Tənha uşağın əhvalatı

Tənha uşağın əhvalatı

Ailənin ilk və tək uşağı idi.İlk yaşına çatanda danışmağa başlamış,dediyi ilk söz isə həyatda ən çox sevdiyi adamın adı olmuşdu:Ana! Uşaq anası ilə eyni candan olduğunu bilməsə də,onu canı qədər sevdiyini çox yaxşı bilirdi.Südünü içdikdən sonra onun isti qolları arasında yatmaq və oyananda yenə onu başı üstündə görmək nə böyük səadət idi.Ancaq uşağın bu sevinci çox da uzun sürmədi.Anası onun "xərclərini" bəhanə edərək atasının müdir olduğu bir şirkətdə işləməyə başladı.Qısa bir vaxtda isə kişilərə göz dağı verən bir  "iş qadını" oldu.

Artıq uşaq səhərlər gözünü açanda onu öpüşlərə qərq edən anasını yox,bütün günü saqqız çeynəyən qarayanız bir qadını görürdü.Belə olduqda uşağa var gücü ilə qışqırıb ağlamaqdan başqa çarə qalmırdı.Ancaq gözünə dayədən çox cadugər kimi görünən bu qadının ustalıqla götürdüyü çimdikləri onu tez də sakitləşməyə məcbur edirdi...

Uşaq artıq bir ay ərzində ağlamamağa öyrəşmiş və anasına qovuşacağı saatlara qədər dayəsi ilə birlikdə televizora baxmağa alışmışdı.Atası uşaqları çox sevmədiyi üçün ona üz vermir,hərdənbir kənardan söz atmaqla kifayətlənirdi.Buna görə də,uşaq yeganə təsəlissi olan anasının yolunu dörd gözlə gözləyir,özünü anasının qucağına atmaq üçün az qala bütün gününü qapının ağzında keçirirdi.Anası isə evə girər-girməz ev işlərinə başlayır,onu tələm-tələsik doyurduqdan sonra yatmaq üçün öz otağına aparırdı.Uşaq belə hallarda yenə də ağlamamağa səy göstərir və əvvəllər anasından eşitdiyi laylaları zümzümə edərək yuxuya getməyə çalışırdı.Uşaq iki yaşına çatanda anası ona qəfəsin içində balaca bir quş hədiyyə etdi.Artıq uşaq üz-gözündən ildırım çaxan dayəsinin yerinə onunla danışır və: "Ana işə getdi,ana işə getdi",deyə şikayətlənirdi.Anası bu "qiymətli hədiyyədən" sonra artıq körpəsinin ona ehtiyac hiss etmədiyini inanır,buna görə də,yeni aldığı maşının kreditlərini ödəmək üçün bazar günləri də işləyirdi.

Bir gün quş qəfəsin açıq qalan qapısından uçub getdi.Sanki o,var gücü ilə ayrı düşdüyü sevdiklərinə qovuşmaq istəyirdi.Yeganə dostunu da itirməkdən qorxan uşağın əlləri havada qalmışdı.İllərdir tökülməyən göz yaşları mirvari kimi tökülməyə başlamışdı.İndi uşaq məyus-məyus quşun uçduğu tərəfə baxır və öz-özünə: "Quş da işə getdi,quş da işə getdi",-deyə pıçıldayırdı.

 

Mənbə: "Ailəm" jurnalı.

Top