Biz əcdadlarımız on min illərlə bundan əvvəl ilk dəfə əllərinə təbii rəngləri alıb öz bədənlərinin şəklini çəkəndə onların beyinlərindən keçənləri bəlkə də heç vaxt bilməyəcəyik. Lakin bəlkə də ən əhəmiyyətlisi budur ki, onlar qanımızın rəngi, həyat və ölümün canlı yaddaşı olan qırmızı oxranı – qırmızı rəngi seçiblər.
Bu gün Britaniya kraliçasının şahanə əlbisələrindən tutmuş Amsterdamın gur qırmızı fənərli məhəlləsinədək, qırmızının çalarları bir qayda olaraq qüdrət, təcavüz və seksi simvolizə edir.
Elmin yeni sahəsi olan “rəng psixologiyası” aşkar edib ki, qırmızı rəng bizim əhvalımıza, düşüncə və hərəkətlərimizə güclü təsir göstərir. Qırmızı paltar geyinmək hətta sizin psixologiyanızı, hormonlarınızın balansını, futbol matçındakı oyununuzu təsirləndirə bilər. Elə isə qırmızının çalarları olan yaqut rəngini, al qırmızını belə təsirli edən nədir?
Xəbərdarlıq rəngi
Şübhə yoxdur ki, bizim qırmızını qavramamız təkamül tarixindəki mühüm hadisələrdən biri ilə bağlı olub. İtlər kimi bir çox məməlilər qırmızı ilə yaşıl arasındakı fərqi görmürlər. Lakin bizim erkən primat əcdadlarımız cəngəlliklərdəki həyata uyğunlaşarkən onların gözlərindəki buynuz qişasında qırmızı parlaq meyvələri yarpaqlardan fərqləndirə bilən hüceyrələr yaranıb. Bu təkmilləşmiş qavrama sonralar sosial xəbərləşmə sistemimizdə kara gəlib. Dərinin yaxınlığından keçən qan damarlarının bədənə verdiyi qırmızılıq bir çox primatlar üçün dominantlığın işarəsidir.
Mandril meymunları bu mənada bəlkə də ən bariz nümunə ola bilərlər. Onların üzlərindəki və arxalarındakı parlaq rəng sərt tabeçilik sistemində fərdin mövqeyindən xəbər verir. Fərd nə qədər güclüdürsə, deməli o qədər də qırmızıdır. Başqa fərdlərin rəqiblərinin gücünü bu şəkildə “oxuya” bilmələri, onları aşkar uduzacaqları döyüşlərdən çəkinməyə vadar edir.
Lakin yalnız 2004-cü ildə Durham Universitetindən iki psixoloq – Russell Hill və Robert Barton insanların da eyni şəkildə davranıb-davranmayacaqlarını öyrənməyə başladılar. Əlbəttə biz Mandril meymunları kimi qırmızı rəng siqnallamasaq da, bəzən hirsimizdən alışıb yanırıq. Odur ki, qırmızı paltarlar müəyyən mənada aqressiya və dominantlıqla əlaqələndirilə bilər. Hill və Barton bu ideyanı tədqiq etmək yolları məsələsində vurnuxurdular, lakin 2004-cü ilin Olimpiya Oyunları onlara mükəmməl imkan yaratdı.
Qırmızı köynəkli qapıçıya qol vurmaq
Boks və taekvandu kimi təkbətək yarış növlərində idmançılar püşk yolu ilə ya qırmızı, ya da mavi formada çıxış edirlər. Alimlər məhz bu məqamdan istifadə etdilər. Onlar eyni idmançının hansı rəngi geyinəndə necə yarışdığına diqqət yetirdilər. Bu idmançıların nailiyyətlərini yarış boyu izləyən Hill aşkar edib ki, qırmızı rənglə çıxış edən idmançıların qələbə şansı 5 faizədək artıq olub.
“Sadəcə olaraq qırmızı forma geyinmək səni əla idmançıya çevirmir – deyir Hill – lakin bu rəng qüvvələrin nisbi bərabərliyi şəraitində qələbə ilə məğlubiyyətin nisbətinə təsir göstərir”. Bu “al rəngin araşdırılması” nəticəsində buna bənzər başqa eksperimentlər yer alıb. Məsələn futbolda 11 metrlik cərimə zərbələrinin vurulması tədqiq edilərkən bəlli olub ki, qırmızı geyinmiş qapıçıya qol vurmaq daha çətindir.
Cavan elm
Tezliklə rəng psixologiyası müstəqil və mötəbər elm sahəsinə çevrilib. Nyu York ştatındakı Rochester Universitetindən Andrew Elliot deyir ki, həmin araşdırmadan sonra rənglərə və onların mümkün effektlərinə maraq yüksəlib. Lakin müxtəlif təsirlərin səbəbləri hələlik müzakirə mövzusu olaraq qalır.
Elliot diqqəti qırmızı rəngli forma geyinənlərin özlərini daha güclü hesab etdiklərinə və bunun onların ürək döyüntüsünə, testosteron hormonun artmasına səbəb olduğuna və daha yaxşı idman nəticələrinə imkan yaratdığına yönəldən elmi işlərdən danışır.
Qırmızı rəng mandrilləri öz qırmızısifət başçılarına yaxınlaşmaqdan qorxutduğu kimi, rəqibi də qorxuda bilər. “Əgər siz qırmızı rəng görürsünüzsə, öz zəifliyinizi, daha aşağı statusunuzu dərk edirsiniz” – deyir Elliot.
Qırmızı qalstuk uğur gətirir
Digər tərəfdən yarışda çox şey hakimlərdən asılı olur. Məsələn, bir alman komandası peşəkar hakimlərə göstərməzdən əvvəl taekvandu yarışlarının videosundakı idmançıların formalarının rəngini dəyişdirmişdi. Sadəcə olaraq rənglərin dəyişdirilməsi hakimlərin zərbələri hesaba almasını dəyişdirib.
“Qırmızı geyinənlər bir qayda olaraq hakimlərin rəğbətini qazanırdılar” – deyir Hill.
İdman yarışları bir yana qalsın, eyni düşüncə tərzi kazinoda pul uduzmaqla nəticələnə bilər. Təcrübə göstərib ki, qırmızı poker kartları ilə oynayanlar mavi və ya ağ kartlarla oynayanlardan daha çox riskə gedirlər, çünki bu rəngdə kartlar qalib kartlar kimi görünür.
Lakin qırmızı rəngin xeyir verdiyi məqamlar da var. Qırmızı rəngli paltar geyinənlər iş müsahibələrində daha yaxşı nəticə göstərirlər. Bəzi moda ekspertlərinə əsasən, qırmızı qalstuk nüfuz və dominantlığı təcəssüm etdirir.
Babil fahişəsi və qırmızı paltarlı məsum qadın
Lakin qırmızı çaların ən çox öyrənildiyi sahə istək, məftunetmə və günahlarla bağlıdır. Burada qırmızı rəng müxtəlif assosiasiyalar yarada bilir. Məsələn, şər qüvvəni təcəcəssüm etdirən Qırmızı Əlbisəli Babil Fahişəsi də yada düşə bilər, Chris de Burgh-un mahnısındakı məsum “qırmızı paltarlı qadın” da (“Lady in Red”).
Lakin Elliotun və onun başqa həmkarlarının apardığı təcrübələr göstərib ki, istər kişilər, istərsə də qadınlar qırmızı paltarda daha cazibəli görünürlər. Bu tədqiqatların çoxu laboratoriya şəraitində, statik vəziyyətdə aparılsa da, real dünyanın davranışlarını göstərir. Məsələn qırmızı geyinmiş ofisiant qadına daha çox şirinlik verirlər və ya qırmızı köynək geyinmiş qızın yolda maşın saxlamaq şansları daha çoxdur.
Bütün bunların mümkün izahlarından biri də bu ola bilər ki, azacıq qırmızı dəri – yaxşı maddələr mübadiləsi və qan dövranından, deməli daha sağlam bədəndən xəbər verir. Ola bilsin ki, biz dərinin rəngindən oxuduqlarımızı paltarların da rəngindən oxuyuruq. Qırmızını ağ-qara fotoda da “görmək” olur.
İdman nəticələrindən göründüyü kimi burada sirr həm qırmızı geyinəndə, həm də ona tamaşa edəndədir. Çox ağıllı bir eksperimentdə iştirakçılara adamların polis axtarış fotoları verilib. Bu fotolar ağ-qara olsa da, adamlar qəribə bir şəkildə qırmızı geyinmiş şəxsləriin fotolarını daha yüksək qiymətləndiriblər.
“Ola bilsin ki, paltarlarının rəngi onların simasına və duruşuna daha cazibədar görkəm verib” – deyir Elliot.
Lakin qarderobunuzu və ya divarlarınızın rəngini dəyişməyə tələsməyin. Bəzi şəraitlərdə qırmızı rəng başqa, bəzən xoşagəlməz emosiyalara səbəb ola bilər. Dominantlıq ifadə etməsi ilə qırmızı rəng insanın cazibəsini artıra bilər, lakin bunun əks-təsiri də var. “Əgər rəng al qırmızıdırsa, aqressivlikdən xəbər verə bilər – deyir Elliot, – bu isə əlbəttə, mənfi cəhət sayılır”.
Qırmızı qələmləri ləğv etmək tezdir
Alim deyir ki, imtahan otağında zehni tapşırıqları yerinə yetirən iştirakçılara sualların qırmızı zərfdə verilməsi onların göstəricilərini aşağı salır.
İmtahan
Bununla belə, rəng psixologiyasının heç də bütün tapıntıları tamamilə etibar ediləcək dərəcədə işlək deyil. Psixoloqlar öz nəticələrini dəqiqləşdirməlidirlər ki, rəng hansı effekti hansı şəraitdə verir.
“Biz hələ ki, inkişafın erkən mərhələsindəyik – deyir Elliot – son nəticədə biz rəng psixologiyasından daha məhsuldar iş mühiti yaratmaq üçün istifadəni öyrənəcəyik. Lakin idman üçün hansı rəngin daha səmərəli olması və ya qırmızı qələmlərin qadağan edilməsi kimi qərarlar barədə nə isə demək hələ çox tezdir”.
Bu rəngə rəng çatmaz
Elliot deyir ki, göy qurşağının başqa rənglərinin də araşdırılmasına həsr olunmuş tədqiqatlar görmək istərdi. O aşkar edib ki, qırmızı rəng fəaliyyəti təsirləndirirsə də, bəzi intellektual söz oyunlarında yaşıl və mavi rənglər yaradıcılığa həvəsləndirir. Lakin hətta bu halda da Elliot inanır ki, yaşılla mavinin təsir imkanları qırmızı rəngin davranışımıza təsir imkanları ilə müqayisədə xeyli məhduddur.
“Qırmızı rəngin qavranması mühüm hadisə və təcrübələrdə təkamülə uğrayıb – deyir Elliot – qırmızı dəymiş meyvənin, qəzəbli sifətin və seksual şəhvətin rəngidir”.
Belə olduğu halda bu rəng həmişə həyat mübarizəsi, damarımızdakı qan qədər dərin düşüncə və təsirlərlə əlaqələndiriləcək. Ola bilsin ki, biz əlinə ilk dəfə rəng alıb öz bədəninin şəklini çəkən əcdadımızın anladığını, yalnız indi təsdiq edirik: Bu rəngə bənzəyən rəng yoxdur.