Əzim Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olmuşdur. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində almışdır. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur «Molla Nəsrəddin» jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən «Molla Nəsrəddin», «Baraban», «Zənbur», «Tuti», «Kəlniyyət» və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.
Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri — xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.
O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma", «Kişi arvadını döyür», «Varlı evində toy», «Su üstündə dava», «Köhnə bakılılar» kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi. Bu mənada, o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən «Köhnə Bakı tipləri» və «100 tip» əsəri xüsusilə təqdirəlayiqdir.
Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin «Hophopnamə»sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan vermişdir. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunmuşdur. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə bilmişlər. 1920-1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan rəssamlıq texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olmuşdur.
Əzim Aslan oğlu Əzimzadə 1943-cü il may ayının 15-də Bakıda vəfat etmişdir. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılmış, evin yaxınlılığındakı bağda büstü qoyulmuşdur.
Mənbə: azteatr.musigi-dunya.az