John Everett Millais – “Ophelia” (1851-1852)
İngilis rəssam Con Everet Millenin 1852-ci ildə tamamladığı ən məşhur əsərlərindən biri. Bu rəsm Şekspirin “Hamlet” əsərindəki Ofelia obrazının çayda boğulduğu anın ən müvəffəqiyyətli təsviridir. Viktoriya dönəmində həm Şekspirin əsərləri, həm də Ofelia tez-tez təsvir edilirdi. Lakin “Ofelia” deyilərkən ağla gələn ilk rəsm bu olmuşdur.
Rəsmdə gördüyümüz an Hamletin Ofelianın atasını öldürdükdən dərhal sonrakı andır. Ofelia atası öldürüldüyündə ağlını itirir və boğulmaq üçün özünü çaya atır. Şekspir hadisənin olduğu bu yeri – təbiəti, gülləri, ağacları əsərində təsvir etmişdir. Mille də bu rəsmi çəkərkən mətndəki bu bilgilərdən istifadə etmişdir. Mille təbiəti, bitkiləri xüsusi bir diqqətlə rəsm etmişdir. Bunu edərkən də viktoriya dönəminin məşhur incəsənət tənqidçisi John Ruskinin tövsiyyələrini nəzərə almışdır. Ruskin sənətçiyə təbiətin qoynuna getməsini, gördüyü heç bir şeyi yox saymamasını, seçməməsini, kiçik görməməsini, sadəcə diqqətlə baxaraq təbiəti müşahidə etməsini məsləhət görür. Yəni, təbiətin özünün ilahi bir gücə sahib olduğunu, sənətçinin Tanrının yaratdığı təbiətin gözəlliyini olduğu kimi yansıtmasını tövsiyyə edir. Akademiyadakı təhsilin təməlində isə təbiəti ideallaşdıraraq gözəlləşdirmək var idi. Mille isə akademik ənənənin kənarına çıxır, təbiəti müşahidə edir və müşahidələrini mümkün olduğu qədər həqiqi şəkildə təsvir edir.
Açıq havada rəsm deyildiyində ağlımıza ilk gələn 19-cu əsrin sonlarındakı impressionist axın olur. Lakin İngiltərədəki prerafael axının sənətçiləri açıq hava rəsmini yüzilliyin ortalarında çəkirdilər. Mille Şekspirin əsərdə təsvir etdiyi yerə çox bənzər bir yer tapır. Açıq havada rəsm çəkməyin qulağa xoş gəlməsinə baxmayaraq, özündə bir sıra çətinliklər də gətirir. Məsələn, ətrafda heyvanlar olur, hava şəraiti davamlı olaraq dəyişir və s. Mille yazdığı bir məktubda bu vəziyyətdən bəhs etmişdir:
“Bir bağdan keçib çəmənliyi məhv etdiyim üçün hakim önünə gətirilməkdən qorxuram. Bundan başqa, külək səbəbi ilə suya yıxılıb Ofelianın yaşadığı duyğuları hiss etmək təhlükəsi də var. İnadla, düz mənim rəsm çəkmək istədiyim yerdə dayanıb məni seyr edən iki qu quşu da var. Onları yerlərindən uzaqlaşdırmaq üçün göstərdiyim bütün səylər mənim boyalarımı, fırçalarımı, rəsmimi və əsəblərimi alt-üst etməkdən başqa bir işə yaramır. Belə bir şəraitdə rəsm çəkməyə çalışmaq bir qatil üçün asılma cəzasından belə daha ağır bir cəza olardı.“
Məktubdan aydın olur ki, Mille bu rəsmi ərsəyə gətirərkən xeyli əziyyət çəkib.
Prerafaelist rəssamların rəsmlərində tez-tez qadınların yalnız təsvir edildiyini görürük – həsrət və xəyal qırıqlığı duyğuları içində. Millenin bu rəsmində isə ağlını itirmək həddində olan bir qadını görürük.
Tabloda Ofelianın üzündəki donuq və bir az da ürküdücü ifadə, həm canlı, həm də ölü bir ifadədir. Bu səbəbdən izləyənlərin bəzilərində onun hələ canlı, bəzilərində isə çoxdan ölmüş olduğu təəssüratını yaradır. İzləyiciyə çay sularının nə qədər soyuq, Ofelianın ağrısının nə qədər dərin və ölüm anının nə qədər ürküdücü olduğunu göstərməklə, rəssam Ofelianın bütün hekayəsini yüzlərlə sözdən daha yaxşı izah etməkdədir.
Eyni zamanda, məkanın darlığı və bitkilərin həqiqi şəkildə dağınıqlığı, yəni təbiəti süni bir estetiklə deyil, olduğu kimi əks etdirmək səyi, tablodakı hüznü və narahatlığı daha da artırmaqdadır. Rəsm tamamlandığında rəssam xüsusilə də təbiəti həssaslıqla və həqiqi bir şəkildə yansıtdığı üçün çox bəyənildi.
Mille Ofelia üçün model olaraq Elizabeth Siddal’ı seçmişdi. Modeli və ilham pərisi olan bu qadınla sonradan evlənmişdir.
Boğulan Ofelianı təmsil etmək üçün Siddal hər gün saatlarla su dolu vanna içində uzanırdı. Mille rəsmi qış mövsümündə çəkdiyi üçün suyu vannanın altında şamlar qoymaqla qızdırırdı. Bir dəfə necə oldusa şamlar söndü və su buz kimi soyuq oldu. Bütün fikrini rəsmə yönəldən Mille bunun fərqinə varmadı və maraqlıdır ki, Siddal da heç bir şikayət etmədi. Lakin bu səbəbdən model şiddətli soyuqdəyməyə görə xəstələnmişdi.
Mille modeli üçün aldığı və rəsmdə təsvir etdiyi o antik geyimə görə də qürur duyurmuş. Gümüş işləmələri olan geyim həqiqətən göz oxşayır. Rəsmə baxdıqda suyun paltarın kənarından necə axıb getdiyini görürük.
Tablonun solunda, bitkilərin arasında itmiş, çətinliklə görünən qırmızı sinəli kiçik quşun Ofelianın bədənindən ayrılan ruhu olduğu şəklində şərh edilmişdir.
Eyni zamanda, rəsmdə olan hər çiçəyin də Şekspirə görə daşıdığı mənalara əsasən tabloya yerləşdirildiyi düşünülməkdədir. Məsələn, mərkəzdə dağınıq və böyük bir çoxluq təşkil edən çobanyastıqları – ayrılığı,Ofelianın əlinə çox yaxın duran qırmızı çiçəyin isə ölümü simvolizə etməsi kimi.
Baxdığımızın hansı çiçək olduğunu, görən kimi ayırd edə bilirik. Ofelianin boynunda da bənövşələr görünür.
Tabloya baxan viktoriya dönəmi sənət izləyiciləri gördükləri çiçəklərin ifadə etdiyi mənaları bilirdilər. Təbii ki, tablonun əsaslandığı Şeksprinin əsəri də onlara məlum idi. Buna görə də əsəri bütün bu məlumatlar ilə birgə dəyərləndirirdilər. Həm rəsmin canlılığı, həm də rəsmdə gördüyümüz hər şeyin əslinə sadiq qalınaraq rəsm edilməsi viktoriya dönəmi sənət izləyicisi üçün son dərəcə yeni bir tərz idi. Prerafaelist sənətçilər ənənəvi rəsm çəkmək qaydasını rədd edirdilər. Belə ki, onlar rəsmlərində qaranlıq bir arxa plandan istifadə etmirdilər. Bunun əvəzinə rəsmlərini ağ zəmin üzərində çəkirdilər. Bu səbəbdən də əsərlər son dərəcə aydın, işıqlı olurdu. Bundan başqa, bu sənətçilərin bəziləri quru, ağ zəmin üzərinə rəsm çəkmək əvəzinə, əsərlərini hələ də nəm olan zəmin üzərində yaradırdılar. Bu cür çəkdikdə isə rənglər gördüyümüz bu rəsmdə olduğu kimi işıqlı, parlaq görünüşə sahib olurdu. 1840-1850-ci illərdə olduqca yenilikçi və radikal olan prerafaelist sənətçilərin əsərləri günümüzdə də çox bəyənilir.
Rəsm Londonda Teyt Qalereyasında sərgilənir.
Mənbə: worldart2011.wordpress.com