Tahir Salahov

Tahir Salahov

Mövzu üzrə rəsm əsərləri geniş məzmunlu olduğu üçün bu kateqoriyaya tarixi, hərb və məişət səhnələri, insan həyatında gündəlik baş verənlər və ən aktual hadisələr, insanlara və təbiətə ümumiləşdirilmiş fəlsəfi baxışlar təsvir olunmuş əsərlər aid edilir. Bəzən bütün bu hadisələr bir əsərdə də cəmləşir. Rəssamın mövzu üzrə əsərlərdə qarşısına qoyduğu məsələlər müxtəlif olur.
Təsviri sənətdə süjetli tablo — ümumi mövzu və ya təsvir obyektlərini birləşdirən bədii əsərlərin məcmusudur. Tahir Salahov
Müasir dövrümüzün məşhur Azərbaycan rəssamlarından biri, ən çox süjetli əsərlərin yaradıcısı Tahir Salahovdur.
Tahir Salahov yaradıcılığında neft mövzusuna xüsusi yer verir. Bakı şəhəri — neftçi əməyinin romantik məkanı hesab edilir. Şəhər neftlə, neft hasilatı ilə sıx bağlıdır. Bu mövzu hər zaman rəssamları cəlb edib. O, dəfələrlə kətan üzərində Bakı neftçisinin obrazını yaratmışdır. Rəssamın V.I.Surikov adına Moskva Dövlət incəsənət institutunda müdafiə etdiyi “Növbədən qayıdanlar” adlı diplom işi də bu mövzudadır. Sankt-Peterburq Rəssamlıq Akademiyasının kolleksiyasında saxlanılan sənət əsərində iş növbəsindən qayıdan və addımlayan gənc fəhlələr təsvir olunmuşdur. Kompozisiya T.Salahov tərəfindən əsası qoyulmuş “sərt”2 üslubda işlənmişdir.
T.Salahovun əsərləri təkcə sənət bilicilərinin deyil, sadə insanların da diqqətini cəlb edir. Həyatın real və səmimi təsvir olunması əsl həqiqətləri üzə çıxarır, incəsənət vasitələrinə maraq yaradır. T.Salahovun neftçiləri mifik — qüvvətli qəhrəmanlar, monolit qayalar kimi təsvir edilib.
Neft mövzusunda əsərlərini yaratmazdan qabaq rəssam uzun müddət bu sadə neftçilərlə yaşamış, onlarla birlikdə “Neft daşları”na — buruq platformasına getmişdir. Əsərlərindəki obrazlar rəssamın tanış olduğu və dostlaşdığı neftçilərdir.
T.Salahovun “Abşeron qadınları” əsəri ana və bacıların dənizdə olan öz yaxınlarına görə keçirdiyi həyəcanı ifadə edir.
T.Salahovun neftçilərinin sərt görünüşləri əmək adamlarının taleyini, təbiətlərindəki sadəliyi, mətanəti, xeyirxahlığı ifadə edir. Rəssam üçün xırda bir detalın da böyük mənası var. Estakada, platforma və üzü küləyə gedən fəhlələrin təsvirində buna tez-tez rast gəlmək olar.
Tahir Salahovun Xəzərə marağı həyatı boyu səngimir və 2007-ci ildə çəkilmiş daha bir nəhəng əsəri — “Ənənələr və müasirlik: Odlar yurdu” adlı 6 metrlik triptixi neft mövzusunun kulminasiyası kimi baxılır. Bu əsər Azərbaycanın salnaməsi, memarlığımızın qədim dövrlərdən bu günədək olan tarixidir.
Tahir Salahov dünya mədəniyyətinin tanınmış simasıdır. Təsviri sənətə ehtiramla yanaşılan bütün ölkələrdə onun bu sənətə verdiyi töhfə yüksək qiymətləndirilir. T.Salahovun istedadı günəş, söz və iradə qədər güclüdür. Onun qəhrəmanı zamandır. Onun zamanı keçmiş və gələcək deyil, onların arasında əlaqə yaradan andır, bu gündür. Ona görə də T.Salahovun rəsmləri müasirlik-gənclik enerjisi və yüksək sənətkarlıqla çəkilib. Rəssamın əsərlərində bir maraqlı cəhət də var: onlar insana ümid və nikbinlik verir. Görkəmli rəssamın müdrikliyi də məhz bundadır. O, gəncliyə həsəd aparmadan, qocalıqdan qorxmadan həyata sevgi ilə çalışmağa üstünlük verir.


Müəllif:Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət 9 Ümumtəhsil məktəblərinin 9 cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik
Top