Çin imperatoru üç il ərzində şəxsən özü min bir əziyyət bahasına bir bağ salır və günlərin bir günü bu bağın gözəlliyini görmək, dəyərləndirmək üçün nüfuzlu şəxsləri buraya qonaq çağırır.
Bağı görən-görən heyranlığını bildirir, təriflər sel kimi yağır. Amma bağ salma sənətinin misilsiz ustadı sayılan Lin-çinin fikri imperatoru digər qonaqlarınkından daha çox maraqlandırırdı. Odur ki, qibleyi-aləm rəyini öyrənmək üçün ustada müraciət elədi.
Lin-çi dedi:
— Bu bağda bircə dənə də qurumuş yarpaq görmədim. Bəyəm yaşamla ölüm hər zaman qoşa və qonşu olmur ki?! Xəzəllərin yoxluğu bağınızı donuq və cansız göstərir. Hər halda onları bu səhər “Qonaqlar gələcək” deyə süpürüblər. Bu yanlışı düzəltmək istəyirsinizsə, göstəriş verin, bir qucaq quru yarpaq gətirib töksünlər buralara.
Bu təklif gerçəkləşəndən sonra külək yerdəki xəzəllərlə oynamağa başladı. Onların xışıltısı və pıçıltısı sayəsində bağ sanki canlandı! Ustad bunu görüb dedi: -İndi bu bağda hər şey yerli-yerindədir. Bağınız çox gözəldir, yeganə çatışmazlığı isə onun hədsiz dəqiqliklə planlanmasıdır. İstənilən sənət özünü kölgədə tutduğu və gözə batmadığı zaman misilsiz olur.