Parisə yağış yağırdı və kimsə itlərlə birgə islanırdı… İtlər onu tanıyırdı. İtlər, sərxoşlar, avaralar və Parisin bütün sənət mühiti onu tanıyırdı. Onun Parisdə şərab içmədiyi meyxana, tiryək çəkmədiyi dalan, hansısa qızla sevişmədiyi otaq və çılpaq rəsmlərini çəkmədiyi qadın, demək olar ki, qalmamışdı. Onu ölməmişdən dahi sayırdılar. Pikasso onun rəsmlərini dəli kimi qısqanırdı. Ən yaxın rəqibi, dostu və düşməni Pikasso kimi əsərlərini pula çevirə bilmirdi. Düzü, heç cəhd də eləmirdi. O, əyyaşın, avaranın, tərbiyəsizin biriydi. O, heç vaxt elitar salonlara, məclislərə can atmazdı. Onun üçün bir-iki dostla ucuz bir meyxanada, ya da hansısa küçənin tinində bir şüşə şərab içmək, tiryək çəkmək daha maraqlıydı, şiriniydi. Deyilənə görə, Pikassonun ölüm döşəyindəki son sözü onun adı olub.
O, MODİLYANİ idi - AMADEO MODİLYANİ…. Modilyani yəhudi əsilli italyan idi. Amma bəlkə dünyada ondan istedadlı və həm də ondan kasıb yəhudi olmayıb, olmayacaq da. Parisə yağış yağırdı. Allah ağlayırdı… Modilyani hər Parisə yağış yağanda fırçasını Allahın göz yaşlarında isladıb, səmanın mavisindən, günəşin sarısından, şərabın qırmızısından, otların yaşılından, tiryəkli beyninin dumanlı bəyazından və bəxtinin qarasından oğurladığı boyalarla çəkməyə başlayırdı. Qadınları çəkirdi. Geyimli, çılpaq qadınları… İnanırdı ki, gələcək sənətin sirri qadın cizgilərində gizlənib. Amma gözlərini çəkmirdi. Bütün rəsmlərdə həmişə gözləri quyu kimi boş qoyurdu. Bu, onun imzasıydı. Parisə yağış yağırdı. Amma onun çəkdiyi quyu gözlər dolmaq bilmirdi ki bilmirdi… Həkimlər bir gün ona diaqnoz qoydular ki, vərəmsən. Şərab içməməli, tiryək çəkməməlisən. Modilyani isə ölənə qədər çaxır da içdi, tiryək də çəkdi, rəsm də. Günlərin bir günü Jannanı gördü.18 yaşlı Jannanı. Vuruldular, sevişdilər. Jannanın atası bu münasibətin əleyhinəydi. Klassik ssenari. Çünki, onun fikrincə, Modilyani avara, tərbiyəsiz, məişət pozğunuydu. Amma artıq gec idi. Janna hamiləydi. Parisə yağış yağırdı. Gecə yarıydı. Bir evin işıqları səhəri açmaq istəyirdi… Modilyani Jannanın rəsmini çəkirdi. Amma gözlərini çəkmirdi. Janna gözlərinin olmadığını görüb soruşurdu: - Bəs gözlərim hanı ? Avara, tərbiyəsiz, əyyaş və rəssam Modilyani cavab verirdi: - Ruhunu tapanda gözlərini də çəkəcəm… Janna dünyaya uşaq gətirəndən sonra Modilyaninin vəziyyəti çətinləşdi. Çünki pulu yoxuydu. Pikassonun köməkliyi ilə dostları onun “Çılpaq qadınlar” silsiləsinin sərgisini təşkil etdilər. Janna sevinirdi. Sevinirdi ki, şəkillər alıcı tapsa, pulları olacaq. Sərginin açılışından heç on dəqiqə keçməmiş polislər gəlib sərginin qapadıldığını elan edirlər. Niyə? Çünki guya Modilyaninin şəkilləri əxlaqsızlığı təbliğ edir. Modilyani, həmişəkinin əksinə olaraq, dəlilik etmədən sərgidən çıxır. Parisə yağış yağırdı. Modilyani susurdu. Yağışın altında Jannayla boş küçələrdə gəzişirdilər. Çətirsiz idilər. Modilyani birdən Jannanın qollarından tutub onunla rəqs etməyə başlayır. Əyilib qulağına pıçıldayır: - Janna, mən sənə bu yağışdan başqa heç nə verə bilmərəm… Modilyani ölənə qədər Jannaya yağışdan başqa heç nə verə bilmədi.
Parisin sənət mühitinin yığışdığı, o dövrün məşhur kafelərindən birində rəsm yarışması elan olunur. Modilyani Pikassonun gözlərinin içinə baxa-baxa, onu duelə çağırırcasına adını siyahıya yazır. Kafedə hamı susur. Hamı gözləyir ki, görəsən, Pikasso öz adını o qədər də ciddi olmayan bu yarışın siyahısına yazarmı? Pikasso aramla Modilyaninin yanına gəlir və öz adını onun adının altından siyahıya yazır. Bu yarışmada Modilyani və Pikassodan başqa rəsm sənətinin digər dörd böyük imzası da iştirak edir: Sote, Rivera, Kesler və Utrillo.
Parisə yağış yağır. Hamı yatır. Yağışdan və rəssamlardan başqa.. Bütün rəssamlar gecə-gündüz, təyin olunmuş zamanacan çəkməyə başlayırlar. Parisə yağış yağır. Və yağış, vaxtı yuyub təyin olunan günə aparır… Modilyani növbəti uşağa hamilə olan Jannaya sürpriz etmək istəyir. Nikah bürosuna gedib, ər-arvad olduqlarının rəsmiləşdirildiyi kağızı almaq istəyir. Alır da. Qayıdanda saatına baxır ki, yarışa hələ bir saat var. Ayaqları onu meyxanaya dartır. Girir. Bir qədəh şərab sifariş verir, dalınca bir qədəh də, sonra biri də… Sərxoş halda meyxanada qışqırır ki, bu gün mənim çoxlu pulum var, bu gün nə qədər istəsəm, içə bilərəm. Parisə qar yağırdı. Ölüm kimi bəyaz qar… Modilyani meyxanadan çıxır və səntirləyə-səntirləyə getməyə başlayır. Arxadan iki kölgə yaxınlaşır. Bayaq meyxanada Modilyaninin “çoxlu pulum var” sözlərini eşidən kölgələr onu yaxalayırlar. Ölümcül döyürlər. Parisə qar yağır. Sərgi başlayır. Hamı həyəcanlıdır. Parisin bütün sənət mühiti burdadı. Hakim bir-bir rəsmlərin üstündəki örtükləri çəkir. Rəssamın və rəsmin adını deyir. Birinci rəsm - Sote. “Mənim Qırmızım”. Salon alqışlayır. İkinci rəsm - Dieqo Rivera. “Meksika”. Salon alqışlayır. Üçüncü rəsm - Kesler. “Qorxu”. Salon alqışlayır. Dördüncü rəsm - Moris Utrillo. “Dəlilik”. Salon alqışlayır. Həyəcandan, intizardan nəfəslər kəsilir: “Görəsən, Pikasso nə çəkib?” Beşinci rəsm - Pikasso. Rəsmin adı… “Modilyani”. Bəli, Pikasso Modilyaninin rəsmini çəkmişdi. Salonda sürəkli alqışlar. Pikasso razılıqla başını yelləyir. Hamı yenidən nəfəsini içinə çəkir. Və nəhayət, sonuncu, altıncı rəsm - Modilyani. Rəsmin adı “JANNA”. Salon susur, donub qalır. Bir neçə saniyə özünə gələ bilmir. Janna hönkürtüylə ağlamağa başlayır. Ağlayır, çünki Modilyani ilk dəfəydi, bir rəsmdə gözləri də çəkmişdi. Artıq Janna dünyaya Modilyaninin gözləriylə baxırdı. Və artıq Modilyani də görürdü. Birdən Pikasso dəlicəsinə alqışlamağa başlayır. Bütün salonda gurultulu alqışlar qopur. Modilyani tənha küçələrin birində al-qan içində, ölümcül yaralıykən Janna artıq görməyə başlamışdı. Parisə qar yağırdı. Ölümcül qar… Hə, bax belə. Rəsmin adı “Janna”ydı. Göy paltarda, növbəti uşağa hamilə, gözləri yerində, Modilyaniyə baxan Janna. Parisə yağmur yağırdı. Modilyani ölürdü. Bütün dostları və Janna yanındaydı. Modilyani o gün güclə nəfəs ala-ala bir az daha dözür və ölür. Heç nə demədən ölür. Parisə yağış yağırdı və yağış Modilyaninin fırçasını təmizləyirdi… Yağmur Parisə və Modilyanin məzarına Jannanın gözlərindən yağırdı… Üç gündən sonra Janna qarnındakı körpəsiylə birgə özünü 5-ci mərtəbədən atıb öldürür. Parisə, Modilyaninin və Jannanın məzarlarına yağmur yağırdı. Yağmur yağırdı, ancaq yağmur. Yağmurdan başqa heç nə…