Sürgünə göndərilən sovet avanqardizmi

Sürgünə göndərilən sovet avanqardizmi

Adil MirseyidBöyük Sovet Ensiklopediyasının (BSE) I cildində avanqardizm haqqında belə yazılıb: “Avanqardizmin XX əsr təsviri sənətində ənənəvi realist bədii obrazlarla əlaqəsini qıran, yeni ifadə vasitələri arayan və əsərin formal strukturunu vurğulayan hərəkatdır”.
Bəs, Sovet İttifaqında avanqard sənətə, nonkonformist rəssamlara münasibət necə idi? Sovet avanqardizmi mövcud idimi? Avanqard Rəssamlar nə düşünürdülər, nə istrəyirdilər? Onların dünya baxışları, estetik idealları, fəlsəfi söykənəcəkləri, sənət amalları hardan və nədən qaynaqlanırdı?

Deyəsən, sual çox oldu. Biz imkanlarımız daxilində bu suallara cavab verməyə çalışacağıq.

50-ci illərin ortalarında və 60-cı illərin əvvəllərində “Xruşşov qızdırması”ndan sonra şəxsiyyətə pərəstiş dövrü sona yetdi, sovey ədəbiyyatında keyfiyyətcə yeni əsərlər yarandı. Yeni ədəbi qüvvələr, yeni imzalar göründü. Bu gənc sənətçilər sonralar “60-cılar” kimi tanınmış ədəbi nəsildi. Onlar “Xruşşov qızdırması”nın ilğımlarına inandılar, bel bağladılar və aldandılar. “Xruşşov qızdırması”nın ömrü isə az oldu.
...Nikita Sergeyeviç Xruşşov bir dəfə gənc sovet ziyalıları ilə görüşündə səbrini cilovlaya bilmədi. Şair Andrey Voznesenki çıxış edərkən baş katib yumruğunu masaya çırpıb: “Siz bizi öyrətməyin, cənab Voznesenki” deyə bağırdı: “Ölkədən rədd olub çıxıb gedin!”

1964-cü ildə leninqradlı gənc şair İosif Brodski tüfeyli adı ilə 5 il müddətinə həbs edilərək Arxangelsk vilayətinə sürüldü. Həbsdən sonra o, ABŞ-a müharicət etdi və orada ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldü. Bir sıra isdedadlı rəssam da ölkəni tərk etmək məcburiyyətində qaldı. Ernest Neizvestnı, Mixail Roqinski, Mixail Şemyakin, Oskar Rabin və başqaları sovet vətəndaşlığından məhrum edildilər. 
Ümumiyyətlə, 1980-ci ilə qədər 50 nəfərdən artıq rəssamın taleyi qara gəldi, onların qismətinə qürbət yazıldı. “Günahsız günahkarlar” dörd divar arasına salındı, ruhi xəstəxanaların da ağır qapıları zaman-zaman açılıb örtüldü. İçki, narkotik, şızofreniya, intihar… Bütün bunlar sovet realizmiydi – sosrealizmdi.

Biz isə sovet avanqardizmindən danışacağıq. Rütubətli zirzəmilərdə və soyuq çardaqlarda yaranan azman sənətdən söz açacağıq.
1974-ci ildə KQB nonkomformist avanqard rəssamlarla “məşğul” olmağa, maraqlanmağa başladı. Küçədə rəssamları tutub saxlayırdılar, hədələyirdilər, döyürdülər, şantaj edirdilər. Moskvada Lyublyanka ilə, Leninqradda “Bolşoy dom”la qorxudurdular. Rəssamlar başa düşürdülər ki, ağızlarına su alıb sussalar, onları bir- bir boğacaqlar. Və bu məqsədlə 1974-cü il sentyabrın 15-də Belyayevski-Boqorodski rayonunda açıq havada sərgi təşkil etmək qərarına gəldilər. Avanqard rəssamların sərgisi sənət bayramına deyil, faciəyə çevrildi. Rəsmi dövlət orqanları və mədəniyyət bürokratları qəzəbləndilər. Yanğınsöndürən maşınlar və sovet millisi işə qarışdı, sərgiyə buldozerlər yeridildi. Sərgi zorakılıqla dağıdıldı. Rəsm əsərləri ayaqlar altına atıldı, yandırıldı. Bu sərginin təşəbbüskarı Moskva avanqardçılarının lideri Oskar Rabin və daha dörd rəssam həbs olundu.

“Avanqardizm – XX əsr rəssamlıq mədəniyyətində məlum normalar və ənənələr əlaqəsini qıran, ifadə vasitələrinin yeniliyini özünə məqsədə çevirən hərəkat” (“Sovet ensiklopedik lüğəti”, 1982).
avanqard uslubda rəsm əsəri

İlk dəfə olaraq sovet rəssamları həmrəylik numayiş etdirdilər, iki həftədən sonra daha bir sərgi açacaqlarını vurğuladılar. 15 sentyabr sərgisi, rusca desək, “buldozernıy poqrom” sovet incəsənəti tarixinə qara hərflərlə yazıldı. Mütərəqqi Qərb ziyalıları rəsmi dairələrə etirazlarını bildirdilər. Avanqard rus rəssamlarını dəstəklədilər. Nonkonformist sənətçilər sözlərinin üstündə durdular. Sentyabrın 29-da İzmaylov parkında avanqard rəssamların icazə verilmiş ilk rəsmi sərgisi açıldı. 15 sentyabır sərgisində cəmi 12 rəssamın əsəri sərgiləndi. Ayın 29-da İzmaylov parkında isə 70-dən artıq rəssam iştirak edirdi. Bu rəssamların cəsarətinə, dözümünə və mübarizliyinə qibtə etmək olar. Onlar heç nəyə baxmayaraq, öz mənliyinə və sənət amallarına sadiq qaldılar.

Rəsmi dairələr silahı yerə qoymaq, atəşkəs sazişi imzalamaq fikrində deyildi. İzmaylov parkındəki ekspozisiyadan sonra qəzet və jurnallarda amansız tənqidi məqalələr çap olundu. Rəssamların şəxsiyyəti təhqiramiz şəkildə alçaldıldı, onlara qara böhtanlar atıldı. Sərginin ən fəal üzvləri bir yana qalsın, hətta 29 sentyabır sərgisinin təşkilində iştirak etmiş kolleksiyaçılar da cəzasız qalmadılar. Şair, publisist, esseist Aleksandr Qlexer də həbs olunanlar arasındaydı. Onun kolleksiyasını yandırmaqla hədələdilər. Qlexeri ölkədən çıxmağa məcbur etdilər. 1976-cı ildə Qlezer öz kolleksiyası əsasında Paris ətrafında, Monjeronda Müasir Rus İncəsənəti Muzeyini yaratmağa nail oldu. 1980- ci ildə o, ABŞ-a köçdü, Nyu-Yorkda, Çersi-Sitidə avanqard sənət muzeyi açıldı.

Bəli, ölkəni tərk edib gedən getdi, qalan qaldı. İlya Kabanov, Eduard Şteynberq, Boris Sveşnikov, Vyaçeslav Kalinin, Aleksandr Xaritonov və s. qeyri-rəsmi rəssamlar isə SSRİ-də qaldılar. Amma bir daha avanqard rəssamların əsərləri müstəqil sərgilərdə görünmədi.

70-ci illərdə Azərbaycan təsviri sənətində Tofiq və Mircavad Cavadov qardaşları, Kamal Əhməd, Əşrəf Murad, Gennadi Birijatyuk, Rasim Babayev, Mirnadir Zeynalov kimi novator sənətçilər rus avanqardistlərinin faciələrini yaşamadılar. Bu rəssamlardan heç biri təqib olunmurdu. Sanki onlar mühitlə barışdılar, etiraz səslərini ürəklərində boğub öz içlərinə çəkilmişdilər. Gələcəkdə Azərbaycan avanqarından ayrıca söz açmaq niyyətində olduğumuzdan hələlik bu mövzuya toxunmuruq. “Xruşşov qızdırması” soyumuşdu. 70-ci illər Brejnev durğunluğu dövrü idi və bizim nonkonformist rəssamlar da durğunluq dövrünün ab-havası ilə yaşayırdılar.

Mühacir rus rəssamlarının əsərləri Qərbdə görünməmiş uğur qazandı. Parisin, Londonun Qərbi Berlinin, Vaşinqtonun və Nyu-Yorkun ünlü muzeyləri və rəsm qalereyaları böyük məmnuniyyətlə rus avanqardının əsərlərini sərgiləyirdi. 1978-ci ildə Venetsiyada mühacir rus rəssamlarının Biennalı açıldı. Cəmi bir ay ərzində 160.000 adam sərgiyə baxmağa gəlmişdi. Biennalın prezidenti Karlo Rippe di Meanno deyirdi ki, çoxdandı Venetsiya belə bir şey görməmişdi. Bu sərginin müvəffəqiyyətini bəzən siyasi motivlərlə, SSRİ-də qadağan olunmuş əsərlərə olan təbii maraqla bağlayırlar. Gəlin bu əsərləri alan qaleriyalara və kolleksiyaçılara müraciət edək. Bəllidir ki, özünə hörmət hissi bəsləyən heç bir nüfuzlu qaleriya və ya kolleksiyaçı siyasi motivlərə görə rəsm əsərlərinə külli miqdarda para xərcləməz, ciddi sənətşünas əlinə qələm alıb onların yaradıcılığı haqqında monoqrafiya yazmaz. Qərb ölkələrində Ernest Neizvestni, Mixail Şemyakin, Oleq Selkov, Vitali Komar və digərlərinin həyat və yaradıcılığı haqqında nəfis monoqrafiyalar, albomlar çap olunub. Mühacir rəssamların qürbət həyatı əlbəttə, heç də bir-birinə bənzəmir. Elə yaradıcılırları da eləcə. Amma onları bir şey birləşdirir – bu da sənət eşqidi, sənətkar şəxsiyyətini qoruyub saxlamaqdı, başqa sözlə desək, SƏNƏTKAR AZADLIĞIDI.
Oleq Selkova məxsus rəsm əsəri

Məşhur abstraksionist rəssam Vasili Kandinskinin sənət haqqında düşüncələri toplanan bir kitabı var. Kitab “İncəsənətdə mənəviyyat haqqında” adlanır. Nonkonformist rəssamlar “Xruşşov qızdırması”nda da, Brejnev durğunluğundan da, mühacirətdə də ideologiyaya satılmadılar. İncəsənətdə sənətkar mənəviyyatını şərəflə qorudular.

Andrey Voznesnskinin bir misrası yadıma düşür:

Тираны поетов
не понимаjут,
Когда понимаут,
Тогда убиваjут.


Sənətkarı fiziki mənada məhv etmək olar, amma onu məğlub etmək mümkün deyil. Sənət gün işığı kimi ölməzdi. O torpağa gömülmür, o ölümsüzdü. Və əsl sənət həmişə xeyirə tapınır.

Müəllif: Adil Mirseyid
Top