1. «Mona Liza» — Leonardo Da Vinçi
Florensiyalı Leonardo Da Vinçi renessans dövrünün ən möhtəşəm rəssamı hesab olunur. O, təkcə rəssam kimi deyil, həm də alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, heykəltəraş, memar, musiqiçi və yazıçı kimi də tanınır. Haqqında yazılanlara görə, Da Vinçi «dağınıq» xarakterə sahib olub. O, bir neçə əsərini tamamlanmamış, yarımçıq qoyub. Da Vinçinin 1503-1506-cı illərdə yaratdığı «Mona Liza» əsəri bütün dünyada məşhurdur və incəsənətin ən dahi əsərlərindən hesab olunur. «Mona Liza»nın simasındakı ifadə — həm xoşbəxt, həm də məyus görünməsi üstü açılmayan sirr olaraq qalıb.
Rəsm əsərində oturmuş halda təsvir edilən qadının yaradılmasında rəssam sfumato üsulundan istifadə edib. Sfumato — rəssamlıqda fiqur və əşyaları bürüyən havanı vermək üçün ümumi təsvirin yumşaldılması texnikasıdır. Sfumato üsulu nəzəriyyədə və praktikada ilk dəfə Leonardo Da Vinçi tərəfindən yaradılıb.
2. «Gernika» — Pablo Pikasso
«Gernika» ispan rəssam Pablo Pikassonun 1937-ci il 26 fevral İspaniya Vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar ölkəsi regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş məşhur əsərlərindən biridir. Bu bombardman nəticəsində çox sayda insan həlak olub və yaralanmışdı.
3. "Günəbaxanlar" — Van Qoq
Vazda on iki çiçəyin təsvirindən ibarət olan «Günəbaxanlar» əsərinin müəllifi dünya şöhrətli rəssam Van Qoqdur. O, 1853-1890-cı illərdə yaşayan holland rəssamdır. Təhsilini yarımçıq qoyan rəssamın böyük istedadı var idi. Rəsm karyerasına ölümündən on il öncə başlayıb. Paris şəhərində müşahidə etdikləri ona əsərlərin canlı rənglərə üstünlük verməsini öyrətdi.
Daha sonralar isə o, özünəməxsus tərzini yaratdı. Rəssam ən önəmli əsərlərini isə ölümündən iki il öncə yaradıb. Ən yaxın dostu olan Pol Qogenlə münasibətləri pozulandan sonra bir qulağını kəsir. Daha sonralar meydana gələn psixoloji sarsıntılar rəssamın intihar etməsi ilə nəticələnir.
4. «Azadlığa aparan xalq» — Ejen Delakrua
Ferdinan Viktor Ejen Delekrua 1798-1863-ci illərdə yaşayan fransız əsilli rəssam kimi bütün dünyada məşhurdur. O, təsviri sənətdə romantizm cərəyanının yaradıcılarından biri hesab olunur. Delakrua 1830-cu ildə Burbonlar monarxiyasının bərpası rejiminə qarşı baş vermiş Böyük Fransa inqilabı motivləri əsasında «Azadlığa aparan xalq» əsərini yaratmışdı.
Çoxlu hazırlıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsəyə gətirmişdi. Delakrua qardaşına yazmış olduğu 1830-cu il 12 oktyabr tarixli məktubda yazmışdı: "Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda, heç olmasa, onun üçün çəkərəm". İlk dəfə bu əsər 1831-ci ilin mayında Paris salonunda təqdim olunmuş, dərhal dövlət tərəfindən satın alınmışdı.
5. «Adəmin yaradılışı» — Mikelancelo Mikelancelo
İtaliyanın ən görkəmli rəssamlarından biridir. O, renessans dövründə fəaliyyət göstərib. Mikelancelo təkcə rəssamlıq sahəsində deyil, həm də poeziya, heykəltəraşlıq və s. istiqamətlərdə də fəaliyyət göstərib. Bütün dünyada məşhur olan «Adəmin yaradılışı» əsərinin müəllifi məhz Mikelancelodur.
Əsər 1511-ci ildə yaradılıb. Əsərdə Mikelancelo Tanrı ilə Adəmin arasındakı bir barmaq ucu qədər uzaq olan məsafəni təsvir edib. Bu rəsmdə Tanrının Adəmi öz surətindən yaratdığı mesajı ötürülür.
6. «30 May, 1808» — Françisko Qoya
1814-cü ildə yaradılmış bu əsər 1808-ci il 3 may hadisələrinə həsr olunub. Daha çox portretləri ilə məşhurluq qazanan Qoya öz yaradıcılığında müasir incəsənətin ünsürlərini əks etdirirdi. Hələ uşaq yaşlarından rəssamlıqla məşğul olan Françisko Qoya 40 yaşı olanda kral IV Karlosun sarayına köçür və sarayın birinci rəssamı elan olunur. Şəxsi həyatında baş verən problemlərə görə, Qoya illər keçdikcə öz əsərlərində daha çox dərdin, iztirabın, kədərin təsvirinə daha çox yer verir. İspaniyanın işğalından təsirlənən Qoya «30 May, 1808» əsərində şiddəti və müharibəni təsvir edib.
Əsərdə bəyaz köynəkli bir ispanın fransız əsgərləri tərəfindən güllələnməsi təsvir olunub. Rəsmdəki hadisələr Madriddə baş verir. Qoya bu əsəri Napoleonun əsgərlərinə qarşı çıxan, amma çarəsiz və köməksiz qalan ispan döyüşçülərinin xatirəsinə yaradıb.
7. «Anyerdə çimənlər» — Corc Pyer Sera
Corc Pyer Sera fransız əsilli postimpressionist və pointillist rəssamdır. O, 1859-1891-ci illərdə yaşayıb. Rəssamlığa gətirdiyi yeni tərzi və özünəməxsusluğu ilə dünya rəssamları arasında xüsusi rola malikdir. Sözügedən rəsm əsəri sənayenin inkişafı ilə meydana gələn fəhlə sinfinin istirahət mərkəzinə çevrilən Anyerdə üzən və dincələn insanların təsviridir. Əsər rəsmdən çox fotonu xatırladır.
8. «Almalarla həyat» — Pol Sezann
Fransız rəssam
Pol Sezann postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsidir. O, öz yaradıcılığı ilə impressionizm və kubizm arasında körpü rolunu oynayıb. Pol Sezann öz əsərlərində dizayn, rəng, ton və kompozisiya ustalığı nümayiş etdirib. Onun əsərlərində mövcud olan rəng üslubu təkrarolunmazdır. Əsərlərində daha çox qəhvəyi, boz, qara rənglər onun işlərinə müəyyən dərəcədə kədər qatır. Pisarro ilə tanış olduqdan sonra isə Polun yaradıcılığında əlvan rənglər artmağa başlayır.
Pisarronun məsləhəti ilə Pontuaza, oradan Overə köçüb, daha sonra isə Parisə qayıdıb. Emil Zolya vasitəsilə gələcək impressionizmin nümayəndələri olan E.Mane, K.Pissarro, K.Mone, O.Renuar və s. kimi rəssamlarla tanış olub. Bu illərdən başlayaraq, Pol Sezann rəssamlar arasında tanınmağa başlayıb, impressionistlərin keçirdikləri 1874-cü və 1877-ci il sərgilərində iştirak edib. İlk pərəstişkarları arasında əsərlərinin kolleksiyaçısı olan Viktor Şoke xüsusi yer tutur.
9. «Rəssamın anası» — Ceymz Uistler
Rəssamlıq karyerasına əsgərlikdə olarkən başlayan Uistler üç il dəniz xəritəçiliyi sahəsində professional kimi çalışıb. Onun rəssamlığa və incəsənətə olan xüsusi marağı Uistleri Parisə köçməyə vadar edir. Burda müxtəlif rəssamlarla tanış olan Uistler realizm sahəsində çəkməyə başlayır.
Uistlerin ən məşhur əsəri «Rəssamın anası» əsəridir. Daha çox boz, bəyaz və qara rənglərə üstünlük verdiyi bu rəsmdə oturan yaşlı bir qadının profildən təsviri verilib. Rəsm əsərindəki qadının geyim tərzinin Viktorian dövrünə aid olması rəssamın ötürmək istədiyi mesaj kimi izah olunur.
10. «Sabahınız xeyir, cənab Kurbe» — Qustav Kurbe
Qustav Kurbe XIX əsrdə fəaliyyət göstərmiş fransız rəssamdır. O, XIX əsrin realizm cərəyanının yaradıcılarından biri hesab olunur. Kurbe realizm cərəyanının yaradıcısı və bu termini gətirən ilk rəssam olaraq şöhrət qazanıb. Bir sənətkar olaraq təbiət və dəniz mənzərələri, eləcə də, məcazi kompozisiyalarla yanaşı, həm də sosial mövzulara toxunur, kasıbların ağır iş şəraitini əks etdirən əsərlər yaradırdı.
Qustavın əsərləri nə romantizm, nə də neoklassisizm cərəyanının içində özünə yer tapa bildi.
Rəssam realizmlə bağlı düşüncələrini anarxizmlə birləşdirdi və müəyyən izləyici kütləsi qazandıqdan sonra demokratik və sosialist çıxışlar etməyə başladı. Kurbenin realizm tərzindən ondan sonra gələn bir çox rəssamlar təsirləndi. Bunların arasında alman rəssamlar Vilhelm Leybl, Pol Sezann və Ceyms Makneyl Vistler də vardı.