İşıq və rəng vurğunluğu | Oskar Klod Mone

İşıq və rəng vurğunluğu | Oskar Klod Mone

İmpressionizm dövrünün görkəmli sənətkarlarından biri fransız rəssamı Klod Mone idi. Monenin işıq və rəngə vurgunluğu onun çoxillik tədqiqat və eksperimentlər aparmasına səbəb olmuşdur. Təbiətin çox sürətlə, bir anda dəyişən çalarlarını kətan üzərinə köçürmək istəyi onun əsas məqsədi idi. O, Sena çayı boyunca, ona emalatxananı əvəz edən qayıqla hərəkət edərdi. Mone hava şəraitində daimi və lokal rənglərin olmadığını aşkar etmişdi. O, hava şəraitindən asılı olaraq daim dəyişən rənglərin ötəri təəssüratlarını təsvir etməyi qarşısına başlıca məqsəd qoymuşdu.
Klod Monenin “Laləli çəmənlik” tablosu impressionist rəssamların ilk sərgisində təqdim olunan əsərlərdəndir.Klod Monenin “Laləli çəmənlik” tablosu1. Ağaclar arasındakı ev. Tabloda arxa planda çəkilmiş ev üfüq xəttində yerləşir. Onun dam örtüyü tablonun arxa və ön planını bir-biri ilə əlaqələndirir, divarları isə tünd-yaşıl çəmən və səma arasında fərqi yumşaldaraq, sanki yüngül rəng keçidi əmələ gətirir.
2. Arxa plandakı fiqurlar. Əsərdə hərəkət hissini çatdırmaq istəyən Mone təpənin başında daha iki fiqurun təsvirini vermişdir. Onlar çəmənlikdə çətinliklə görünən cığır vasitəsilə ön planda verilmiş fiqurlarla əlaqələndirilmişlər.
3. Sarı cizgilər. Əsərdə qırmızı rəngin üstünlük təşkil etsə də Mone sarı cizgiləri — sarı gülləri bütün kompozisiya boyu həm ön plandakı lalələr arasında, həm də arxa planda səpələmişdir.
4. Sönük tonlar. Əsərin çox böyük bir hissəsində fırça ilə yaxılmış kiçik yaxmalar sanki görünmür. Lakin bu hissədə olan sönük tonlar əlvan, al-qırmızı cizgilərlə qabardılmışdır.
5. Yaşıl üzərində qırmızı. Mone qırmızı lalələr və yaşıl otlar arasındakı rəng kontrastına heyranlıq duyurdu. Lalələrin onda oyatdığı təəssüratı çatdırmaq istəyən Mone çiçəkləri dəqiqliklə çəkmədən, onları perspektivdə uzaqlaşaraq kiçilən qırmızı yaxmalarla göstərmişdir.
6. Ön plandakı cütlük. Rəssam ön plandakı oğlanın üz cizgilərini üç nöqtə ilə qeyd etmişdi. Onun şlyapasındakı lenti Mone eynilə lalələrin rəngi kimi qırmızı boyamışdır. Xanımın əlindəki göyümtül-bənövşəyi rəngli çətir solğun otun fonunda əlvan və aydın seçilir.
Klod Monenin əsərlərində işıq və rəng
Mone, əsasən, mənzərə janrında əsərlər yaradıb. O, eyni mənzərənin günəşli və ya buludlu havada, səhər və ya axşam işığında tamamilə fərqli təəssürat oyatdığına diqqət yetirmişdir. Bu təəssüratlar Monenin “London parlamenti”, “Ruan kilsəsi” və “Ot tayası” silsiləsindən olan əsərlərində çox yüksək səviyyədə verilmişdir.
Monenin əsərləri rəngkarlıqda yeni cərəyanın — impressionizmin yaranmasına səbəb oldu. O özü isə bu cərəyanın ən görkəmli və məşhur nümayəndəsi kimi tanındı. Mone bütün ömrü boyu impressionizmin əsas qaydalarına sadiq qalaraq yaratdığı müasir həyat səhnələrini, mənzərələri kətan üzərində və açıq havada — plenerdə işlədi.

Müəllif: Kəmalə Cəfərzadə, Məhsəti Məmmədova
Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Təsviri İncəsənət fənni üzrə DƏRSLİK
Top