Peşmançılıq

Peşmançılıq

Bu dəfəki məqaləni bəzi “hirsli” valideynlərə, həsr edirəm. İnsan bəzən öz səhvi ucbatından elə peşmançılıq çəkir ki, heç üzr istəməyə də üzü gəlmir. Daha doğrusu necə üzr istəyəcəyini bilmir. Mənim üçün ən böyük peşmançılıq bir körpənin ürəyini sındırmaqdır. O məsum, dünyanı hələ dərk etməyən, körpə - bu körpənin bizdən tələbi nə ola bilər axı? Diqqət, qayğı, sevgi!!! Məgər bunları körpələrlə bölüşmək çoxmu çətindir?!

Hər bir ailəli insanın həyatında sıxıntılı, gərgin günləri olur. Amma çalışın ki, belə anlarınızı öz körpənizə hiss etdirməyəsiniz. Əks halda çox peşman olarsız. İnanın! Əgər işdən çox yorğun gəlmisinizsə, müdiriniz ya da iş yoldaşlarınızdan biri sizi əsəbləşdiribsə bu əsəbi evin qapısından içəri girən kimi ayaqqabılarınızla birlikdə çıxarmağa çalışın çünki, ola bilsin ki, siz əsəbinizi uşaqdan çıxararsız- o dəcəllik edərsə onu danlayarsız, o isə sizin işdən qayıtmanızı səbirsizliklə gözləyir, sizin üçün darıxır, axşam olan kimi, yəni sizin işdən gəlmənizə az vaxt qalmış o dəqiqə başlayır anasından saatı soruşur: “Ana, ata bu gün gec gələcək?” “Ata zəng edib?Yoldadır?” …

O, heç vaxt şam yeməyini siz gəlməmiş yemir, ta siz gələnə kimi yuxulu-yuxulu olsa da siz işdən gələndə qapını sizin üzünüzə özü açacaq deyə yatağına girmir. Sizsə işdən hirsli, gərgin, qaşqabaqlı gəldikdə o çox kədərlənir, hələ siz onu danlasanız, acıqlansanız əlbətdə onun qəlbinə qırarsınız.

Demək istəyirəm ki, uşağı heç vaxt dəcəlliyinə, hansısa bir səhv hərəkətinə görə danlamayın. Əgər bacarırsınızsa, onu uşaqlığına bağışlayın, səhvini sakitcə başa salın. Unutmayın ki, o çox şeyi hələ dərk etmir. Əgər bu dediklərimi qulaq ardına vurur, “adicə bir yazıdır” deyə düşünürsünüzsə onda təklif edirəm ki, Amerika jurnalistikasının klassik əsərlərinən biri olan “Atanın peşmançılığı”nı oxuyasınız. Bu, U. Livinqston Larnedin yazdığı məşhur qısa bir əsərdir və ilk dəfə baş məqalə kimi “Piplz houm cornel” jurnalında çıxmışdır. Bu əsəri “Riders daycest” jurnalında çıxmış və insan münasibətləri sahəsində görkəmli Amerika mütəxəssisi Deyl Karneqinin kitablarından birində dərc edilən qısa formasını təqdim edirəm. Buyurun oxuyun!

ATANIN PEŞMANÇILIĞI

Qulaq as, oğul. Bu sözləri sən yatarkən söyləyirəm; balaca əlin yanağının altındadır, qıvrım sarışın telin tərləmiş alnına tökülmüşdür. Otağına gizli yolla gəlmişəm. Bir neçə dəqiqə bundan əvvəl, kitabxanada oturub qəzet oxuyarkən məni ağır peşmançılıq dalğası bürümüşdü. Sənin çarpayının yanına öz günahımı dərk etməklə gəlmişəm. Gör nə barədə düşünürdüm, oğul; yanına gəlməklə pis əhval-ruhiyyəmi yaxşılaşdırmaq istəyirdim. Məktəbə gedərkən geyinib yaş dəsmalı üzünə yaxınlaşdıran kimi səni danlayardım. Çəkmələrini təmizləmədiyinə görə dərsini verərdim. Paltarından nəyisə döşəməyə atarkən hirslə üstünə qışqırardım.

Nahar vaxtı da səninlə höcətləşərdim: çayı yerə tökdün. Xörəyi acgözlüklə yedin. Dirsəyini stola qoydun. Yağı çörəyin üstünə həddindən artıq qalın yaxdın. Sonra sən oynamağa yollananda, mən də qatara tələsəndə, əl edib qışqırardın: “Salamat qal, ata!”, mən isə üz-gözümü turşudaraq deyərdim: “Çiyinlərini düz tut!”

Sonra axşam hər şey yenidən başlanardı. Yoldan evə qayıdarkən dizlərində şar oynatdığını görərdim. Corablarında yırtıq vardı. Məndən irəlidə getməyə məcbur etməklə səni yoldaşlarının qarşısında xəcil edərdim. Corab bahadır- əgər onu öz pulunla alımış olsaydın, daha səliqəli olardın! Bircə təsəvvür elə oğul, bunları sənin atan deyirdi!

Yadındamı, qəzet oxuduğum kitabxanaya necə gəldin- qorxa-qorxa, baxışında kədərlə. Mənə mane olduğundan əsəbləşərək qəzetin üstündən ötəri sənə baxarkən qətiyyətsizliklə qapının ağzında dayandın. Mən kəskinliklə soruşdum: “Nə istəyirsən?”
Heç nə cavab vermədin, lakin bir göz qırpımında üstümə atıldın, boynumu qucaqlayıb öpdün. Balaca əllərin Allahın sənin qəlbində yerləşdirdiyi və hətta mənim etinasız münasibətimin söndürə bilmədiyi məhəbbətlə məni qucaqladı. Sonra isə kiçik addımlarla pilləkənlə yuxarı qalxıb getdin.

Oğul, bax bundan dərhal sonra qəzet əllərimdən sürüşdü və məni dəhşətli, ürəkbulandırıcı qorxu bürüdü. Vərdiş məni nəyə çəkmişdir? Öcəşmək, danlamaq vərdişi- kiçik oğlan olduğuna görə sənə mükafatım bu idi. Axı, səni sevmədiyimi demək olmazdı, iş burasındadır ki, mən cavanlıqdan son dərəcə çox şey gözləyirdim və səni öz yaşımın meyarı ilə ölçürdüm. Sənin xasiyyətində isə nə qədər sağlam, gözəl, səmimi cəhətlər vardır. Sənin kiçik ürəyin uzaq təpəliklər üzərində dan yeri kimi böyükdür. Bu, yatağa getməmişdən əvvəl məni öpmək üçün sürətlə üstümə atıldığın zaman özünü göstərirdin. Bu gün başqa heç nəyin əhəmiyyəti yoxdur, oğul. Sənin çarpayının yanına qaranlıqda utana-utana, qarşında diz çökərək gəlmişəm. Bu günahı yumağın zəif yoludur. Bütün bunları sən oyanarkən desəm, bilirəm ki, başa düşməzsən. Ancaq sabah əsl ata olacağam! Səninlə dostluq edəcək, sən əziyyət çəkəndə mən də əziyyət çəkəcəyəm, sən güləndə mən də dilimi dişləyəcəyəm. And kimi təkrar edəcəyəm: “Axı, o, vur-tut oğlandır, körpəcə bir oğlan!”

Xəyalən səndə yaşlı kişini görürdüm. Lakin indi, çarpayında səni yorğun-arğın görəndə, oğul, körpə olduğunu başa düşürəm. Hələ dünən ananın qucağında idin və balaca başını onun çiyinlərinə söykəmişdin. Mən səndən çox, lap çox şey tələb edirdim.

Məncə heç bir şərhə ehtiyac yoxdur!...

Rübab Allahverdiyeva
Top