XIX əsrdə incəsənətdə əsas istiqamətlərdən biri də realizm idi. Bu cərəyan Amerika və Avropanın bir sıra ölkələrində yayılmışdı. Müasir incəsənətə doğru gedən inkişaf yolunu asan və sürətli təqdim edə bilməyim üçün, sadəcə Fransa incəsənətində baş verənlərə nəzər salıb, onları öyrənəcəyik. Artıq ümumi anlayış əldə edəndə sonra, zamanla digər ölkələri də nəzərə alacam.
Realizm akademizmə xas olan tələblərə qarşı çıxır, ideallaşdırmanı inkar edir, həmçinin romantizm cərəyanının emosionallığından, dramatizmindən qurtularaq, təbiəti, xalqın gündəlik həyatını, olduğu kimi təsvir edirdilər. Akademist əsərlər sanki reallığı ört basdır edir, incəsənəti sırf gözəllik, estetika üçün istifadə edirdilər. Realist əsərlər isə özündə real həyatın adi məqamlarını əks etdirirdi.
Mən özüm üçün bunları belə ayırıram: akademistlər olmayan dünyanı, romantiklər olması lazım gələn dünyanı, realistlər isə mövcud olan həyatı təsvir edirdilər.
Realist rəssamların sevimli mövzuları kənd və şəhərlərdə işçi təbəqənin həyat tərzi, gündəlik qayğıları, küçə həyatı, kafelər, gecə klubları və s. idi. Dinamik həyatın içində insanın adi duruşunu, jestini göstərir, üz cizgilərini, hisslərini, narahatlığını təsvir etməyə çalışırdılar.
Əsas yerlərdən birini də peyzaj janrı tuturdu. Təbiəti, kiçik vilayətləri təsvir edir, kənd peyzajları ilə Fransanın “əsas üzü”nü göstərirdilər.
Fransa realizminin əsas rəssamları: Qustav Kurbe, Jan-Fransua Mille, Onore Domye idi.
Növbəti yazıda onların bir neçə əsərləri ilə tanış olub, realizmi daha aydın dərk edib və «Tənqidi realizm»lə tanış olacağıq. Müasir dövrü dərk etmək üçün bu mərhələlərə mütləq nəzər salmaq lazımdır.
aartaaz