İntibah dövrünün nümayəndəsi olan bu florensiyalı rəssamın əsl adı Alessandro Filipepidir. O, varlı dabbağın ailəsində anadan olub və öz dövrü üçün yaxşı təhsil alıb. Hələ uşaq ikən rəssamlığa meyil edib. On beş yaşında tanınmış florensiyalı heykəltəraş Andrey Verokkionun emalatxanasında işləməyə başlayıb, 1470-ci ildə isə öz emalatxanasını açıb.
Həmin dövrdə incəsənət vurğunu olan Lorenso Mediçi Florensiyada hakimiyyətə gəlir. Bottiçelli onun sevimli rəssamı olur. Bottiçellinin məşhur əsərlərinin çoxu Mediçinin sifarişi ilə çəkilib. Məsələn, «Münəccimlərin itaəti» (1477) əsərində körpə İsa Peyğəmbərə hədiyyələr gətirən Bibliya personajlarının obrazında bütün Mediçilər ailəsi təsvir olunub. Bottiçelli saray rəssamı olduğu üçün siyasi xarakterli sifarişlərdən yaxasını qurtara bilməyib. O, Barjello sarayının divarında Lorenso Mediçi əleyhinə sui-qəsdin dar ağacından asılmış iştirakçılarını təsvir edib. Bu sui-qəsd nəticəsində L.Mediçinin qardaşı Culiano Mediçi həlak olmuşdu.
«Bahar» (təxminən 1477-1478) və «Veneranın doğulması» (təx.1483-1484) Bottiçellinin ən məşhur əsərləri sayılır. Rəssamın sakit ləpələnən dənizdə balıqqulağında üzən Venera obrazı dünya incəsənətində ən füsunkar qadın obrazlarından biridir. Rəssam misilsiz gözəlliyə malik ilahənin simasına daha çox Məryəm ananın təsvirlərinə xas olan şövq verib.
Bottiçelli 1481-1482-ci illərdə Rosseli, Girlandayo və Perucino ilə birlikdə Sikstin kapellasının divarlarına freskalar çəkib. Bottiçellinin çəkdiyi «Musanın cavanlığı», «Koreyin cəzası» və «Cüzamlının şəfa tapması» freskaları rəssama doğma şəhərin hüdudlarını aşaraq çox-çox uzaqlara yayılan bir şöhrət qazandırıb. Florensiyaya qayıdan Bottiçellinin emalatxanasında iş qaynamağa başlayır, sifarişlərin ardı-arası kəsilmir. O, varlanır və böyük hörmət sahibi olur.
Amma Bottiçelli «qara gün» üçün pul yığmağı bacarmırdı. Üstəlik, xasiyyətcə çox həssas adam idi. Erkən İntibah dövrünün bir çox digər sənətkarları kimi, o da 1940-cı illərdə fanatik rahib Savanarolanın təsiri altına düşür. Savanarola öz moizələrində Florensiya varlılarının tüfeyli və pozğun həyatını, Mediçinin zülmkarlığını haqlı olaraq pisləyirdi. Amma Savanarola incəsənətin üstünə də hücum çəkmişdi. O incəsənətdə işığın, həyat eşqinin və gözəlliyin hər bir təzahürünü günah hesab edirdi. Onun tərəfdarları dünyəvi kitablardan və incəsənət əsərlərindən tonqallar qalayırdılar.
Bottiçellinin özü də Florensiya meydanlarından birində əsərlərini atəşə atmışdı və bundan sonra rəssamlıqdan əl çəkmişdi. Amma rəssamın çörək pulu qazanmaq üçün başqa sənəti yox idi. Buna görə də o, dəhşətli yoxsulluğun girdabına düşür. Savanarola 1498-ci ildə Roma Papası Aleksandrın əmri ilə həbs edilir, küfrdə ittiham olunur və edam edilir.
Bottiçelli Savanarolanın ölümünə «Milad günü» (1501) tablosu ilə münasibət bildirir. Bu əsərdə nə əvvəlki Bottiçellidən əsər-əlamət var, nə də İntibah dövründən. Perspektiv qanunlarının, fiqurların obyektin yaxınlığından və ya uzaqlığından deyil, onun əhəmiyyətindən asılı olan miqyasının tamamilə inkar edilməsi – bütün bunlar orta əsrlərə qayıdışın əlamətləridir.
Bottiçelli həyatının son illərini tənha həyat tərzi sürür. Ağır xəstə olan rəssam qoltuq ağacları ilə gəzir. Onun yerini "İntibah titanları" deyilən başqa sənətkarlar tuturlar. Onlar sənətdə işığa, sevincə, sadə bəşəri hisslərə yol açmağa müvəffəq olurlar. Amma onlara məhz Bottiçellinin erkən əsərləri yol göstərir.