Aslan Pirosmaninin oğlu
Niko gənc rəssam Le-Dantyu və Zdaneviç qardaşları tərəfindən Tiflisdə heç kəsin fərqində belə olmadığı xəzinə kimi milli sərvət kəşf olundu.
***
1913-cü ilin mart ayının 24-də indiki Puşkin küçəsində “Mişen” qrupunun sərgisində ilk dəfə olaraq Pirosmaninin də əsərləri sərgiləndi və sənətsevərlərin, özəlliklə də futuristlərin diqqətini cəlb etdi. “Mişen”in kataloqunda Pirosimaninin “Pivə içən qız”, “İ.M.Zdaneviçin portreti”, “Maral” əsərlərinin adları çəkilir.
Kiril Zdaneviçin xatirələrinə inansaq, onun xatirələrinin gerçəyi yansıtmasına inanmağa əsasımız yoxdu, kataloqda yanlışlığa yol verilib. “Ortaqala gözəli”, “Ziyafət” əsərləri kataloqda göstərilməyib.
1916-cı ilin mayında İlya Tiflisdə Pirosmaninin əsərlərindən ibarət sərgi aça bilir. 1914-cü ildə o, Pirosmani yaradıcılığı haqqında məqalə yazmışdı. Rəssamın özünün sərgidə iştirak edib-etmədiyi haqqında əlimizdə bir məlumat yoxdur.
***
“Mişen” qrupunun səsli-küylü sərgisində rus avanqardları M.Raionov, M.Şaqal, N.Qonçarova, K.Maleviç, Bart kimi görkəmli nümayəndələri ilə bir sərgidə əsərləri nümayişə etdirilən Pirosmani Tiflisin Ortaqala məhəlləsində öz şöhrətindən xəbərsiz yarı sərsəri bir həyat yaşayırdı…
***
Pirosmaninin obrazları bərbər, duxançı, dalandar, aşbaz, sazəndar, şarmanşik, şəhər kitoları, əli qabarlı kəndlilər, ortaqala qadınları zahirən rahat, qayğısız görünsələr də, əslində daxili təlatümlərini, həyat dramlarını yaşam sevgisiylə, səbrlə yaşatmağı bacaran qürurlu və mərd insanlardı – eynən rəssamın özü kimi.
Rəssam Lado Qudiaşvili yazır ki, Pirosmaninin üzündə sirli bir ifadə vardı.
Məncə, Niko Pirosmani taleyin bütün zərbələrinə rəğmən içindəki cocuğu qoruyub saxlaya bilmişdi, o, Ortaqalaya, Tiflisə, hər gün gördüyü mənzərələrə, əşyalara və insanlara cocuq heyrəti ilə baxardı, O, içindəki heyrət hissini boyalara qarışdırıb müşəmbə üzərinə köçürərdi.
Pirosmani haqqında düşünəndə Pablo Pikassonun aşağıdakı sözlərinin nə qədər gerçək olduğuna və bu gerçəkdən Pirosmaniyə də pay düşdüyünə inanıram.
Rəngkarlıq nəsr deyil, poeziyadı, o, şeirlə, plastik qafiyələrlə yazılır – deyir Pablo Pikasso.
***
Niko Pirosmani 1862-ci ildə, Şərqi Gürcüstanda (Kaxetdə) Mirzəani kəndində doğulub. Erkən yaşlarında valideynlərini itirən Niko Tiflisdə zəngin bir ailənin himayəsində böyüyüb.
Rəssamın əfsanə dumanına bürünmüş həyatı şərq pritçasına bənzəyir, – amma bu pritçanın sonu xoşbəxtliklə bitmir.
Norveç rəssamı Edvard Munk yazır ki, tablolarımdan savayı mənim heç nəyim yoxdu. Onlarsız mən heç kiməm. Pirosmaninin rəsmləri onun rənglərlə, cizgilərlə yazılmış şeirləridi – bu şeirlərin tragik ruhu yoxsul, kimsəsiz, yalnız, amma məğrur bir kintonun ruhudu.
***
Pirosmaninin tablolarında zürafə, aslan, ceyran, dəvə və inək obrazları təbiətin möcüzəsi kimi təsvir və təqdim olunur, rəssam bu obrazları ilhamla, sevə-sevə, hardasa nəvazişlə fırçaya alır, bu obrazlarda incə bir yumor sezdiyimi də vurğulamaq istəyirəm. İndi mən rəssamın bu qəbildən olan tablolarını təbəssümlə xatırlayıram. Mən bu təbəssümə görə ona minnətdaram.
Bu tablolarda rəssamların diqqətini çəkən bir özəllik zənnimcə mənə haqq qazandırar, onun ceyranlarının, aslanlarının, zürafələrinin gözləri insan gözlərinə bənzəyir…
***
1912-ci ildə Pirosmani sənətini ilkin olaraq kəşf etmiş istedadlı gənc rəssam Mixail Le-Dantyu 1917-ci ildə 26 yaşında faciəli surətdə həlak oldu. Onun ölümü haqqında müxtəlif versiyalar mövcuddur.
Le-Dantyunun vəfatından bir il sonra Niko Pirosmani 56 yaşında dünyadan köçdü. Pirosmanidən 200-dən artıq əsər günümüzə qədər gəlib çıxıb.
Kirill və İlya Zdaneviç qardaşları uzun ömür yaşadılar, Le-Dantyunu və Pirosmanini unutmadılar və hər fürsətdə təbliğ etməyi özlərinə vicdan borcu bildilər.
***
Yüz il öncə Tiflisin Ortaqala məhəlləsində qəribə bir adam yaşayırdı. Ucaboylu, solğunbənizli, saçlarını səliqə ilə arxaya daramış bu adam şəhərin labirintə bənzər küçələrində, Kür çayının sahilində fikirli-fikirli gəzib dolaşardı. Tiflisin bütün traktirlərində və duxanlarında onu kinto Niko kimi tanıyırdılar.
Kinto Niko bu dünyanın adamı deyildi – o, rəssam doğulmuşdu…
Hazırladı: ADİL MİRSEYİD