UNICEF-ə görə bullinq (ing. bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq.
Kiber — Statistika müasir dövrümüzdə bu növ zorakılığın daha çox artdığını göstərir. Sosial şəbəkələr və mesajlar vasitəsilə insanları alçaltmaq, qorxutmaq, hesablarının sındırılması kiber zorakılığa aid edilir.
Fiziki — Bu bütün cəmiyyətlərin ən ciddi problemidir. Yalnız qurbana deyil, eyni zamanda digər şagirdlərə də təsir göstərir. Fiziki bullinqə vurmaq, itələmək, qəsdən toxunmaq, tüpürmək, şagirdin əşyalarının oğurlanması və s. daxildir.
Şifahi — Qorxutmaq, sözlərlə alçaltmaq, adına ləkə yaxmaq şifahi bullinq sayılır.
Sosial — Şəxsin hansısa qrupdan kənarlaşdırılması, sinifdən təcrid edilməsi, ona qarşı qruplaşma yaratmaq bullinqin sosial növünə aiddir.
Psixoloji — Təqib etmək, qərəzli baxışlar və başqa psixoloji zorakılıqlar bu növə daxildir.
Bullinq intihara necə sövq edir?
Azərbaycanda və digər ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda bullinq və intihar arasında əlaqənin çoxluğu ortaya çıxır. Valideynlər, müəllimlər və şagirdlər zorakılığın zərərverici olduğunu öyrənməli, intihar riski olan uşaqlara kömək etməlidirlər. Ancaq, son günlərdə baş vermiş hadisə cəmiyyətimizə bu yönümdə maarifləndirmənin yetəri qədər olmadığını ən ağır şəkildə bizə göstərdi.
Bullinqin təsiri ilə baş verən intihar hadisələrinə aid bağlı statistikanı sizinlə paylaşırıq.
▪️ CDC-dən (Xəstəliklərin idarə edilməsi və qarşısının alınması üçün mərkəzlərdən) əldə edilən nəticələrə görə, intihar gənclərin ölüm səbəbləri arasında üçüncü yeri tutur. İl ərzində təxminən 4 400 nəfər.
▪️ Məktəb şagirdlərinin 14%-dən çoxu intihar haqqında düşünür, təxminən 7%-i isə buna cəhd edir.
▪️ Yale Universiteti tərəfindən aparılan araşdırmalara görə, bullinqə məruz qalan insanların intihar etmə ehtimalı digər şəxslərə nəzərən 2-9 dəfə çoxdur.
▪️ İngiltərədəki tədqiqatlar göstərir ki, gənclər arasında baş vermiş intiharların ən az yarısının bullinqlə əlaqəsi var.
▪️ Yuxarıda qeyd etdiyimiz araşdırmaya görə, 10-14 yaş arası qız uşaqlarının intihar riski daha yüksəkdir.
▪️ ABC News-un bildirdiyi statistikalara görə şagirdlərin təxminən 30%-i bullinqə məruz qalır. Hər gün 160 000 uşaq bullinq qorxusuna görə məktəbə getmir.
Bütün səbəbləri, statistikaları nəzərdən keçirdikdən sonra belə nəticə əldə etmək olar ki, bullinq uşaqları öldürür. Bu ölümlərdə günahkar isə cəmiyyətimizin yanlış tərbiyə olunmuş valideynləridir. Bəli, valideynlər. “Böyüklərin” uşaqlarına aşıladığı “tərbiyə” və “nəzakət” onların övladlarını uşaq yaşlarında qatil edir. İntihar baş verdiyi yerdən, qurbanın öldüyü yerə qədər hər məkanda dəyişikliyə, maariflənməyə, tərbiyəyə və düzgün yanaşmaya ehtiyac var. Təhsil müəssiələri elm və tərbiyə, xəstəxanalar şəfa verməlidir.
bildirchin.az