tərəfindən davam etdirilməsi üçün tutumlu mənbə yaratmışdır…
Rəssamın zəngin qrafik irsi ilə tanışlıq göstərir ki, Cəmil Müfidzadə sənətdə artıq öz sözünü demiş və sənətkar „mən”ini təsdiqləmiş yaradıcı simalardandır. Odur ki, bundan sonra artıq zamanın sərt sınağından çıxdığını da sübut edən bu əvəzsiz milli-mənəvi dəyərlərin Azərbaycan təsviri sənətinin ayrılmaz tərkib hissəsi kimi qalacağı və dəyərləndiriləcəyi birmənalıdır.
Müəllif: Ziyadxan Əliyev
Mənbə: artkaspi.az