Büdcəyə qənaət, şəxsi büdcə

Büdcəyə qənaət, şəxsi büdcə

İnsanların tələbatını təmin etmək üçün qənaət edilmiş pul vəsaiti lazımdır. Bu məqsədlə ailə büdcəsini elə xərcləmək lazımdır ki, müəyyən miqdarda vəsait israf edilməmiş qalsın.
Qənaət edilmiş vəsait nə deməkdir?
Ailənin ümumi gəlirindən yaşayış üçün sərf olunmuş pulların qənaəti hesabına yığılmış pul kütləsi qənaət edilmiş vəsaitdir. Qənaət edilmiş vəsaitin əsas funksiyası qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsi üçün ailə büdcəsində pul ehtiyatının yaradılmasıdır.
Qənaət edilmiş pul vəsaiti harada saxlanılmalıdır?
Təcrübə göstərir ki, qənaət olunmuş pulun evdə saxlanılmasıməqsədəuyğun deyil. Çünki bu pul həm ailəyə, həm də cəmiyyətə gəlir gətirməlidir. Dövlət tərəfindən yaradılmış əmanət bankları bir tərəfdən də bu məqsədə xidmət edir. Əmanət bankına yatırılmış pul faizlər hesabına artır və pul sahibi əlavə gəlir əldə edir. Qənaət edilmiş vəsaiti qiymətli kağızların, əntiq əşyaların, qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının alınmasına sərf etmək də məqsədəuyğundur.
Qənaət edilmiş pulun daşınmaz əmlaka* yatırılması isə daha çox gəlir əldə etməyə imkan verir. Çünki daşınılmaz əmlakın dəyəri bazarda çox sürətlə artır.
Ailə büdcəsinin yalnız düşünülmüş idarə olunması nəticəsində qənaət etmək olar.
Ailənin pul vəsaitinin qorunmasının aşağıdakı üsulları var: uzunmüddətli istifadəyə yararlı əşyaların alınması, yığım sığortası, bank əmanətləri, incəsənət əsərlərinin əldə edilməsi, qiymətli metalların alınması, kolleksiya toplama (metal pul və poçt markaları), daşınmaz əmlakın alınması, xarici valyutanın alınması, nağd pulun saxlanması.
Ailə büdcəsindən əlavə ailə üzvlərinin şəxsi büdcəsi də olur.
Hər bir büdcədə olduğu kimi, şagirdin də büdcəsində xərclər öz əksini tapmalıdır. Məsələn, evdən kənarda qidalanma, təhsil, nəqliyyat xərcləri, mədəni tədbirlərə, idmana, müxtəlif maraqlara ayrılmış vəsait və nəzərə alınmamış digər xərclər.
«Büdcə» ümumilikdə nəyə deyilir?
Büdcə müəyyən zaman kəsiyində gəlirin və xərcin planlaşdırılmasıdır. Zaman kəsiyi həftə, ay, rüb, yarım il, il ola bilər.
Onda bəs «Şəxsi büdcə» nədir? «Büdcə» sözünün izahından belə çıxır ki, «şəxsi büdcə» bir fərdin müəyyən zaman kəsiyində gəlirinin və xərcinin planlaşdırılmasıdır. Beləliklə, ailə büdcəsi, ailənin müəyyən zaman kəsiyində gəlirinin və xərcinin planlaşdırılması deməkdir. Hər bir büdcənin özünə uyğun gəliri və xərci var. Şəxsi büdcə ilə ailə büdcəsi arasındakı fərq nədədir? Demək olar ki, bunların arasında elə əsaslı bir fərq nəzərə çarpmır. Sadəcə, şəxsi büdcə bir adama aiddir, ailə büdcəsi isə ailənin bütün üzvlərinə və onların ehtiyacının ödənilməsinə.
Düşünülməmiş pul xərcləməkdən yeganə çıxış yolu isə öz şəxsi büdcəni ailə büdcəsini nəzərə alaraq bölüşdürməkdir.
Xərcləri azaltmaqla pula qənaət etməyin əsas prinsipləri nədir?
Lazımsız pul israfından qorunmaq üçün məsləhətlər:
• Yalnız nəğd pulla alış-veriş edin. İndi əhali arasında plastik kartlarla alış-veriş dəb halını alıb. Bu kartlardan müxtəlif xidmətlərin və malların dəyərini ödəmək üçün istifadə edilir. Amma alış-veriş zamanı nəğd puldan istifadə edilərsə, xərclənən vəsaitin miqdarı göz önündə olar və israfçılığa yol verilməz.
• Alış-veriş zamanı qiyməti endirin. Alış-veriş zamanı qiymətin endirilməsi qənaət üçün imkan yaradır. Məsələn, bazarda hər piştaxtanın qarşısında alış qiymətini müəyyən qədər aşağı salmaqla bir miqdar vəsaitin qorunub saxlanmasını təmin etmək olar.
• Qidalanmada qənaət edin. Nahar fasiləsi zamanı, adətən, əksər insanlar kafeyə gedir, bunun nəticəsində bir neçə manat əlavə pul xərcləyir. Nahar yeməyini evdən gətirməklə bu vəsaitə qənaət etmək olar.
İstirahətə və əyləncəyə ayrılmış xərclərə bir daha nəzər salın.
• Yeni kinofilmi kinoteatrda seyr etməyə tələsməyin. Bunu DVD disk şəklində əldə edin və yaxud internetdən götürün. İndi müasir televizorlarda 3D effekti var və bu da film nümayişini kinoteatrdakı qədər maraqlı edə bilir.
• Uyğun mobil operator seçin. Bütün lazımsız tarif xərclərini dayandırmaq üçün mobil operatorların tarif planlarını diqqətlə izləyin. Ola bilsin ki, öz mobil operatorunuzu digəri, daha sərfəlisi ilə dəyişə bilərsiniz.
• Başqa mağazaların xidmətindən istifadə edin. Bahalı ticarət mərkəzlərindən alış-verişi təxirə salın. Adi supermarketlərdən nə isə seçməyə çalışın. Bu supermarketlərdən evinizə yaxın olanı seçsəniz, nəqliyyat xərclərində də qənaət edə bilərsiniz.
Unutmayın! Bəzən adi mağazada da olduqca keyfiyyətli və münasib qiymətə alış-veriş etmək olur.
• Lazımsız heç nə almayın. Ələlxüsus da kreditlə! Heç bir bahalı telefon və geyim. Unutmayın, xərcləri azaltmaqla gəlirinizi artıra və etibarlı şəxsi büdcə yarada bilərsiniz.

Müəllif: Natiq Axundov, Hümeyr Əhmədov, Fəridə Şərifova
Mənbə: Texnologiya — 8 Ümumtəhsil məktəblərinin 8 — ci sinfi üçün Texnologiya fənni üzrə Dərslik
Top