Utopik realizm

Utopik realizm

İnsan həyatı həm bir ömrə sığan günlər, aylar, illərdir, həm də illərə, aylara, hətta günlərə sığa bilən bir ömürdür. Zaman etibarilə kiçik olanın böyük olana sığması təbii və məntiqidir. Ancaq böyüyün kiçiklərə sığması zaman məfhumunu xeyli dərəcədə dəyişir. Onu nisbiləşdirir, məna və mahiyyət etibarilə başqa bir boyuta daşıyır. Necə deyərlər, əsrə bərabər günlər, saatlar, hətta dəqiqələr mövcuddur. Aytmatovu bilmirəm, ancaq mən bu ifadəni bədii obraz və yaxud da metafora olaraq işlətmirəm. Mənim üçün zaman dəqiq hesablanmış bir məfhumdur.
Bəs nəyi hesablayır və yaxud da nəyə hesablanır bu zaman?
Bu sualın bir neçə cavabı vardır. Ancaq bu gün bu yazıda bizi məşğul edən şey zamanın faydalılıq əmsalı ilə münasibətidir. Yəni, əgər bir gündə baş verən hadisələr başqa şərtlər altında bir il ərzində baş verirsə, deməli, həmin bir gün nisbi zaman etibarilə bir ilə bərabərdir. Sürət zamandan asılı olduğu qədər zaman da sürətdən asılıdır. Hərəkətin zamanı təyin etmə anlayışı çağdaş fizikanın ən aktual problemlərindən biridir. Lakin fiziklərin hesabladıqları və nəticədə düstur, teorem və ya aksioma şəklində ortaya qoymaq istədikləri şeyi biz hər gün canlı həyatda müşahidə edə bilərik. Zaman niyə gedir? utopik realizmNə üçün dayanmır və bu dövri-daimdən məqsəd nədir? Bəlkə zamanın keçidi bizə bir şeylər anlatmaq istəyir? Hər fərdin və hər feiliyyətin öz şəxsi zamanı ola bilərmi? Mən nədənsə, buna çox inanmaq istəyirəm. Çünki, yuxarıda adını çəkdiyim faydalılıq, yəni verimlilik əmsalını ortadan qaldırmış olsaq, zaman məfhumunun bir anlamı qalmayacaq.
 Zaman, bir mənada su kimi bir şeydir. Onun axışında mütləq bir səbəb və nəticə mövcuddur. Zamandan istifadə etmək, sudan istifadə etməyə çox bənzəyir. Su vadiləri olduğu kimi, zaman vadiləri də vardır. Bu vadilər yamyaşıl, bərəkətli, verimli ola bilər, əgər biz bu axışın faydalarını bilsək və daha doğrusu, onu faydalı edə bilsək. Zaman bəzən məkan və reallıq deyilən dayaz və yerüstü şərtlərin basqısı altında olur. Bu basqılar çoxlarının zamanının boşuna axıb getməsinə səbəb olur. Bir gündə başa gələ bilən şeylər nəinki bir ildə, heç bir ömür boyu başa gəlmir. Material və maddi tələbatın qeyri-təbii üzü olan şişirdilmiş arzu və istəklər insan həyatının məna və mahiyyət əmsalını sıfıra endirir. Halbuki, insan elə xəlq olunmuşdur ki, ona verilən zamanın ən az hissəsi material tələbata xərclənə bilərdi. Ancaq nə yazıq ki, bu iddia ciddi bir şəkildə utopiyadan başqa bir şey deyil. İnsanın maddi tələbatı onun bütöv bir ömrünü zəbt edərək, ona fani və çürük bir həyat bəxş edir. Çünki, maddi dünya real deyil, aldanışdır, fiaskodur. Siz dünyada arzusu, istəyi bitən, nəfsinə «dur» deyə bilən bir tək insan gördünüzmü? Yaxşı bəs, arzuları, istəkləri bütünlüklə yerinə gələn, nəfsini tamamilə təmin edə bilən bir insan gördünüzmü? Qətiyyən! Mümkün deyil belə bir şey. Ancaq əqli və mənəvi tələbatın aqibəti buna bənzəmir. Bəli, o da bitmir, onun da dairəsi yarımçıq qalır. Lakin o peşmançılıq gətirmir, insan həyatının fani və çürük olmadığını göstərir. Parçaların zövqü başqadır, tamın zövqü başqa. Maddiyyat parçacıqların qələbəsidir. Ancaq tamın məğlubiyyətidir. Material təfəkkürlə keçinən insan həyatının ayrı-ayrı anlarından zövq alır. Bütöv həyatı isə, mənasız və məzmunsuz olur. O parçacıqlar ayrı-ayrılıqda gözəl və maraqlı görünə bilər. Ancaq onları birləşdirdikdə, çox eybəcər bir mənzərə çıxır ortaya. «Gözəl və maraqlı» deyə təbir etdiyimiz o hissəciklərin özü də əslində bir sonrakı boşluğa və qaranlığa açılan qapıdır.
 Heç kim gecə oturduğu ləzzətli süfrəni sabah xoş duyğularla xatırlaya bilməz. Bu, ən azından tibbi cəhətdən mümkün deyil. Ancaq, gecə boyu yanan şamın əriyib üzərinə töküldüyü vərəqləri və yaxud da açıq qalmış piano qapağının üzərində duran dağınıq və yorğun notları sabah açıldığında görən insan ikrah hissi deyil, ləzzət və məmnuniyyət hissi yaşayır. Həzrət Əlinin məşhur kəlamını bir daha xatırlamamaq mümkün deyil: «Ləzzət gedər, günahı qalar, əziyyət gedər, ləzzəti qalar».
Maraqlı və acınacaqlıdır ki, insanlar həmin bu birinci, yəni «günahı qalan» ləzzətə, bəşəriyyətin ən böyük nailiyyətini, incəsənəti alət ediblər əsrlər boyu! Elə bu gün də və gələcəkdə də belə görünür ki, incəsənət mütləq əksəriyyətin istirahət və əyləncəsini müşayiət edəcək. Bu isə onun vəznini xeyli dərəcədə aşağı salmaqla, get-gedə onun nüvəsini əritməyə başlayır. İncəsənətin nüvəsi isə dayaz insan əyləncəsinin tələbatından deyil, tam tərsinə, zəhmətin və inanılmaz əzabların həyat üzərindəki qələbəsindən yoğurulmuşdur. Bəzən incəsənət nümunələri elə ağır, elə dərin olur ki, onu yüngül və dayaz istəklərin xidmətçisinə çevirmək heç cür mümkün olmur. Və inanın ki, bu ağırlıqdan, bu dərinlikdən yararlanmaq bir fürsətdir. Utopiyanı sevmirəm, ancaq tələsmək lazımdır! Pafosu heç sevmədiyim üçün, başqalarından ötrü deyil, şəxsən özümüzdən ötrü tələsmək lazımdır deyirəm. Çünki, materiallığa və əyləncəyə gedən zaman əleyhimizə işləyir. Bir qəza və ya hansısa bədbəxt hadisə nəticəsində bir anlıq toxtayıb görəcəyik ki, artıq çox gecdir. Buna rəğmən, mən zamanın hər kəsə ayrıca nisbiyyət bəxş etdiyinə inandığım üçün heç nəyin gec olmadığına da inanıram. Nəticıdə çürüməyə və iylənməyə məhkum olan zəhərli istəklərin əlindən bir gün yaxa qurtarıb, qısa bir zaman ərzində mənəviyyat fədailərinin dolçası altında yuyunub, pak olmaq mümkündür. Çünki, sırf paklanmağa və gözəlləşməyə hesablanmış din belə qarşşlıqlı insan-Tanrı mənfəətləri üzərində qurulan bir əmtəə mübadiləsidir. Ancaq, Dante bunun əvəzində məndən heç nə istəmir. Şeyxlər hələ də nəzir istəyir, amma Şəms Təbrizi hələ də bizim ondan bir şeylər istəməmizi istəyir. Özümüzdən başlayaq və heç yana getməyək. Elə özümüzdə də bitirək. Mən öyrətməyin deyil, öyrənmənin ən böyük müəllimlik olduğuna inananlardanam. İşıq elə bir şeydir ki, onu əldə gəzdirməzlər. Qaranlıqdan qurtulmaq istəyən hər kəs ona tərəf gələr. Əks təqdirdə, Sokrat kimi, günün günorta çağı əlində lampa insan axtar ki, tapasan...
 Utopik realizm
Naməlum müddəti olan bir ömrü məlum etmək üçün onu müddətlərə bölmək lazımdır. Hər gün onun bitişini deyil, başladığını gözləmək lazımdır. İnsan ölümə doğru deyil, həyata doğru gedir. Əlindəki məlumdan faydalanmayıb, naməluma doğru irəliləmək nə qədər böyük hüsrandır! Evdə uşaqlarımızdan deyil, özümüzdən yola çıxaq. Ağır bir mədəniyyət səviyyəsinə qaldırmağa çalışaq bu yüngül mənəviyyatımızı. «Bizsiz də keçər bu Dünya» deməyək. Bizsiz keçməyəcək bu Dünya! Nə tərki-dünyalığa gedək, nə dərki-dünyalığa. Tərki-nəfs edib, dərki-ruha varaq! Ancaq sən demə, ruhani mistikanın da öz pafosu varmış. Heyf! O şey ki, ölür, onun yerində pafos qalır. Pafosun yeri isə, həyat deyil, teatrdır. Əfsuslar olsun ki, insanlar real həyatda teatrdakından daha gözəl oynayır. Bəli, məhz oynayır. Hər kəs məhz ona biçilən rolu oynayır — özü də başqalarının quruluşunda. Teatr insanıara gerçək həyatda oynamamağı öyrətmək istədi. İnsanlar həyatın özünü teatra çevirdilər. İnanın ki, Dünyanın ən böyük aktyorlarının ən sıradan bir vətəndaşdan öyrənəcəyi çox şey var. Aktyorun rolu qrim otağında başlayıb, orda da bitir. Ancaq insanlar o otağa bir dəfə girir. Heç kim bir ömür boyu üzündəki qrimi təmizləyib, öz gerçək üzünü görmək istəmir!
 «Ağır mədəniyyət» ifadəsini işlətdim. Bəli, mənim qənaətlərimə görə, mədəniyyətin çəkisi yüngül olmamalıdır. Vaqnerin operalarını həzm etmək beş-on nəfər salonda yatan yalançı kibarların işi deyil. «Tristian və İzolda»nın az qala yarım saatlıq uvertürasından başlamaq lazımdır. Bunun üçün isə, La Skalaya bilet almağa gərək yoxdur artıq. O xərclənəcək evrolar özü ilə mənəvi təkamülün enerjisini də alıb aparacaq. Çünki, La Skala da aşağı-yuxarı mədəni bir biznes yuvasıdır. Evdə oturub, qabağında az şəkərli tünd çay,… sadəcə səbirlə və elmi təfəkkürlə dinləmək lazımdır «Tristian və İzolda»nı. Mərhum Vaqnerin çəkdiyi zillətin, əzabın, sonu gəlməyən zəhmətin on mində birini həmin 3 saat ərzində biz çəkə bilsək, inanın mənə, Dünyada bizdən xoşbəxt insan ola bilməz! Xoşbəxtlik nədir ki?! Həm asan, həm çətin başa gələn, həm uzun, həm qısa zaman tələb edən bu nəsnədən kimin nə anladığıdır mühüm olan. Bəzən uzun bir ömür yaşayıb, xoşbəxt ola bilməzsən (ki, ən azı 400 min illik təcrübə bunu göstərir), ancaq bir anlıq əqli-mənəvi tapıntı səni bir ömür boyu xoşbəxt edə bilər! Bütün bədbəxtlərə səslənirəm: «Lütfən, başqalarını xoşbəxt etməyə çalışmayın! Alınmayacaq! Çünki, onun yolunu siz özünüz bilmirsiniz, başqalarına necə göstərəcəksiniz?!
 
Akademik və proqramlı incəsənətə meyl etmək, onun daxilinə girmək, onun elmi izahını öyrənmək lazımdır. Vəzndə yüngül olan qiymətdə ağır ola bilməz. Ucuz əyləncələrlə özümüzü təhqir etməyək. Lap elə İohan Sebastian Baxdan başlayaq. Musiqi çox möhkəm bir təməldir. Dünya insanı Dünya mədəniyyətinə varid olmalıdır. Zira, Dünya bir bütövdür. Dünyəvi mədəniyyətin qütbü, milləti, irqi, dini olmur. Ancaq insanların, təəssüf ki, böyük əksəriyyətinin həvəslə meyl etdiyi mədəniyyət tamın deyil, onun ölən və öldürən parçacıqlarının yansımasıdır. „Mədəniyyət dediyin, tək dişi qalmış canavar“ misrasını yazarkən, Mehmet Akif Ərsoyun qəsd etdiyi şey Qərbin Mostartı deyildi, onun işğalçı məişətinin ictimailəşmiş sui-qəsd metodları idi. Kim nə anlarsa anlasın, ancaq, Mehmet Akifin məhz bu misrasından yola çıxan milyonlarla „yobaz“ kütləsi „yabancı“ adı altında o boyda Türkiyəni bütün Dünya mədəniyyətindən təcrid etmək istəyir. Nə yazıq ki, adına „seçki“ dedikləri siyasi üstünlük nəticəsində buna xeyli dərəcədə nail olublar. Maraqlıdır ki, Qərbin, pornoqrafik səhifələri müsəlman uşaqlarına açıq edən texnologiyası „yabancı“ olmur, ancaq Sartrın fəlsəfəsi, Hötenin poeziyası, Qustav Malerin simfoniyaları „yabancı“ elan edilir! Bu nə biçim məntiqdir?! İndi gəlin düşünək və özümüzlə mücadilə edək. Biz olmayan „biz“ə qalib gələk. „Mən“i atıb, yerinə başqa bir „mən“ qoyaq. „Mən dəyişsəm, mənimkilər də dəyişəcək, biz dəyişsək, bizimkilər də dəyişəcək“ tipində şüarlar təklif edirəm, evində sakitcə oturub memuar yazanlara. Bəli, ağır və çətin mədəniyyət formatı yaratmaq və tətbiq etmək lazımdır cəmiyyətdə. Nə dil bu qədər sadə, nə musiqi bu qədər asan qavranılan, nə də elm bu qədər əlçatan olmamalıdır. Sadəlik o qədər də müsbət keyfiyyət deyil. Çoxsəsli, çoxfunksiyalı, proqramlı və qəliz bir mədəni mexanika gərəkdir bizə. Ahəng qanunu dildə gözəldir, amma təfəkkürdə yox! Təkhecalı və ikihecalı sözlərdən ibarət bir leksikon ünsiyyəti asanlaşdırır, ancaq dərrakəni çətinləşdirir. Əyləncə şuuru tənbəlləşdirir. Hər sabah təxminən yarım saatlıq klassik musiqi dinləmək artıq zərurətdir. Özü də dinləmək yox, onun üzərində işləmək, onun çətin açılan qapılarını itələyib açmaq və nəticədə gün başlamadan yorulmaq lazımdır. Belə bir yorğunluq insan psixikasına dolu bir məmnuniyyət bəxş edir. Halbuki,… bəlkə mən bu fikirləri yuxuda qələmə alsaydım, elə röyada ikən özüm-özümə gülərdim. „Real“ dedikləri, ləzzəti nəcasətlə, rəyasəti ölümlə bitən bu həyatın yerinə, „xəyal“ dedikləri başqa bir Dünya təklif etdim! Ancaq, mənim kimi hər kəs yaxşı bilir ki, əslində bunların hansı xəyaldır, hansı real! Bəli, mən də bilirəm ki, öz üzərimdə uğurla sınaqdan keçirdiyim mədəni-fəlsəfi təlim başqaları üçün gülməli, bəlkə də qorxunc bir utopiyadır. Ancaq mən realam! Utopiya deyiləm. Və mənim bəhrələndiklərim röyada gördüklərim deyil, gerçək həyatda yaşayan insanlıq fəzasının ən parlaq ulduzlarıdır. O zaman bu cəhdin adını qoyaq „utopik realizm!“

 
Müəllif: Fəxrəddin Salim
Top