Onun həyatındakı yeddi qadının beşi dəli olub, ikisi intihar edib
Dünyada çox məşhurlar var ki, tarixə təkcə istedadları ilə deyil, həm də qadın düşkünü olduqlarına görə düşüblər. Məhz bu xüsusiyyətləri onlara ikili münasibətin formalaşmasına səbəb olub.
Qadının “əsiri” yox, əsl cəlladına çevrilən məşhurlardan biri də Pablo Pikasso idi. Bu rəssam təkcə qadın sevgisinin, ruhunun, hisslərinin qatili olmayıb… Özünün etirafına görə, hələ gənc ikən falına baxan bir qaraçı ona – “Sən heç kəsə xoşbəxtlik gətirməyəcəksən, Pablo” – deyib…
Bilmək olmaz ki, qaraçı bunu onun əlindən oxuyub, ya yox… Amma hər halda, o, həqiqətən də həyatına daxil olduğu və uzun müddət əlaqə saxladığı
qadınların yeddisindən (kiçik maraqlarını demirik) heç birinə nəinki xoşbəxtlik gətirmədi, hətta beşinin dəli olmasına, ikisinin intiharına səbəb oldu… Və təkcə qadınlarının yox, eyni zamanda da övladlarının…
Biblioqraflar onu XX əsrin ən tanınmış rəssamı adlandırırlar. Art-karyerası 80 il davam edən Pikassonun rəsm işlərindən başqa, heykəl, qrafik və keramik əsərləri, litoqrafiyaları qalıb. Bu adam həm də yeddi qeyri-adi qadının həyatını dəyişib.
Qəribədir ki, adətən sənət adamlarının qadın ruhunu daha asanlıqla başa düşdüyünü və onu incitməyə daha az cürət etdiyini deyirlər. Görünür, yanlış fikirdir. Çünki gözəl rəssam və sənət duyumu olan bu insan qadınlarını (onların ikisi arvadı olub) təkcə atmaqla kifayətlənməyib, birgə sürdükləri həyat boyu onları alçaltdığı və incitdiyi haqda da kifayət qədər faktlar var. Amma gəlin bu faktlara bir qədər ardıcıllıqla nəzər salaq…
25 oktyabr 1881-ci ildə rəsm müəllimi Xose Ruizin ailəsində anadan olan Pablo artıq on yaşında şəkil çəkmək manyakına çevrilmişdi. On üç yaşında ilk sərgisini təşkil edir. Uşaqlıqdan atasının soyadını bəyənməyən Pablo, anasının qızlıq soyadını götürür Pikasso. Bir neçə ildən sonra artıq bu soyadı tanımağa başlamışdılar.
“Elə bir qadına rast gəlmədim ki, mənə qarşı laqeyd qalsın. Onlar nəinki laqeyd qala bilmir, heç arzu və tələblərimə əməl etməkdən də boyun qaçırmağı bacarmırdılar” yazan Pikasso qadınların ürəyinə hakim olmaqla, onları təkcə öz rəsm əsərlərinin qəhrəmanına çevirmirdi.
Parisdə yaşayan rəssam ilk ilham pərisinə və naturaçısına məhz burada rast gəlir. Fernanda Olivye əsasən qırmızı və çəhrayı çalarlarda işlməyə üstünlük verən, sirk, arlekinlər və səfil aktyorların furqonlarını təsvir etməyi xoşlayan rəssamın əsərlərinin qəhrəmanına çevrildi. Bu qadın uşaq və ailə haqqında düşünürdü, məhz bu, onların ayrılmasına səbəb oldu. Həmçinin rəssam onun intellektual səviyyəsinin aşağı olmasını bəyənməmişdi: “Baxmayaraq ki, o, gözəldir, amma həddindən artıq sadə və yaşlıdır”.
Pikassonun ikinci qadını 1911-ci ildə “Ermitaj” kafesində tanış olduğu rəssam Markussisin rəfiqəsi Yeva Quel idi. O, həqiqətən də rəssamın çox xoşuna gəlmişdi. Pikasso bu tanışlıqdan sonra Yevanın naturası əsasında çox qısa zaman ərzində “Mənim gözəlim” əsərini çəkdi. Kubizm üslubunda çəkilmiş bu əsərdən əlavə, sürrealist “Kresloda əyləşən qadın”da da Yeva təsvir olunub. Əksər hallarda Yeva bu əsərlərdə gitara formasında peyda olurdu.
Yeva rəssamın məhəbbətinə səmimiyyətlə cavab verir və
Pikassonun qadınları ələ keçirmək üçün superresepti – onların rəsmini çəkməsi – bu dəfə də öz nəticəsini göstərir. Onunla Avropaya səyahətə çıxan Pikasso 1915-ci ilin yazında ailə qurmaq qərarına gəlir. Amma bu, baş tutmur, çünki Yeva xərçəng xəstəliyinə tutularaq tez bir zamanda dünyasını dəyişir.
Bu hadisədən bərk sarsılan Pikassonun həyatında üçüncü qadın peyda olur və rəssam budəfəki şikarını rəqs edən zaman görür. 25 yaşlı rus balerinası, rus çar generalının qızı Olqa Xoxlovayanı da o, başqa qadınlara tətbiq etdiyi üsulla ələ keçirmişdi. Amma bu naturaçı ilə evlənmək ona qismət olur. Onlar 1918-ci ilin 12 iyulunda ailə qururlar.
Amma bu dəfə, necə deyərlər, daş qayaya rast gəlmişdi. Çünki aristokrat ailədən olan Olqa onu özünə tabe etməyə çalışırdı. O, istəyirdi ki, Pikasso öz dostlarından əl çəkib, zadəganlara məxsus həyat sürsün. Rəssamı isə belə həyat özünə çəkmirdi. Olqa onun yeganə qanuni oğlunu – Raulonu dünyaya gətirəndə sənətkarın 40 yaşı vardı.
Tanınmış yazıçı və dramaturq Cak Koktonun “dahi arvadbaz” adlandırdığı Pikassonun dördüncü qadını 1927-ci ildə, “Lafayet qalereyası” adlanan dükanın yaxınlığında tanış olduğu 17 yaşlı bir qız olur. Onun ardınca uzun müddət getdikdən sonra rəssam yaxınlaşaraq, “madmuazel, mən Pikassoyam və biz birlikdə çox işlər görə bilərik”- deyir. Bu qızın adı Mariya Tereza Uolter idi. O, yetkin yaşına çatmadığı üçün rəssam onunla münasibətini bir müddət gizlətməli olur. Pikasso bu sevgilisi üçün Buagela qəsrini alır, orada emalatxana açır və uzun müddət bu qız onun yeganə modeli olur. Pablonun bu qızla işlədiyi məşhur işlərdən biri “Vaza ilə qadın” heykəlidir. Bu gün həmin heykəl Vovenarqda dəfn olunmuş rəssamın qəbrinin üstündədir.
1935-ci ildə Mariya uşaq gözlədiyini xəbər verəndə, əmlakının yarısını itirməmək üçün Olqadan ayrılmağı arzulamayan rəssam Mariya Tereza ilə evlənə bilməyəcəyini bildirir. Həmçinin o, gizli həyatının başqalarına bəlli olmasını istəmirdi. Mariya Terezadan Pikassonun Mayya adlı qızı olur. Buna baxmayaraq, onların birgə həyatı başa çatır. 1936-cı ildə Pikasso Olqa ilə nikahını rəsmi şəkildə pozur, Mariya Tereza ilə əlaqəsini kəsməsə, onu həmişə pulla təmin etsə də, cəmiyyət arasında Dora Maar adlı rəssam və fotoqraf qadınla görünməyə başlayır. Bu qadın müharibədən əvvəlki illərdə onun yeganə ilham mənbəyinə çevrilir. Dora ilə əlaqəsi 1946-cı ilə qədər davam edir.
Özünüzü hazırlayın, çünki 62 yaşlı rəssamın növbəti sevgilisini sizə təqdim edəcəyik. 1943-cü ildə Pikasso Paris restoranlarından birində Fransuaza Cila adlı 21 yaşlı gənc rəssamla tanış olur. Bu gənc və gözəl qadın tez bir zamanda rəssamı ələ aldı və onun əsərlərində görünməyə başladı. “Qadın-çiçək” adlı məşhur rəsm əsəri məhz bu məhəbbətin simvolu kimi ortaya çıxdı. Onu da deyək ki, Pikasso bu qızla başqaları kimi rəftar etməyi bacarmayıb. Çünki ilk görüşlərindən dörd ay keçən müddət ərzində, daha ciddi xarakterə malik bu qız onu özünə yaxın belə buraxmayıb. Bununla belə, rəssamın növbəti uğuru da baş tutur və bu dəfə başqa bir qəsrdə – Qrimaldidə emalatxana açaraq qadınını ora aparır. Pikassonun Fransuazadan Klod adlı oğlu və Paloma adlı qızı olur. “Pikasso ilə həyat” adlı qalmaqallı kitabında Fransuaza yazırdı ki, Pikasso həmişə onu ələ salıb və o, xəstələnən zaman tez-tez “xəstə qadınlara nifrət edirəm” sözlərini təkrar edirmiş.
Onun sonuncu qadını Caklin Rok idi. Kannda sevgilisi üçün villa alan rəssam 1961-ci ildə, 80 yaşında onunla- 34 yaşlı qadınla gizlin evlənir. Amma bu qadın uşaqlarına və qadınlarına onunla görüşməyi qadağan edir, yalnız Mariya Terezaya onunla məktublaşmağa icazə verib.
Pikasso xəstə idi, eşitmirdi, görmürdü, amma Caklin onun qulluğunda durur, yedizdirir, yuyundururdu. Pikasso 1973-cü il, aprelin 7-də dünyasını dəyişib. 92 yaşında ölən rəssamın 80 mindən artıq rəsm əsəri qalıb.
İndi isə elə bir gözəl görkəmə malik olmayan, amma bu qadınların sevgilisinə çevrilib onlara əzab verən, atan rəssamın son zərbəsi haqqında.
Fernanda dəli olur, Yeva xərçəngə tutulur, Olqa həyatına psixi xəstə kimi başa vurur, Mariya Tereza rəssamın ölümündən dörd il sonra intihar edir, Dora da ağlını itirir və onun sonuncu arvadı olan Caklin isə rəssamın ölümündən on üç il sonra özünü güllələyir. Yuxarıda qeyd etdiyimiz kimi, o, yalnız qadınlarının faciəsinə səbəb olmayıb. Oğlu Paola içki içərək serrozdan dünyasını dəyişib, Mayya avtomobil qəzasında həlak olub, ikinci oğlu isə intihar edib. Yalnız Fransuaza sağ qalıb və yalnız qızı Paloma atasının familiyasının gətirdiyi pulları ətir və geyimə xərcləyə bilib.
Bu faktlar azmış kimi, daha bir detala diqqətinizi çəkmək istəyirəm.
Qadınlarını atmağa adət etmiş rəssam hətta yeni sevgilisinin qarşısında özünə bəraət qazanmaq cəhdində bulunurmuş. Belə ki, o, Fransuazaya qəribə bir
etiraf edib: “Hər dəfə qadını dəyişəndə, əvvəlkini yandırmaq lazımdır. Məhz bu cür onlardan azad olmaq mümkündür. Bəlkə də bu, mənə cavanlığı qaytara bilər. Qadını öldürmək keçmişini məhv etmək deməkdir – onun özündə əks etdirdiyi keçmişini”. Fransuaza daha bir faktı da xatırlayır: onunla gəzərkən Dora Maarla rastlaşan rəssam Fransuazaya maşında gözləməyi tapşırır və əvvəlki sevgilsiylə evə keçir. Bir qədər gözləyəndən sonra pəncərədən evə boylanan qadın ərini əvvəlki sevgilisinin ağuşunda görür. “Mən ilk dəfə onun yaşlı olduğuna fikir verdim. Və ilk dəfə anladım ki, mənim üçün öz yaşıdımla birlikdə böyümək daha yaxşı olardı, nəinki artıq tərbiyəsilə məşğul olmağın zamanı keçmiş bu qocayla”. Onu da qeyd edək ki, Fransuaza Pikassonu atan ilk qadın idi. Bu məqamda ağıllı iş görüb deməkdən də özümü saxlaya bilmirəm. Həmçinin, rəssamın yeri boş qalmır, çünki qadın tezliklə ailə qurur.
Beləliklə, biz bir məşhur rəssamın sevgi “səlnaməsi”nə nəzər saldıq. Təbii ki, bu həm də yadda qalan, atılan və alçaldılan qadınların tarixçəsidir. Və nə yazıq ki, onun əsərlərinə tamaşa edərkən həmin tarixçənin təsiri təfəkkürlərdə arxa plana keçir və görünməz olur… Amma, yalnız əsərlərə tamaşa edərkən…
Hazırladı: Aytən