Ziqmund Freyd | Sənət və sənətçilər haqqında

Ziqmund Freyd | Sənət və sənətçilər haqqında

Böyük rus yazıçısı Fyodor Dostoyevskinin qumar asılılığına tutulmasının avstriyalı Ziqmund Freyd tərəfindən psixoloji analizi
Ölümündən sonra yayımlanan yazıları və yoldaşının yazdığı gündəliklər, Fyodor Dostoyevskinin həyatının bir hissəsini, yəni Paris şəhərində qumar asılılığına düçar olduğu zamanı geniş şəkildə açıqlayır. (Fiilöp-Miller ve Eckstein, 1926).

Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə görə hər kəsin ümumi olaraq qəbul etdiyi kimi qumar pataloji bağlılıq problemidir. Şübhəsiz ki, bu qeyri adi və xoş olmayan davranışlarına görə Dostoyevski özünə məxsus rasionallaşdırmalardan istifadə edirdi.

Nevroz problemlərində tez tez rastlanıldığı kimi, borcun çoxluğu Dostoyevskini özünə və ətrafa belə bir izah verməyə sövq etmişdi: qumar oynamasının məqsədi, qazanacağı pul ilə Rusiyaya geri qayıtmaq imkanı qazanmaq və orada borclarını ödəyərək, həbsə düşməsinin qarşısını almaqdır. Özünündə sonralar etiraf etdiyi kimi bu sadəcə bir bəhanə idi və elə ilk zamanlardan Dostoyevski bunu başa düşəcək qədər iti zəkalı və eyni zamanda bunu etiraf etməyi bacaracaq qədər də səmimi idi. Sonralar məktublarının birində Dostoyevski belə bir söz ifadə etmişdi: şübhəsiz pul hava, su kimi lazım idi ancaq sizə and içirəm ki, qumar oynamağımda pul qazanmaq həvəsi deyilən bir məsələdən söhbət gedə bilməz, mənim üçün önəmli olan oyunun özü, onun həyacanıdır.

İnstinktiv və mənasız davranışının bütün detalları, bunu və bundan daha irəlidə çox şeyi sübut etməkdə idi. Oynamağa başladıqda, üzərində olan bütün pulu uduzmadan rahatlaya bilmirdi və oyun öz özünü cəzalandırdığı bir vasitəyə çevrilmişdi. Bundan sonra bir daha qumar oynamayacağı, oynadığı zamanlara görə peşman olduğu barədə gənc həyat yoldaşına verdiyi sözlərə baxmayaraq, verdiyi heç bir vədə əməl etməmişdi.

Qumarda uduzduqları ilə həm özünü, həm də həyat yoldaşını mümkün qədər çox müflisləşdirmək istəyi, onun üçün ikinci bir tətmin olma (doyum) mənbəyi idi. Çünki bu yolla yoldaşının onu məzəmmət etməsinə, alçaltmasına, özü kimi vicdansız bir adama ərə gəldiyinə görə peşman olmasına şərait yaratmış olur və bu təhqirlərin vicdanını rahatlatması nəticəsində yenidən sabahı gün qumar stoluna əyləşmiş olurdu.

Dostoyevskinin gənc həyat yoldaşı zaman içərisində onun bu hərəkətlərinə və verdiyi vədlərin boş və yalan olduğuna vərdiş etmiş və yazıçının sənətkarlıq səviyyəsinin bütün əllərindəki hər şeyi itirib yaxud da girov qoyduqdan sonra zirvəyə çıxdığını və bunun nəticəsində çox yüksək səviyyəli əsərlər yaratdığını hiss etmişdi. Ancaq psixoanalizi bilmədiyindən yoldaşının niyə belə davranmağa ehtiyac duyduğunu anlaya bilmir və bu iki münasibət arasındakı əlaqənin altında yatan səbəbi başa düşməkdə aciz qalırdı. Dostoyevski öz özünə verdiyi cəzalar ilə içindəki günahkarlıq duyğusu ehtiyacını təmin edir və bunun nəticəsində yaradıcılıq məsələlərini əngəlləyən maneələri azaldardı.

Tərcümə: Rövşən UĞUR
Top