Qadınlar niyə «pis» oğlanları seçirlər?
Məni düzgün başa düşün; klassik sentimental şeylərdən danışmayacağam burada. Sadəcə izah edəcəyəm. Fikir vermisiniz yəqin, aqressiv, bəzən isə əksinə, uşaq sifətli erkək cinsi nümayəndələri qadınların daha çox xoşuna gəlir. Xüsusilə də macərapərəstlər. Oğlanlardan biri paraşutla tullanır. Özü də dağlardan. O dəqiqə başına qadın cinsi nümayəndələri yığışır. Oğlan qumarbazdır. Bütün günü başı qovğadadır. Amma qızlara şirin gəlir.
Normadan kənara çıxan, özünü təhlükəyə atan nə varsa, qızların xoşuna gəlir. Lakin belə yaxından baxanda, başı bəlalı adam çox da çəkici olmamalıdır axı. Sabah bəlkə qumar borcu üstündə bıçaqladırlar? Ya da paraşut açılmadı və adam həlak oldu? Və s. Və s.
Fakt sadədir: qadınlar öz həyatını və varidatını təhlükəyə atan oğlanları daha çox bəyənirlər. Təbiətdə də belədir. Tovuz quşunun erkəyinin quyruğu əslində erkəyin özü üçün zərərlidir. İstənilən çaqqal böyük quyruğu olan tovuz quşunu yaxalayıb yeyə bilər.
Yaxud da, xoruz, məsələn, dişini çağırmaq üçün banlayır, boğazını yırtır. İlk baxışdan, mənasız alışqanlıqdır. Xoruzun səsini eşidən çaqqal onu yenə də tutub yeyə bilər. Təbiət zərərli olduğu aşkar olan xüsusiyyətləri niyə saxlayır? Saxlayır nədir; inkişaf etdirir.
Bunun sirrini Amos Zahavi (Amotz Zahavi) adlı bir bioloq izah etdi. Adını da «handikap prinsipi» qoydu. Məgərsə, özünə zərərli, macərapərəstlik əslində erkək genlərinin nə qədər sağlam olduğunu göstərirmiş. Belə düşünək: bütün erkəklər ancaq fərd olaraq özlərinə sərf edən, öz həyatlarını qorumaq üçün uyğun xüsusiyyətlərə malik olsaydı, onların əslində nə qədər sağlam olduğunu tapmaq çətin olacaqdı.
Dişi cinsi məntiqi belə düşünür: Əgər bir erkək özünü təhlükəyə atan bu xüsusiyyətlə cinsi yetişkənliyə çatıbsa, demək genetik olaraq sağlam və güclüdür. Yoxsa indiyə qədər çoxdan bir çaqqal çıxıb onu yemişdi. Amma həmən sevinməyin, ya da bəziləriniz üzülməsin. Handikap prinsipi rəqabətin nisbətən yumşaq, təhlükənin nisbətən daha az olduğu cəmiyyət və sürülərdə işləyir.
Bir yerdə həyat uğrunda mübarizə sərt keçirsə, orada handikap prinsipi işləmir. Belə yerlərdə erkəklər özlərini heç vaxt təhlükəyə atmazlar. Bu, daha çox pişikkimilər (pələng, panter və s.) və ayılarda belədir. Səbəbi isə bəsitdir: pişikkimilər əsasən tək yaşayırlar. Onları sürü qorumur, çox «lotuluq» edə bilməzlər. Sadəcə sürü ilə yaşayan şirlərdə handikap prinsipi işləyir. Sürüdür də....
Vasif İsmayıl