Akademizm XVII-XIX əsrlərdə Avropa rəngkarlığında mövcud olan cərəyandır. Fransada akademiya yarandıqdan sonra, akademistlərin yaradıcılığını əhatələyir, həmçinin incəsənət təhsilinin sistemləşdirilməsinə xidmət edir, akademik təhsilin inkişafı üçün böyük önəm kəsb edirdi.
O klassik ənənələrə dayanır, qədim antik və intibah dövr incəsənətinin xarici formalarına, rəsm texnikasına əsaslanırdı. Əsas yaradıcı üsulu eklektizm (bir neçə üslubun sintezi) idi.
Akademizmi iki cür qiymətləndirmək olardı: o rəssamlıq məktəbinin əsaslarını qoruyur, rəngkarlıqda olan keçmiş ənənələri hörmətlə anır və onun it-bat olmamasına zəmanət verirdi. Bunu bir az loru dildə izah edim.
Deməli, antik və intibah dövrünə nəzər salanda düzgün anatomiyalı ideal fiqurlar, dəqiq kompozisiyalar, diqqətlə seçilmiş süjetlər, ən xırda detala qədər nəzərə alınmış, mahircə işlənmiş əsərlər görürük. Vaxt keçdikcə bu ənənələr itir. Məsələn, bugün müasir incəsənətdə bu kimi ənənələr qorunmur. Rastınıza çıxan gözəl portretləri, ideallaşdırılmış yaxud ilahiləşdirilmiş obrazları, dəqiq işlənmiş geyimləri, onların parıldayan parçalarını, dəqiq və gözəl üz cizgilərini və s. xatırlayın, ardınca o əsərləri daha müasir əsərlərlə müqayisə edin.
Bu halda akademizmin hansı ənənələri qoruduğunu və inkişaf etdirməyə davam etdiyini anlamış olarsınız. Lakin ikinci bir məsələ var idi. Bu halda incəsənətdə yeniliyə yol açılmırdı. Bu cavan, aktiv, yenilikçi rəssamların etirazına səbəb olurdu. Akademizm bu vəziyyətdə çox mühafizəkar rol almış olurdu. Sanki keçmiş ənənlərindən möhkəm yapışmış yaşlı insan, cavan birini buna boyun əyməyə məcbur edirdi.
Akdemizmə məxsus əsərlərdə ideal, çılpaq fiqurlara, erotizmə, eklektizmə, cəh-cəlala, gözəlliyə, səthi əyləncəyə, xarici gözəlliyə rast gəlinir. Bu artıq o həddə çatır ki, “Salon”da tamaşaçıların gözləri gözəl Veneraları, amurları axtarır. Artıq incəsənət əsərlərini insan bədəninin gözəlliyi ilə qiymətləndirməyə başlayırdılar. Bunu aradan qaldırmaq üçün sonradan akademizm üçün aparıcı janr olaraq tarixi və alleqorik janrı seçirlər.
aartaaz