Bütün dünyada müsəlmanların sevinclə qeyd etdiyi Qurban bayramı yaxınlaşmaqdadır. Qurban bayramı ilə bağlı yaranan çoxsaylı suallardan biri də uşaqların qurbanlıq heyvanların kəsilməsini izləməsinin doğru-olub olmadığıdır. Bir çox dünya miqyaslı psixoloqlar 12 yaşına çatmamış uşaqların Qurban bayramının anlamını hələ dərk etmədiyi, bu səbəbdən qoyunların kəsilməsini şiddət nümayişi olaraq qavraya biləcəkləri barədə həyəcan təbili çalmaqdadır. Hələ dini inancı bərkiməmiş uşaqlarda bu proses müxtəlif qorxulara, onların ət yeməklərindəm imtina etmələrinə və bir çox digər mənfi nəticələrə səbəb ola bilər. Xüsusilə əgər qurbanlıq heyvanı kəsən uşağın atasıdırsa, uşaqda atasına qarşı mənfi hisslər baş qaldıra bilər.
Uşaqların yanında Qurban bayramından danışarkən onlara heyvanların necə kəsildiyini təfsilatı ilə anlatmağa ehtiyac yoxdur. Uşaqlar üçün Qurban bayramı məhz bir bayram, əyləncə, şənlik mənbəyi olmalıdır. Uşaqlar kəsdiyiniz qurbanların başlarını, əl-ayaqlarını görməməlidir. Bu mənzərə 12 yaşa qədər uşaqlarda şok effektinə malik ola, müdafiə mexanizminin avtomatik şəkildə işə düşməsinə səbəb ola bilər. Belə olan halda uşaq başqalarının hisslərinə, üzüntülərinə qarşı hissiyatsızlaşa bilər.
Qurbanlıq üçün aldığınız heyvanları əvvəlcədən alıb ev heyvanları kimi həyətinizdə saxlamayın. Uşaqlar heyvanlarla sevgi bağı qurur və bayram günü onun kəsilməsindən dolayı sarsıntı keçirərək hüznə qapıla bilər. Sevdiyi bir heyvanın sevdiyi ailə üzvləri tərəfindən kəsilməsinə uşağın qəlbində onlara qarşı qəzəb hissinin meydana gəlməsinə səbəb ola bilər.
Əgər istəmədiyiniz halda 12 yaşına çatmamış uşağınız heyvan kəsilməsinin şahidi olubsa, ona Allahın kainatdakı müəyyən heyvanları və bitkiləri insanların qidalanması üçün göndərdiyini izah edə bilərsiniz. Üsküdar Universitetinin rektoru, psixiatr professor Nevzat Tarhanın sözlərinə əsasən, uşaqlara qurban kəsilməsinin dini bir vəzifə olduğundan, yoxsullara yardım olunması kimi sosial faydalarından bəhs etmək lazımdır.
Türkiyəli pedaqoq Adəm Günəş valideynlərə uşaqların travma almaması səbəbi ilə onlara “siz evdə qalın, sizə baxmaq olmaz” deyərək onların təxəyyülünün daha da alovlanmasına səbəb olmamağı tövsiyyə edir. Çünki, uşaq qurbanın kəsilməsini öz fantaziyası ilə daha pis şəkildə canlandıra bilər.
7-12 yaş arası uşaqların kəsilmiş ətlərin yoxsullara, qohumlara, dostlara paylanılmasında iştirakı onların dini dəyərlərə, yardımlaşma və paylaşma kimi humanistik keyfiyyətlərə yiyələnməsi baxımından məqsədəuyğundur. Üstəlik əti qəbul edəcək yoxsullar əti paylayanın uşaq olduğunu görüb daha az utancaqlıq və daha az sıxıntı keçirərlər.
Uşaqlarınızda Qurban bayramı ilə bağlı xoş təəssüratlar oyatmaq istəyirsinizsə, bayramdan öncəki gecə onlar yatdıqdan sonra evinizi bəzəyin, onlar üçün aldığınız hədiyyələri masanın üzərinə qoyun. Bayram günü birlikdə bayram alış-verişinə çıxın, qohumlarınızı ziyarət edin. Bir sözlə uşaqlarınızın ətrafında bayram-əhval ruhiyyəsi yaradaraq bayramlaşma və paylaşma kimi dəyərləri uşaqlarınıza yaşadın.
Müəllif: Xumar Ərşadlı,
Gordon Neufeld İnstitutunun məzunu
Məqalənin hazırlanması zamanı Adəm Günəşin audio dərslərindən istifadə olunmuşdur.