Azərbaycan milli rəngkarlıq məktəbinə Avropa ruhu gətirən, onu daha da zənginləşdirən XX əsrin görkəmli rəssamı Böyükağa Mirzəzadə olmuşdur. Görkəmli fırça ustası Böyükağa Mirzəzadə klassik ənənələrlə müasir rəngkarlıq üslublarını, Avropa rəngkarlığı ilə Azərbaycan təsviri sənətini böyük məharətlə uzlaşdıra bilmişdir.
Kompozisiya aydınlığı, işıq-kölgə həllinin təsirliliyi, kolorit zənginliyi, plenerə, impressionist ənənələrə hədsiz maraq rəssamın yaradıcılığının ən səciyyəvi xüsusiyyətlərindəndir.
Böyükağa Mirzəzadənin yüksək peşəkarlığı, təkrarolunmaz milli koloriti ilə seçilən natürmortları neçə-neçə nəslin estetik tərbiyəsində və zövqünün formalaşmasında mühüm rol oynamışdır.
Onun Abşeron torpağı, Xəzər dənizi, Qız qalası, Bakı şəhəri və şəhərətrafı kəndlərlə bağlı yaratdığı mənzərələr özünəməxsus kompozisiya həlli və koloriti ilə diqqəti cəlb edir. Rəssam vətənimizin dilbər guşələrini öz həssas təxəyyülünün parlaq boyaları ilə canlandırıb. Azərbaycan torpağının füsunkar gözəlliyi, təbii sərvətləri, onun qəhrəman övladlarının şücaəti sənətkarın yaradıcılığının ilham mənbəyinə çevrilmişdir.
Rəssamın yurdumuzun tarixi abidələrini əks etdirən tabloları tamaşaçıya milli qürur hissi aşılayır.
Böyükağa Mirzəzadənin portret janrında böyük ustalıqla yaratdığı rəngkarlıq əsərlərində tarixi şəxsiyyətlərin, elm və sənət adamlarının, sadə insanların daxili aləmi, xarakteri və mənəvi zənginliyi bütün dolgunluğu ilə öz əksini tapmışdır.
B.Mirzəzadə bir teatr rəssamı kimi müxtəlif tamaşalara bədii tərtibatlar hazırlayıb. Uzun illər Azərbaycan teatrında iyirmiyə yaxın tamaşaya səhnə tərtibatı vermiş görkəmli rəssamın müxtəlif sənətlərin sintezindən yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilir.
Müəllif: Kəmalə Cəfərzadə, Məhsəti Məmmədova
Mənbə: Təsviri İncəsənət 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik