Sankt-Peterburqlu psixololoq Yekaterina Muraşova yeniyetmələr arasında bir təcrübə həyata keçirib. Təcrübənin şərtlərinə əsasən 12-18 yaşlar arasındakı gənclər 8 saat ərzində kompüterdən, telefondan, televizordan və planşetdən istifadə edə bilməzdilər. Eyni zamanda onlar 8 saat ərzində heç kimlə ünsiyyətdə olmamalı və təcrüb zamanı gündəliyə qeydlər etməli idilər.
Təcrübəyə 68 yeniyetmə – 31 oğlan və 37 qız cəlb olunur. Psixoloq düşünürdü ki, bu təcrübə tamamilə təhlükəsizdir. Lakin, o, yanılıb. Təcrübənin sonunadək yalnız 2 oğlan və 1 qız tab gətirə bilir. Yeddi yeniyetmə 5 saatdan bir az artıq, qalanları isə daha az dözə bildilər. 20 qız və 7 oğlanda vegetativ simptomlar müşahidə olunurdu: qızdırma, baş gicəllənməsi, tərləmə, ağız quruluğu, qarında və sinədə ağrılar, başın tüklərinin “biz-biz durması” hissi. Demək olar ki, bütün yeniyetmələr narahatlıq və qorxu hissi keçirirdilər. 5 yeniyetmədə “vahimə tutmaları”, 3 nəfərdə isə intihara meyllilik müşahidə olunmuşdur.
Təcrübəni başa çatdıran qəhrəman qız gündəliyə öz hisslərini yazır. Psixoloq bu yazıları oxusa da, etik düşüncələrdən dolayı onları ictimaiyyətə açıqlamamaq qərarına gəlir.
Yeniyetmələr təcrübə zamanı aşağıdakı fəaliyyətlərlə məşğul olurdular:
– yemək bişirir və yeyirdilər
– kitab oxuyur və ya oxumağa çalışırdılar
– ev tapşırıqlarını yerinə yetirirdilər
– pəncərədən baxır və ya otaqda gəzişirdilər
– “Leqo” oyuncaqları ilə oynayırdılar
– rəsm çəkirdilər
– yuyunurdular
– otaqda və evdə yır-yığış edirdilər
– trenajorda idman edirdilər
– it və ya pişiklə oynayırdılar
– öz hisslərini gündəliyə yazırdılar
– gitara və ya pianino çalırdılar
– üç nəfər şeir yazırdı
– bir oğlan beş saat ərzində metro və avtobuslardan istifadə edərək şəhəri gəzib
– bir qız tikişlə məşğul olub
– bir oğlan əyləncə parkına gedərək üç saat ərzində attraksionlara minib
– bir yeniyetmə Peterburqun bir başından o biri başına qədər, təxminən 25 km boyunca gəzib
– bir qız siyasi tarix muzeyinə gedib
– bir oğlan heyvanxanaya baş çəkib
– bir qız dua edib
Demək olar ki, bütün iştirakçılar yuxuya getmək arzusunda olub. Lakin, heç kim yata bilməyib. Təcrübənin sonuna qədər tab gətirən 2 oğlandan biri yelkənli qayıq modeli hazırlamaqla məşğul olub. İkinci oğlan isə öz kolleksiyalarını səliqəyə salıb, evindəki bitkilərlə məşğul olub. Bu iki iştirakçıdan heç bir narahatlıq hissi keçirməyiblər. Bu nəticələri əldə edən psixoloq çox təəcüblənib. Yeniyetmələrin demək olar ki, hamısı öz gündəliklərində “asılılıq”, “bu cür yaşaya bilmirəm”, “beynim partlayacaq” və s. kimi sözlər yazmışdılar.
Bütün bu deyilənləri nəzərə alaraq bu qənaətə gəlmək olar ki, biz valideynlər uşaqları erkən yaşlarından televizora, kompüter oyunlarına elə alışdırırıq ki, onlar artıq özləri ilə təklikdə qalmaqdan qorxurlar.
Müəllif: Sevil Amil