İspan rəssam Qoyya ( Francisco Goya) xəstəliklərlə keçən son illərində 1819-cu ildə Madrid yaxınlarında Manzanares sahilində “Quinta del Sordo”, yəni “Karın evi” adlı bir ev aldı. Iki mərtəbəli evin adı əvvəlki ev sahibinin kar olmasından irəli gəlirdi. Bu ad, həmçinin, 1792-ci ildə keçirdiyi xəstəliyə görə kar olan Qoyyaya da uyğun gəlirdi. Rəssam 1819-cu ildən Bordoya getdiyi 1823-cü ilə qədər evin divarlarına yağlı boya ilə 14 rəsmdən ibarət bir sıra əsərlər çəkmişdir. 73 yaşındakı Qoyya iki ciddi həyati xəstəlik keçirdiyinə görə öz ölümünə diqqətini yönəltmişdi və eyni zamanda, Ispaniyadakı daxili münaqişələrə görə olduqca bədbin idi. Əvvəllər evin divarlarına daha əyləncəli rəsmlər çəksə də, sonradan bunların üstünə daha depressiv və bu gün “Qara rəsmlər” adlanan rəsmləri çəkmişdir. Bu rəsmlərin heç birinə Qoyya tərəfindən ad verilməmişdir.
Bu Qara rəsmlərdən biri də “Saturn”dur. Əsərin orijinal adı “Uşaqlarını yeyən Saturn”dur. (isp. Saturno devorando a un hijo)
Yunan mifologiyasında titanlardan olan Kronos (Romada Saturn) öz övladı tərəfindən taxtdan endiriləcəyini öyrənir. Hades (Hades), Poseydon(Poseidon), Demetra (Demeter), Hestiya (Hestia) və Hera (Hera) iqtidar arzusundan kor olmuş ataları tərəfindən diri-diri yeyilirlər. Kronosun (Kronos) arvadı Reya (Rhea) övladları üçün çox pis olur və ən sevdiyi oğlu Zevsi (Romada Yupiter) ərindən qaçıra bilir. Onu bir səbətə qoyaraq çaya buraxır və Zevs başqa diyarda böyüyür. Kronos isə Zevs əvəzinə daş parçası yediyi üçün lənəti pozduğuna inanır. Tanrılar tanrısı Zevs atası Kronosu Olimp tanrılarının köməyi ilə yeraltına həbs edir, qardaş-bacılarını qurtarıb taxta çıxır.
Əsərdə təsvir edilən hadisə də budur. Rəsmdə gördüyünüz obraz yunan mifologiyasında zaman tanrısı olan Kronosdur. Bunu etməsinin səbəbi isə uşaqlarının böyüyəndə onun yerinə keçməsi qorxusudur. Əsər bir iqtidar mübarizəsinin nə qədər əzici və qeyri-insani olduğunu əks etdirir. Güc, hamimiyyət ehtirası ilə kor olan insanın, hətta tanrının belə bu tərz vəhşi hərəkətlər edə bilməsini göstərir. Kronosun öz uşağını yeməsi hakimiyyət ehtirasından “mən” qavramının məhv olmasına örnəkdir. Yalnız pisliklər və zülmün yox, eyni zamanda, cəhalət, şübhə, qorxu, ehtiras, şöhrətpərəstlik və zəiflik kimi xüsusiyyətlərin də insanı özünə düşmən edən şeylər olduğunu əks etdirir.
Qoyya Ispaniya monarxiyasının ölkəni dağıtdığını görmüşdü. Həmin vaxt Napaleon ordusunun və monarxiyanın yenidən gətirilməsinin ölkəni dağıtdığına da şahid olmuşdu. Zamanın tsiklik olması, uşaqlarına üz çevirmə, düşmən olma və başqa düşüncələr bu əsərdə alleqorik formada təsvir olunmuşdur.
Uşağın başını və bir qolunu yeyərkən Kronosun üzündəki ifadə əsəri bu mövzudakı digər əsərlərdən ayıran ən vacib xüsusiyyətlərdəndir. Ağ və uzun saçlı, yaşlı adam kimi təsvir edilən Kronosun üzündə çaşqın, özünü tanımayan və dəlilik həddinə gəlmiş bir ifadə mövcuddur.
Rəsmdəki qəddarlıq Kronosun barmaq buğumlarında da bilinir. Sanki “Xeyr! Iqtidarımı itirməyəcəm” – deyir. Amma digər tərəfdən bunun gərəkli olduğunu bilir və nə qədər pis bir şey olduğunu anlayır. Ona görə də, dəli olmuş və qudurmuş şəkildə bunu edir.
Qoyya Saturnu elə təsvir edib ki, sanki əriyir. Bəzi üzvləri yoxdur. Məsələn, sağ dirsəyinə baxın. Qolunun dərisi ətrafını örtür və dirsəyi ilə biləyi arasında məsafə ,demək olar ki, heç yoxdur. Çiyni də çox görünmür. Ayaqlarına bir baxaq. Sol ombasının üzərində artıq ət olduğunu görürük. Qoyya burada bədənin ətini bütün şiddəti, fiziki xüsusiyyətləri, qəribəliyi və çirkinliyi ilə təsvir edir. Saturnun bədəni, sanki qəssabdakı doğranmış ət kimi görünür. Eyni zamanda, öz oğlunu doğrayır və yeyir. Bəli, bu Qoyyanın şahid olduqlarını əks etdirir. O, gördüyü dünyanı təsvir edir. 83 x 146 cm ölçülərində, yağlı boya ilə çəkilən əsər Madriddə, Prado muzeyində saxlanılır.
Redaktə etdi: Lalə Yusifova