Təsviri sənət tarixinin bir-birindən maraqlı səhifələrində bu sahədə yaradıcılıqla məşğul olanların rənglərə bir-birindən fərqli münasibətlərinə şahidlik etmək mümkündür. Belə imzalar dünya rəssamlığında olduğu kimi, milli bədii məkanımızda da kifayət qədərdir. Elə bu səbəbdən də təsviri sənətimizin rəngkarlıq məkanı duyulası dərəcədə cəlbedici və duyğulandırıcı görünməkdədir. Çoxları rənglərə münasibətini lokal şəkildə, açıq-aydın biçimdə sərgiləyir, bəziləri isə ürəyinin duyğularını rənglərin alt qatında hifz olunmuş bir görkəmdə ifadə edir, Belə əsərlərin çox vaxt zahiri görkəmi «aldadıcı” olur, lap aysberq kimi. Elə bu gün əsərləri barəsində söz açmaq istədiymiz Xanımbacı Məmmədova da belə yaradıcılardandır…
Bu gün onun müxtəlif janrlı və məzmunlu əsərlərində müəllimləri K.Xanlarov, B.Maratlı, K.Ramazanov, eləcə də B.Mirzəzadə, M.Abdullayev, F.Haşımov, A.Əsgərov və V.Ağayevin birbaşa təsiri görünməsə də, dəstixətti bir-birindən fərqlənən bu məşhur sələflərinin ona verdiyi düzgün istiqamətin uğurlu nəticələri istedadlı xələfin fərdi estetikaya malik tablolarında duyulmaqdadır. Yeri gəlmişkən deyək ki, hələ ali məktəbi bitirərkən işlədiyi „Novruz bayramı” adlı diplom işində gənc rəssam artıq özünün gələcək yaradıcılıq kredosunun işartılarını sərgiləmiş, müəllimlərində uğurlu gələcəyinə böyük ümid yaratmışdı...
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunan və yerli və beynəlxalq sərgilərdə davamlı iştirakı ilə kifayət qədər tanınan Xanımbacı Məmmədova bu ümidləri artıq doğrultmuşdur, desək, yanılmarıq. 2018-ci ildə Bakıda baş tutan ilk fərdi sərgisi də onun rəngkar potensialının nəhayətsiz olduğunu bir daha təsdiqləmişdir.
Zamanında məşhur ustadlardan boyaların bədii-texniki imkanlarını və fəlsəfi-psixoloji yük daşıyıcılığının sirlərini əxz edən rəssamın Rəsul Rzanın “Ağrının, sevincin, ümidin də rəngi var...” deyiminə tapınaraq, həyatımızın görünən və görünməyən qatlarına özünəməxsus „bədii güzgü” tutmağa qərar verməsi, əslində onun yaradıcı “mən”ini əyaniləşdirməyə imkan verdi, desək, yanılmarıq. Qənaətimizcə, bunu şərtləndirən başlıca səbəb onun hər bir əsərinin yaranmasına çoxlarından fərqli yanaşmasıdır.
Etiraf edək ki, müxtəlif mənbələrdən „iqtibas”ların epidemiya kimi yayıldığı müasir təsviri sənətimizdə fərdi bədii məziyyətlərin təzahürü duyulası dərəcədə azdır. Çoxlarının kimlərdənsə “ilhamlanmaq” mərəzini „sənət axtarışı” kimi qəbul edənlərdən fərqli olaraq Xanımbacı Məmmədova, molbert qarşısında həmişə səmimi olmağa çalışır. Çox vaxt da onun bu səmimiliyi hamıya yaxşı tanış olan mövzulara yönəli olduğundan, gəlinən gözlənilməz bədii nəticələr həmkarlarına qəribə görünür. “Hamı baxır, ancaq hamı görmür” deyiminin istedadlı rəngkarın əsərlərində elə yeni təfsirinə rast gəlirik ki, bunu yalnız ruhunda daşıdığı yaratmaq gücünün hesabına ərsəyə gətirməyin mümkünlüyünə bir daha inanırsan. Onun müxtəlif janrlı „Xəyallarım”, “Kənd motivi”, „Bağ natürmortu”, “Balıq”, „Pələng ili”, “İstirahət”, „Kamança” “İçərişəhər”, „Melodiya”, “Harmoniya”, „İntizar xanım”, “Avtoportret”, „Göyərçinlərlə qız”, “Görüş”, „Gimnast qız”, “Rəssamın portreti” və s. tablolarındakı ovqat daşıyıcılığında bunun ifadəsi qabarıq hiss olunmaqdadır.
Rəssamın ötən il çəkdiyi „Kənd motivi” tablosundakı adiliyin yuxarıda da vurğuladığımız səmimiliyə bələnmiş tutumda təqdimatı, müəllifin gözəllik qaynaqları axtarıb tapmaq və onu özünəməxsus tərzdə mənalandırmaq bacarığı duyulmaqdadır. Abşeron kəndlərinin birində tuş gəldiyi mənzərənin estetikasında adiliklə yanaşı, həm də cəlbediciliyi duyan müəllifin kənd motivinin bənzərsizliyi ilə seçilən ümumiləşdirilmiş obrazını yaratması diqqətçəkəndir. Zümrüdü yaşıllıqda qərarlaşmış hünd quşlarının bəyaz əski tikili ilə vəhdəti çox cəlbedicidir. Əsərin rəng estetikasında miniatürlərimizlə səsləşən rəng yığcamlığında və dekorativ-şərti bədii şərhində motivin romantik ruha kökləndirilməsi meyli görünməkdədir. Odur ki, bəyaz, zümrüdü və qara rəngin qovşağında müşahidə olunan miniatürsayağı təzadında — səthlərin bütövlüyünü şərtləndirən harmoniyasında səmimiliyi qabardan bədii işartıların cəlbediciliyi hiss olunmaqdadır...
Müəllifin “Avtoportret” əsərinin romantik ifadə tərzinə isə nə qədər şərtiliyin gücləndirilməsi hakim olsa da, kolorit dekorativliyinin bədii bütövlüyə yönəli məcmusunda rəngin alt qatının təsir gücünə tapınmaq istəyi görünməkdədir. Elə tablonun yığcam, daha dəqiq desək, insan yaşantılarının düşündürücülüyünü şərtləndirən bəyaz, qara, göyümtül və bənövşəyi rəng çalarlarında iç dünyası ilə baş-başa qalan yaradıcının psixoloji auraya bələndiyi hiss olunmaqdadır. Bu çətin durumun rənglərlə ifadəsində — rəssamın profil təsvirli pozasında psixoloji durumun cəlbediciliyinə nail olunmasını heç şübhəsiz, ilk növbədə müəllifin fərdi və fərqli yaşantılarına nüfuzetmə gücünün özünəməxsus-çoxqatlı olmasının ifadəsi saymaq olar. Portretin ümumi bədii həllində müşahidə olunan ifadəli siluet, axıcı ritm və bədii lakonikliyi müəllifin klassik bədii ənənələrimizə yaradıcı münasibətinin görüntüsü saymaq olar...
Rəssamın „Kamança” (2018) əsərində bir çox əsərlərindən qırmızı xətt kimi keçən “rəng aysberqliyi”nin qabarıq ifadəsini görmək mümkündür. Ənənəsinə sadiq qalan müəllif qırmızı rəngi yığcam — sumağı, tünd bənövşəyi və bəyaz çalarlardan „hörülmüş” bədii çələngin dominantına çevirməklə, əsərin daşıdığı yükün “aysberqliyi”nin məhz onda qərarlaşdığını vurğulamışdır. Kamançanın çanağından ifaçının əlinə qədər uzanan „qırmızılığa” qadağadan uzaq məna-məzmun yükü verən müəllif, barmaqların ruhuna təslim edilmiş simlərin yanğı ifadəsinə kökləndiyini, musiqiçinin üz cizgilərinin tarıma çəkilmiş görkəmində ifadə etmişdir...
Xanımbacı Məmmədovanın yaratdığı portretlər qalereyasında ən müxtəlif peşə adamlarının obrazlarına rast gəlmək olar. Diqqətçəkən məqam, müəllifin kətanda əbədiləşən insanların ikonoqrafik oxşarlığının əldə olunmasından daha çox, onların əhatələndikləri həyata münasibətlərinə bədii tutum verməsidir. Rəssam bunu bəzən “təklənmiş” obrazların bələndikləri aləmin atributları, çox vaxt da „dərd”ləşdikləri əşyaların yaratdığı aura ilə əyaniləşdirmişdir. Dilə gətirdiklərimizin çoxqatlı mənəvi dəyərə çevrilməsi isə, bilavasitə, rəssamın hər bir əsərin “estetik xəritəsi”ni aysberqvari rəng qatına bələməsi sayəsində baş tutmuşdur. „Ney çalan qız”(2018), “Skripkaçı”(2017), „Gözlənti” (2016)) və s. əsərlərində vurğuladığımız məziyyətlər müşahidə olunmaqdadır...
Bütün rəssamlar kimi çox geniş yayılmış natürmort janrına vaxtaşırı müraciət edən X.Məmmədova, bu janrın da “estetik xəritəsi”ni genişləndirməyə səy göstərdiyini sərgiləməyə nail olmuşdur. Onun „Bağ natürmortu” (2019) və “Xrizantemalar” (2019) adlı əsərlərində digər janrda çəkilmiş işlərində müşahidə etdiyimiz forma-yaxı ekspressivliyinə rast gəlinməməsi də məqsədli olub, təqdim olunan əşyaların duyğulandırıcılığını daha görünən etmək istəyindən irəli gəlmişdir. Bu cür bədii yanaşmanın əksinə onun çəkdiyi mənzərələrdə rast gəlmək mümkündür. Müəllifin „İçərişəhər” (2018) və “Yay motivi” (2020) tablolarında yaxı ekspressivliyindən qaynaqlanan ümumi bədii-estetik tutumda cəlbediciliklə yanaşı, onu həm də ovqatyaradıcı mənəvi dəyərin mövcudluğu qabarıq görünür. Bu əsərlərin uğur qazanmasında ürəkaçan koloritin də böyük təsiri vardır...
Rəssamın yaradıcılığında süjetli kompozisiyalar bir o qədər çox olmasa da, indiki halda onun bədii irsində yer almış belə əsərlər onun bu yöndə bədii potensialının kifayət qədər geniş olduğunu təsdiqləyir. „İstirahət” (2019), “Xəyallarım” (2019), „Göyərçinlərlə qız” (2015) və digər lövhələrində maraqlı formatlara özünəməxsus bədii tutum verən müəllif, yığcam detallı bu bədii nümunələri düşündürücü mənəvi qaynağa çevirə bilmişdir. Bu əsərləri bütünlükdə yaşantı məcmusu da adlandırmaq olar. Belə ki, adlarını çəkdiyimiz tabloların qəhrəmanları tuş gəldikləri, baş-başa qaldıqları vəziyyətlərdə gah özlərini ifadə etməkdə, gah da tamaşaçını düşündürə biləcək tutumdadırlar. Çox vaxt estetikasında dekorativ-romantikanın qabarıq duyulduğu bu əsərlərin məna-məzmun tutumunda – obrazların zahirən donuq görünən pozalarında da daxili gərginlik duyulmaqdadır. Başqa sözlə desək, onların hər biri özünün həm də dialoq yaratmaq gücünü sərgiləməkdədir. Bu isə əsərlərin yalnız zamansızlığa qovuşduğu hallarda baş verir. Yaxşı haldır ki, hazırda müstəqil yaradıcılıqla yanaşı, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Xanımbacı Məmmədovanın bədii irsində belə əsərlər çoxdur və bu da bizdə onun yaxın gələcəkdə daha uğurlu əsərlər yaradacağına ümidlərimizi artırır...
Mənbə: artkaspi.az