İsaak İliç Levitanı ola bilər ki, kimlərsə tanımasın, şəklini, fotosunu görəndə «eh, görəsən hansısa rus mujikidir» — desin, amma ola bilməz ki, onun sir-sifətini tanımayanlar belə haçansa, hardasa onun adını eşitməsinlər yaxud...
Hə, yaxud da onun çəkdiyi rəsm əsərlərindən hansınasa uzun-uzadı diqqətlə baxmasınlar və baxa-baxa, «ilahi, qüdrətə şükür» — ifadəsini dillərinə gətirməsinlər...
Yox, qətiyyən yox, mən bu mülahizəmlə kimlərisə utandırmaq, kimlərisə tələsik gedib Levitanın hansısa əsərinə baxmağa vadar etmək fikrində deyiləm, hərçənd bunun baş verməsinin də heç bir ziyanı yoxdu. Onun «Qızıl payız» əsərindən boylanan bir payız günündən süzülən yorğunluğun, pərişanlığın, ayrılığın kədərli üzünə baxıb, harasa tələsik çıxıb gedən və bir daha dönməyəcək sevdiyin bir adamın ayaq səslərini, xəzəllər üstündə quruyub qalan yaddaşın pıçıltısını eşidəndən sonra Levitanı unutmaqmı olar? Mən hələ onun «Payız günü. Sokolniki» (1879), «Axşam. Qızılı Ples» (1889), «Vladimirka» (1892), "Əbədi sükutda" (1894), «Mart» (1895), «Yağışdan sonra. Ples» (1889) və digər tarixlərdə yaratdığı əsərləri demirəm.
Bunu bir hökm kimi, israrlı tələb kimi yox, belə deyək ki, mənim — aciz bəndənizin ricası kimi qəbul edin və imkan düşərsə bir daha Levitanın əsərlərinə baxmaq, oradakı füsunkar cazibəyə düşmək, ən azı heyrətlənmək fürsətini əldən verməyin.
Adamı utandıran bir məqam olsa da İsaak Levitanı tanımayanlar üçün arayışım olsa-olsa bu şəkildə ola bilər: — Levitan İsaak İliç böyük rus rəssamı, mahir peyzaj ustasıdır. Rəssamlıqda "əhval ruhiyyə peyzajları" janrının yaradıcısı olan bu böyük sənətkar cəmi 40 il yaşayıb.
İndi isə üzümü Levitanı tanıyanlara, rəsm əsərlərinin heyranlarına tuturam və onların mənə, deyəcəyim sözlərə qulaq asmalarını çox istəyirəm. Ona görə ki, siz ən azı Levitanı bir az da dərindən tanımaq şansını əldə edəcəksiniz və bundan imtina etməyinizə isə bir səbəb görmürəm.
Tale elə gətirib ki, Tanrının sevimlisi olan bu rəssamın doğum və ölüm tarixləri üst-üstə düşüb. Burada hansısa qeyri-adilik, gizli eyham, sirli təsdiq axtarmaq fikrindən çox uzağam, amma Levitanın bu qədər yaşamasına görə heç kimə də haqq qazandırmaq fikrində deyiləm, lap elə Tanrıya da etirazımı bildirirəm, amma sən demə 40 yaşında dünyasını dəyişən Levitanı öldürən əsas baiskar arvadlar imiş, Tanrı isə onun canından ayrılmış ruhunu başlı-başına buraxası deyildi ki...
«Levitaşa, arvadlardan qorx!»
Hazırda Sankt-Peterburqda Rus muzeyində Levitanın əsərlərinin demək olar ki, hamısı — əsərlər toplusu nümayiş etdirilməkdədir. Rəssamın yubileyi ilə bağlı açılan bu sərgidə cəmlənən əsərləri zalları gəzərək seyr edirəm. Sənətşünas Viktor Herabinski mənim heyrətimi deyəsən alacalanmış gözlərimdən oxuyur və mənə yaxınlaşır. Ürəyimdə fikirləşirəm ki, indi başlayacaq uzun-uzadı mühazirə deməyə, əsərlərin məziyyətindən danışmağa, ehtiyac duymadığım izahatlara...
Deyəsən əhvalımın dəyişdiyini o da hiss edir və «qorxma, mən sənə Levitanın həyatında və əsərlərindəki tamam başqa məqamlardan danışacam, özü də and içə bilərəm ki, sən o məqamları bilmirsən» — deyir. Nəsə deyəcəyimi gözləmədən davam edir:
— Yaxşı bax, görürsən necə heyrətamiz şəkildə canlıdır bu əsərlərdən boylanan yarpaq, gölməçə, arx üstündə sərələnmiş ağac gövdəsi, havanın rəngi, düzdürmü? Amma bu boyda mahir sənətkarın əsərlərindən boylanan adamlar yoxdu, o, portret çəkməkdən sanki imtina etmiş təsiri bağışlayır. Ən yaxın və ən doğma adamlarının bir neçə portretindən başqa Levitanın kətanlarında hansısa kəsin üzünü görməyə ümid-zad eləmə. Hələ illər qabaq tələbə olanda mən fikirləşə-fikirləşə qalırdım və özümə sual verirdim ki, axı əlində imkan ola-ola gənc və yaraşıqlı Levitan gözəl naturaçı xanımlardan niyə qaçırmış? Bu suala cavabı isə çox sonralar onun tərcümeyi-halını dəfələrlə eşələdikdən, o üz-bu üzə çevirdikdən sonra tapdım.
Viktor Herabinski susur və mən bu cənab sənətşünası indi özümdən bir-iki addım aralanmağa qoymaq fikrində deyiləm. Gəlib durduğum yerdə məni «işə» salan Viktor Herabinski üzümdəki suallarla dolu darıxqanlığı sanki vecinə almır. Aram-aram deyir:
— Levitanın vəsiyyətnaməsinə görə onun bütün arxivinin yandırıldığını bilirdinmi? Hə, bax elə-beləcə heç nə olmamış kimi Levitanın arxivini — məktublarını, gündəliyini, eskizlərini oda atıb yandırırlar. Şükürlər olsun ki, Levitanın dostlarına yazdığı məktubları axtarıb taparaq yandırmaq kimi axmaq bir fikir kiminsə ağlına gəlməyib, yoxsa… Bir də şükür Tanrıya ki, Peterburq və Moskva arxivlərində ona yazılmış məktublardan bəziləri «sağ» qala bilib. O məktublarınsa hər birində Levitanın səhhətindən hədsiz narahatçılıq hissləri qırmızı xətt kimi keçir. Bu məktubların çoxunun müəllifi isə Levitanın ən yaxın dostlarından biri olan Anton Pavloviç Çexovdur. Elə Çexovun arxivində də Levitana yazılmış və ondan alınan cavablar bütün suallara cavab vermək gücündədirlər.
A.P.Çexov bir məktubunda yazır: «Levitanda aortanın eybəcər formada genişlənməsi var. O, sinəsinin altında ürək yox, bir parça gil parçası gəzdirir». Hə, bu zəhrimara qalmış ürək xəstəliyinə Levitan yeniyetmə çağlarında mübtəla olmuşdu. Hələ Rəssamlıq Akademiyasında həkimlər onu nəinki qadınlarla bir yerdə olmağı, hətta onlara sarı baxmağı belə ona qadağan etmişdilər. Anton Pavloviç Çexov isə onu çox sevirdi, Levitanı «diri dahi» adlandırır və yazdığı çoxsaylı məktublarda hər üsulla onu qorumağa çalışırdı. O, Levitanı əzizləyərək yazırdı «Levitaşa, arvadlardan qorx. Bu nazlı-qəmzəli gözəlçələrin hər biri hər yerlərində sənə qarşı gizlədikləri ən böyük pisliyi — ölümü gəzdirirlər. Mən də onların əlindən bezmiş, usanmışam. Lənətə gəlmiş ehtiras səhnələrindən sonra özümü daşladığım, söydüyüm qədər hələ heç kimi o cür təhqir etməmişəm. Levitaşa, səni dost kimi qorumaq mənim borcumdur, amma nə Rusiya üçün, nə də gələcək tarix üçün. Sadəcə bu mənim dostluq borcumdur və bir daha səni xəbərdar edirəm — arvadlardan qorx və onlardan uzaq dur».
Levitan bu məsləhətlərə qulaq asırdı və necə deyərlər az qala bir sufi həyatı yaşayırdı. Elə bu «ruhi peyzajlar» da məhz bu səbəbdən yaranan əsərlərdi. Levitan adamlardan qaçır, təskinliyini təbiətdə tapırdı. Ancaq onun ürək xəstəliyi şiddətləndikcə Levitan səbrini itirməyə başlayır… O, iki dəfə özünə qəsd edir və hər iki cəhdi xoşbəxtlikdənmi, yaxud sırf təsadüfdənmi uğursuz alınır.
«Lap zəhləmi töküb»
Viktor Herabinski söhbətini elə bil ki, bitmiş hesab edir və yaxud yenə qəsdən susur. Deyəsən bu cənab mənim əsəblərimlə oynamağa başlayıb. Bu sənətşünaslar özlərini elə aparırlar ki, guya bunlardan ağıllı, bunlardan idraklı, bunlardan məntiqli mülahizə yürüdə biləcək bir kimsə yoxdu. İndi də bu cənab sənətşünas söhbətin ən maraqlı yerində susub və mızıldanaraq gözünü tavana dikərək heykələ dönüb… "Öhö, öhö" — eyləyirəm və bu yalançı "öskürəklərim" deyəsən onu «cana gətirir», «dirildir». Şükürlər olsun ki, yenə danışmağa başlayır.
— Onun ölümü ilə nəticələnən faciəvi hadisələr Levitanın həyatında Moskvada başlayır. Bu «faciəvi hadisə» isə qadın qismində təzahür edir və bu qadın Sofiya Kuvşinski olur. Sofiya isə bilmir ki, Levitanın həyatına nöqtə qoyası bir adam var və bu adam da elə onun özüdür. Guya incəsənətlə maraqlanan, rəsm əsərləri çəkməyə çalışan bu xanımcığaz Levitandan dərs almağa başlayır. Bu «dərs alma» məsələsi isə əlbəttə ki, Sofiyanın qurduğu oyun idi və o, hər nə olursa-olsun özünü Levitana təslim etməyi, onu "özününküləşdirməyi" qarşısına məqsəd qoymuşdu. Levitanla tanışlığa qədər əlinə fırça almayan bu xanımcığaz bütün məharətini işə salır və günlərin bir günü isə nəhayət, istəyinə çatır. Levitanı yatağına salmaqla Sofiya hansı günaha batdığını və bunun nə ilə nəticələnəcəyini bilmir. İnanıram ki, bilsəydi də bu ehtiraslı, şəhvətli, gözü doymaz xanım istəyindən əl çəkməyəcəkdi, çünki Levitan kimi sadəlövh kişini bir də haradan tapasıydı ki? Bu Sofiya adlı gözəlçə ərdə olduğunu sanki unudur və bir az sonra isə ərini də bu «məhəbbət macərasına» qoşur. "Üçlü məhəbbətin" nəyi bu dahi şəxslərin xoşuna gəlir bilmirəm? Onların yataq otaqlarının qapısı açılar-açılmaz iki nəfərlik çarpayıya üç nəfərin soxulduğunu görürsən...
Levitanın bu "üçkünc" məhəbbəti az keçməmiş dilə-dişə düşür. Anton Pavloviçin «Dəmdəməki» hekayəsini xatırlayırsınızmı? Bax həmin hekayəni Çexov dostu Levitanın həyatından götürüb qələmə almışdı. Həmin hekayədə bir kişinin yanından durub o biri kişinin yanına qaçan xanımdan söhbət açılır. Həmin «xanımın» prototipi elə Sofiya Kuvşinskiydi, bir özgəsi yox. Amma Çexov da çox şeyin, çox hadisələrin üstündən sükutla keçməyə üstünlük verir. Əgər Çexov hər şeyi olduğu kimi yazsaydı, o hekayə dünya dağılsaydı belə dərsliklərə salınan deyildi. Sofiya Kuvşinski Levitana yeni bir dünyanın — intim dünyanın şəhvətlə dolu qapılarını açır. Şəhvət dolu ehtirasdan doymaq bilməyən bu xanımcığazın öhdəsindən əriylə Levitan zor-bəla ilə gəlirlər… Levitan hara gedirsə, indi bu qadın və onun əri Levitanın ayrılmaz hissəsinə çevrilirlər. Onun Volqa boyunca etdiyi məşhur səyahətində də Sofiya ilə əri onun böyründə olurlar, bunu onun rəsmi tərcümeyi-halından da oxumaq olar. Bu səyahət vaxtı onlar üçlükdə Ples adlı kiçik şəhərcikdə qalırlar və üçlükdə də bir yatağa girməkdən çəkinmirlər, necə deyərlər — a lya trua!
1897-ci ilin martında A.P.Çexov F.O.Şextelə ünvanladığı məktubda yazır: «Mən Levitanı yoxladım və onun işi çox pisdir. Onun ürəyi döyünmür, elə-beləcə əsir. „Tuk-tuk“ səsi əvəzinə onun sinəsi altından „pff-tuk...pff-tuk“ səsi eşidilir. Təbabətdə bu „ilk fasiləli səs“ adlandırılır. Levitan yataq otağındakı çarpayıda Sofiya ilə çıxardığı oyunlarla ürəyinin „zəhləsini töküb“ — bu isə sonluq deməkdir».
Qranit üstündəki xatirə
Plesdə keçirilən üç fəsillik müddətdə Levitanın çəkdiyi 200 rəsm əsəri ona şöhrət və var-dövlət gətirdi. Bax, həmin günlərin içində bu şöhrət və var-dövlətlə bərabər onun ünvanına bir ölüm də gəlməkdəydi. Sofiyanın seksual cəngavərliyi qarşısında onun ürəyi dözmür və nəhayət, avqust ayında 1900-ci ildə Levitan qəfildən vəfat edir.
Levitanın qohum-əqrəbası həmin gündən Sofiyaya «müharibə» elan edirlər və onun dəfnetmə mərasimində iştirakına razılıq vermirlər. İsaak Levitanın qardaşı Abel hətta onun qəbri üstündə qoyduğu qranit başdaşı üzərinə Sofiyanın gül qoymasını belə ona qadağan edir, bir neçə dəfə onu Levitanın qəbri üstündən qovur. Sofiya buna görə də Ples adlı şəhərcikdə, vaxtıyla Levitanla cənnətdə keçirilən günlərə bənzər gün keçirdikləri həmin şəhərdə Levitan üçün qranitdən ikinci bir xatirə daşı ucaldır. Kimsədən qorxmadan. Bilirsiniz bu qranit abidə hansı formadaydı? Xəyalınıza gətirə bilmədiyiniz bir formada! Hə, bu Levitanın cinsi orqanının tam oxşarı olan bir formada və bu gün onu turistlərə belə göstərməkdən utanırlar. Sofiya isə sona qədər bu abidəylə öyünür və hər yerdə hamıya bu lənətə gəlmiş «abidənin» şəklini göstərməkdən sanki həzz alır.
Bu qadınlardan heç cürə baş açmaq olmur və çalışıb bacardıqca onlardan uzaq durmaq lazımdır, hətta ürəyin tam sağlam olsa belə, düz demirəmmi, dostum?
Viktor Herabinskiyə heç nə demirəm və bu sənətşünası öz yerində qoyub qapıya doğru addımlayıram… İndi qulağıma bir səs gəlir… Levitanın döyünmək istəməyən ürəyinin və bir də Sofiyanın ehtiraslı qəhqəhələrinin səsi...
«Ekspress qazeta» Mixail Aleksandrov
Tərcümə və təqdim edəni Alim Məhərrəmli