Frida Kahlo | İztirablarla dolu taleyi olan rəssam
Frida Kahlo məşhur meksikalı rəssamdır. Kommunist, ekspressiv və ekssentrik olan Frida ölümündən əvvəl çox az müddətdə şöhrət qazanıb. Hazırda onun rəsmlərinin milyon dollarlıq dəyəri var. Fridanın şöhrətinə bir çoxları paxıllıq edərdi, amma onun taleyinə heç kim paxıllıq etməz…
6 yaşında olarkən Frida poliomielit keçirir. Bunun nəticəsi olaraq onun sağ ayağı sol ayağı ilə müqayisədə inkişafdan qaldı, arıq və nisbətən gödək oldu. Bir sözlə, sağ ayaq sanki “qurudu”. Buna görə də Frida bütün ömrü boyu ağsayır, ayağını gizlətmək üçün uzun şalvar və donlar geyinirdi. Uşaqlıqda keçirilən xəstəlik Fridaya həmyaşıdları arasında “taxta ayaq” ləqəbi qazandırmışdı, ancaq bu hələ harasıdır ki…
Fridanın əzabları növbə ilə onu gözləyirdi. 12 il sonra Frida dostu Alexandro ilə dəhşətli avtoqəzaya düşür – onun olduğu avtobusla tramvay toqquşur. Alexandro bu qəzadan canını yaxşı qurtara bilir. Frida isə elə zədələnir ki, həkimlər bütün ümidlərini itirir. Dəmir çubuq Fridanın qarnından girib çanağından çıxıb. Bütün bunlara baxmayaraq Frida həyatda qalır, yaşamaq üçün güc tapır. Frida 32 əməliyyat keçirir, illərlə gips və əlil arabasında qalır və ömürlük dözülməz ağrılar yaşayır.
Elə bu vaxt Frida ciddi şəkildə incəsənətlə məşğul olmağa başlayır. Atası Fridanın çarpayısı üzərində güzgü və xüsusi çərçivə quraşdırır. Hansı ki, bunun köməyi ilə Frida çarpayıda ola-ola rəsm çəkə bilirdi.
Əksər hallarda Frida avtoportretlər çəkirdi, çünki bu onun yatağa dustaq olduğu zaman yeganə görə biləcəyi təsvir idi. Bir neçə ildən sonra nisbətən bərpa olunan Frida həmin dövrdə məşhur olan kommunist rəssam Diyeqo Riveranın yanına gəlir. Frida ona bir il ərzində çəkdiyi rəsmləri göstərir. Fridanın rəsmləri məşhur rəssamı təəccübləndirə, hətta heyrətləndirə bilir.
Cəmiyyət içərisində Frida həmişə şən olur, ürəkdən gülür, ucadan danışır. Bir sözlə, xoşbəxt görünməyə çalışırdı. Onun səmimiyyəti, iç dünyasının həqiqəti, emosiyalarının reallığı ancaq rəsmlərdə və gündəliyində təsvir olunub.
1950-ci ildə Fridaya onurğası üzərində daha yeddi əməliyyat keçirdilər. Bundan sonra o, ömürlük əlil arabasına təhkim oldu. 1953-cü ildə ölümündən bir il qabaq onun sağ ayağını amputasiya etdilər. Elə bu vaxt Meksikada onun ilk sərgisi açıldı. Sərginin açılışına Frida təcili yardım maşınında gətirildi. Ölümündən bir həftə əvvəl Frida “Yaşasın həyat!” (Viva la Vida) rəsmini çəkdi və dünyanı, həyatı sevərək tərk etdi.