Qeysər Kaşıyeva

Qeysər Kaşıyeva

Azərbaycanın ilk peşəkar qadın rəssamlarından olan Qeysər Seyfulla qızı Kaşıyeva 1893-cü il iyun ayının 7-də Tiflisdə anadan olmuşdur. 1907-1908-ci illərdə Qafqaz İncəsənətinin Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq sinfində oxumuşdur. O dövrün tanınmış rəssamları sayılan R.Zommer və O.Şmerlinqdən dərs alan Qeysər xanımın yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə zəngindir. Qeysər Kaşıyeva
Yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib etmişdir. 1907-1915-ci illərdə akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm, portret və mənzərələr (“İ.Qonçarovun portreti”, 1909, “Azərbaycan ziyalısı”, 1912, “Göl sahili”, 1914, “Küpəgirən qarı”, 1915) çəkmişdir.
1918-ci ilin sonlarında müstəqil Azərbaycan Demokratik Respublikası yaradıldıqdan sonra Bakıya gəlmiş, gənc respublikanın mədəni həyatında iştirak etmiş, qadınlar arasında maarifçilik fəaliyyətilə məşğul olmuşdur. Onun sulu və yağlı boya ilə çəkdiyi əsərlərin arasında “Ziyalı qadın”, “Qoca keşıkçi”, “Gürcü qızı”, “Ovçu”, “Yanğınsöndürən”, “Qoqolun portreti” və s. realizm ənənələrinə tapınan əsərləri özünəməxsus icra sənətkarlığı ilə seçilir. Q.Kaşıyeva Azərbaycan Xakq Çümhuriyyətinin görkəmli hərbiçilərindən olan general Şirin bəy Kəsəmənskinin həyat yoldaşı olmuşdur. Sovet hakimiyyəti illərində Əli Bayramov adına qadınlar klubunda çalışmış, “Şərq qadını” jurnalına illüstrasiyalar çəkmişdir. 1937-ci ildə repressiyalara məruz qalmış, sürgün olunmuş, 50-ci illərdə vətənə qayıtmışdır. Qeysər Seyfulla qızı Kaşıyeva 1972-ci il aprel ayının 17-də vəfat etmişdir. Q.Kaşıyevaya məxsus şəxsi əşya və bəzi eskizlər Milli Azərbaycan Tarixi Muzeyində, rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.
 
Mənbə: azhistorymuseum.az
Top