Piter Paul Rubens

Piter Paul Rubens

Peter Paul RubensFlamand rəssamı Rubensi müasirləri “rəssamların kralı və kralların rəssamı” adlandırırdılar. Antverpenin ən gözəl guşələrindən birində rəssamın öz layihəsi əsasında inşa olunmuş evi və emalatxanası — “Rubens-hyuz” bizim günlərə gəlib çatıb. Bu evdən təqribən üç min tablo və çoxlu sayda gözəl rəsm əsəri çıxıb.

Rəssamın hələ erkən əsərləri, məsələn, “Xaçın qaldırılması” (1610) və “Xaçdan endirilmə” əsərlərindəki obrazlar onun çox istedadlı olduğunu təsdiq edirdi. Sərt kilsə qadağaları çərçivəsində işləməyə məcbur olan Rubens əsərlərində cərəyan edən hadisələrin bütün dramatizmini, ağrı-acısını cəmi bir neçə fiqurun köməyi ilə ifadə edə bilmişdi.

Rubens 1609-cu ildə Cənubi Niderland hökmdarları – infanta İzabellanın və ers-hersoq Albertin saray rəssamı olur. Onun emalatxanasında iş qaynayır, sifarişlərin ardı-arası kəsilmir. Əsərlərində ayrı-ayrı detalları yerinə yetirmək üçün ustad Van Deyk və Sneyders kimi böyük rəssamları əməkdaşlığa cəlb edir. Rubens əsərlərində sevdiyi mifoloji süjetləri təsvir edir: “Venera və Adonis”, “Sereranın heykəli”, “Levkippin qızlarının oğurlanması”.

Bu əsərlərdə rəssamın İtaliya səyahəti zamanı öyrəndiyi klassik ənənələrlə yenilik axtarışları qeyri-adi şəkildə uzlaşır. Məsələn, “Levkippin qızlarının oğurlanması” tablosunda bu çeynənmiş mövzu tamamilə başqa tərzdə səslənir: dramatizm yerinə məhəbbətin gücü, insanın enerjisi, cəsarəti və gözəlliyi tərənnüm olunur. 

1621-1625-ci illərdə Rubens Lüksemburq sarayının bəzədilməsi üçün nəzərdə tutulan və Mariya Mediçinin həyatını təsvir edən 23 tablo üzərində işləyir. Bu işin sifarişli olmasına, rəssamın bir o qədər də cəlbedici olmayan şəxsin həyatını canlandırmasına baxmayaraq, istedadı və məharəti çox gözəl dekorativ-rəngkarlıq ansamblı yaratmağa kömək edir. Rubens öz əsərlərində Olimp allahlarını və mifoloji personajları əks etdirir. Bu personajlar onun əsərlərini nəinki canlandırır, həm də baş qəhrəmanlarına çevrilirlər.

Rubens 1635-ci ildə Sten qəsrini alır. Rəssam burada tez-tez mənzərə mövzusuna (“Sten qəsri fonunda mənzərə”) və insanın təbiətin qoynunda təsvirinə (“Kəndlilərin rəqsi”) müraciət edir.

Rubens bütün yaradıcılığı boyu portret janrına böyük diqqət yetirir. Bunlar xaraktercə çox müxtəlif — gah rəsmi və təntənəli (Mariya Mediçinin, IV Henrixin portretləri, İspaniyanın əsarətində olan Niderlandının bir sıra hökmdarlarının şəkilləri), gah “Yelena Fourmanın portreti” (1632), “Həsir papaq” (1625) kimi canlı, eyni zamanda bərli-bəzəkli, dekorativ, gah da “Kameristkanın portreti” kimi insanın daxili aləmini açan “təmkinli” əsərlərdir. Rubensin yaradıcılığı dünya incəsənəti tarixinə böyük töhfə verib, Flandriyanın və digər ölkələrin bir çox böyük rəssamlarının inkişafına güclü təsir göstərib.

Bir gün Rubens şagirdlərinin mətbəxdə söhbətini eşidir. Onlardan biri digərinə deyir: “Bilirsən, əslində o, bizsiz heç nə edə bilməz. Mən mənzərə, sən isə heyvan şəkilləri çəkirsən. İşin böyük hissəsini biz görürük. Bəs o, nə edir? Yalnız şöhrət qazanır...” Rubens heç nə demədən sakitcə emalatxanasına keçir və bir gecədə çoxlu sayda heyvanın, sevimli mifoloji qəhrəmanlarının təsvir olunduğu gözəl bir mənzərə yaradır. Ertəsi günü əsəri şagirdlərinə göstərib deyir: “Mən işi sürətləndirmək üçün sizi cəlb edirəm. Amma sizsiz də keçinə bilərəm. Bəs onda mənzərələrinizi və heyvanlarınızı harada çəkəcəksiniz?”


azertag.az
Top