Salon «Rəssamlıq və Heykəltəraşlıq Akademiyası»nın təşkil etdiyi rəsmi sərgi idi. Tərəddüd etmədən 1748-1890-cı illərdə Paris Salonunun təşkil etdiyi sərgiləri Qərb dünyasının ən mötəbər sərgiləri adlandırmaq olar. Paris Salonunun yaranma tarixi 1667-ci ildən başlayır.
Həmin ildə Akademiya öz məzunlarının əsərlərindən ibarət sərgi təşkil edir. Bu sərgi rəssamların məşhurlaşması üçün çox vacib idi, hansı ki, bu məşhurluq ən azı iki yüz il davam edəcəkdi.
1725-ci ildə təşkil olunan sərgi Luvrda baş tutur və elə Salon (yaxud Paris Salonu) adını da bundan sonra alır. Öncələr sərgi sırf məzunların işləri üçün nəzərdə tutulmuş, nisbətən qapalı sərgi kimi qəbul edilirdisə, artıq 1737-ci ildən sonra cəmiyyətə açıq olan sərgi halını alır və hər il, bəzən isə ildə iki dəfə təşkil edilməyə başlayır. 1748-ci ildən sonra, sərgiyə təqdim olunan əsərləri seçmələri üçün jüri heyəti təşkil olunur.
Bugünkü sərgilərlə müqayisə etsək, Salon sərgilərini “xaotik təmtəraqlılıq” adlandırmaq olar. Çünki əsərlər yerdən tavana qədər asılır, az qala hər santimetri doldururdular. Sərgi haqqında hesabatlar yerli qazet və jurnallarda çap olunurdu.
Salona adətən akdemistlər və rəsmi elitaya aid olan rəssamlar seçilirdilər. Digər rəssamlar öz işlərini fərqli yerlərdə sərgiləyirdilər: “Salon«a yaxın bir binada, küçədə, Notr-Dam körpüsündəki köşklərdə, Dojin meydanında (“Gənc rəssamlar salonu”) və s.
1791-ci ildən sonra Salon tək akademistlərə, elit təbəqə nümayəndələrinə deyil, digər rəssamlar üçün də qəbula icazə verir. Lakin jürilər çox mühafizəkar davranır, gənc, yenilikçi rəssamların işlərini rədd edir, akademizmin çərçivələrindən kənara çıxanları sərgiyə qəbul etmirdilər.
Buna görə romantik, realist və impressionist cərəyanının nümayəndələri tərəfindən kəskin etirazlar yaranır və mübarizələr başlanır. Onlar etiraz əlaməti olaraq öz sərgilərini keçirirlər (Q.Kurbe “Realizm” 1855, “Rədd edilmişlər salonu” 1863, “İmpressionislər sərgisi” 1874). Yaranmış problemlərdən sonra Salon öz rəsmi xarakterini itirir.
»Salon Luvr" Pietro Antonio Martini | 1737-ci il
X Karl, Luvrda 1824-cü il Salonunda iştirak edənləri mükafatlandırır"
Fransua Jozef Xeym | 1825-ci il
«Salonun bir güşəsi» Eduard Jozef Dantan | 1880-ci il
aartaaz