Məşhur fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi Pol Sezan (1839-1906) adını dünya təsviri sənət tarixinə qızıl hərflərlə yazıb. Onun yaradıcılığını impressionizmlə kubizm arasında körpü də adlandırmaq olar.
Sezan 1839-cu ildə Fransanın Eks-an-Provans şəhərində dünyaya gəlib. Atası Lui-Ogüst Sezan bankir idi və oğlunu hüquqşünas görmək istəyirdi. Gələcəyin dahi rəssamı əvvəlcə atasının dediyi sənəti seçir. 1858-ci ildə təhsilini bitirdikdən sonra atasının kontorunda işləməyə başlayır. Di gəl ki, gənc Sezanın öz dünyası vardı, bu, onun sənət axtarışları dönəmiydi.
Atası ona yaradıcı axtarışlarının dalınca Parisə getməyə razılıq verir. Pol 1862-ci ildə Parisdəki Zərif Sənətlər Məktəbinə imtahan versə də, qəbul oluna bilmir.
Rəssam ilk sərgisini keçirməyə cəhd edir, bu istəyi də uğursuzluqla sonuclanır. 1869-cu ildə o, rəssamlar üçün modellik edən Mari-Qortenziey Fike adlı 19 yaşlı gənc qızla tanış olur və onunla ailə qurur. 1872-ci ildə bu nikahdan onların Pol adlı bir oğlu dünyaya gəlir. Bu illərdə Pol Sezan rəssamlar arasında tanınmağa başlayır, impressionistlərin təşkil etdikləri 1874 və 1877-ci il sərgilərinə qatılır. O həm də Luvr muzeyində köhnə rəssamların əsərlərinin surətini çıxarırdı.
Rəssamlıq təhsili olmadığı üçün hər şeyi özü öyrənirdi. Ən başlıcası, sənətin akademik qaydalarına tabe olmaq istəmirdi. Fırça ustası məktəb keçməmişdi, ancaq öz adıyla bağlı olan məktəb yarada bildi. Öncələr Sezan impressionizmə yön almışdı. 1870-ci illərdən açıq havada işləməyə başlayan Sezan öz boyakarlıq sistemini yaradır və bu dövrdən impressionizm ilə onun yaradıcılığı arasında qarşıdurma baş verir. Bununla da onun yaradıcılığı XX əsr boyakarlığına geniş təsir göstərir. Sezan yazar Emil Zolya ilə dost idi, onun vasitəsilə impressionizmin gələcək nümayəndələri olan E.Mane, K.Pissarro, K.Mone, O.Renuar və s. kimi rəssamlarla tanış olur. Sezanın əsərlərinin hansı illərdə çəkildiyini dəqiq demək mümkün deyil. Rəsmlərinin üzərində çəkilmə illərini nadir hallarda qeyd edirdi.
Sezan daha çox sulu boyaya maraq göstərirdi, onun ayrı-ayrı üsullarını yağlı boya texnikasına gətirirdi. “Qara mərmər saat”, “Açıq siyirtmə ilə natürmort”, “Kart oyunçuları”, “Kəllə piramidası”, “Palitra ilə natürmort” və başqa əsərlər onun yaradıcılığının “qızıl fondu”na daxildir. 1870-ci illərdə Sezanın yaradıcılığında həm də avtoportretlər silsiləsi başlayır. 1880-ci illərdən sonra Sent-Viktuar dağı onun mənzərələrində tez-tez rast gəlinir. Həmin dağ onun Eks-an-Provansdakı emalatxanasının pəncərəsindən aydın görünürdü.
O, fovist və kubistlərin, rus «sezançılar»ın yaradıcılığına böyük təsir göstərib. Bəzən Sezana «rəssamlar üçün rəssam», bəzən də dünya və incəsənətində fəlsəfi konsepsiya yaradan rəssam kimi baxırlar. Hazırda onun əsərləri ən məşhur muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır, hərraclarda baha qiymətə satılır.
«Mədəniyyət» qəzeti
S.Qaliboğlu