Emmausda şam yeməyi

Emmausda şam yeməyi

Caravaggio – “Emmausda şam yeməyi” (1601)


İsa peyğəmbərin çarmıxa çəkilməsindən sonra həvariləri Qüdsdən Emmaus adlı kiçik bir qəsəbəyə gedirlər. Yolda onlar bir insana rast gəlirlər ki, sonradan o insan da onlara qoşulur. O, Həzrəti İsanın özü idi, lakin ilk gördüklərində həvariləri onu tanımır. Onlar Emmausda həmin gün şam yeməyi üçün əyləşdiklərində “o çörəyi götürdü, şükür etdi və bölüb onlara verməyə başladı. Sonra onların gözləri açıldı, onlar onu tanıdılar. Bu anda, o qeyb oldu.” (Luka 24: 30-31)

Caravaggionun bu əsərində də məhz bu an təsvir edilmişdir. Rəsmdə iki həvarinin Həzrəti İsanı tanıdıqları andakı reaksiyalarını görürük. Rəssam İsanı qeyri-adi, saqqalsız və cavan təsvir edib. O, qırmızı geyimdə bəyaz şalı ilə rəsmin ortasında yer alıb. Köhnə yaşıl geyimdə olan soldakı həvari masanın üzərindən bütün diqqəti ilə Həzrəti İsaya baxır. Soldakı bu həvarinin hərəkətləri çox diqqət çəkir. Görünür ki, o, çox təsirlənib – həm qorxub, kürsüsünü geri çəkib, həm də diqqətlə baxmaq üçün əyilib.

Gözlərimiz Həzrəti İsaya yönəlir. Hər iki tərəfdə olan həvarilər sanki ortadakı bu əsas fiquru çərçivə içinə alıblar. Bu rəsm izləyicinin diqqətinin İsanın üzünə yönlənməsini təmin edəcək formada, üçbucaq bir kompozisiya şəklində hazırlanıb.

Sağdakı həvarinin sanki rəsmdən çölə çıxmış açıq əli “möcüzəni” izləyiciyə çatdırmaq istəyir. Həm sağdakı həvarinin sol əli, həm də Həzrəti İsanın sağ əli rəsmdən çölə, bizə doğru uzanır. Sanki bizi də qucaqlayır və bizi də bu masaya dəvət edirlər. Bu təəssürat yalnız əl hərəkətlərindən qaynaqlanmır, məsələn masanın bizə yaxın tərəfinə yerləşdirilmiş olan meyvə səbəti və səbətdən daşmış meyvələr. Görünür müəllif natürmorta da önəm vermiş və izləyicinin diqqətini masanın üzərindəkilərə yönəldə bilmişdir. Rəssam əsərdəki hadisənin hazırda olurmuş kimi hiss etməyimizi, real görməyimizi və dərindən təsirlənməyimizi istəyib.

O həm də gözlərimizin yalnız özünün təyin etdiyi yerə yönlənməsini istəmiş və bunu təmin etmək üçün də işıqdan istifadə etmişdir. Həzrəti İsanın solundan gələn olduqca qüvvətli bir işıq görürük.

Rəsmdə təsvir olunan məkan xüsusi bir məkan sayılmır, olduqca qaranlıqdır. Yəni gördüyümüz səhnədə onlar kilsədə deyil. Bir qonaqlama yerindədirlər ki, yoldan ötənlər gecələmək üçün belə bir yerdə qalırdılar. Buranın sahibi də rəsmdə təsvir olunub və maraqlıdır ki, rəssam onu öz simasında təsvir etmişdir. Yəni rəsmin sol üst hissəsinə fiqur kimi rəssam özünü də daxil etmişdir.

Tabloda olduqca sadə əşyalar görürük. Bu anda Həzrəti İsanın adətən kilsədə canlandırıldığı dəbdəbəli səhnələr ağlımıza gəlir. Burada gördüyümüz isə ilahi olanın gerçək həyatın içinə qarışmasıdır ki, bununla barok sənətinin bu xüsusiyyətinin rəsmdə müvəffəqiyyətlə vurğulandığını görürük. Möcüzələr yaradan ruhani lider gündəlik həyatın içində təsvir olunub.

Rəsm London Milli Qalereyasında sərgilənir.

worldart2011.wordpress.com 
Top