Fiziki qüsurlu insanların cəmiyyət içərisində həyatlarını istədikləri kimi yaşaya bilməmələri, bu cür insanların cəmiyyətdən uzaqlaşmasına, özlərində var olan qabiliyyətlərə, bacarıqlara adaptasiya ola bilməmələrinə, özgüvənlərinin aşağı düşməsinə səbəb olan ən güclü faktordur.
Fiziki qüsurlu insanlara köməklik edə bilmək üçün hər şeydən əvvəl qüsurlu insanların psixologiyasını bilmək lazımdır. Onların hansı hərəkətdən, davranışdan xoşları gəlib-gəlmədiyini bilmədən yəni, onların dünyasını tanımadan fiziki qüsurlu insanlara köməklik etmək çox çətindir. Aşağıdakı sualları araşdıraq.
Fiziki qüsurlu insanlar özlərini cəmiyyət içində necə hiss edirlər?
Özlərini fərqli bir psixologiya içində, yoxsa normal insan kimi hiss edirlər?
Fiziki qüsurlu – bu sözə diqqət yetirdikdə normal bir insanın şəxsi və sosial həyatında özünün görməli işləri, doğuşdan və yaxud sonradan qazanılan fiziki narahatçılıq səbəbindən edə bilməməsidir. İnsanın yaşadığı bu əksiklik fiziki və psixoloji çətinlik yaşamasına səbəb olur. Normal insanların fiziki qüsurlu birinə baxış tərzi əsasən yazığı gəlmək və yaxud onu fərqli qəbul etməkdir.
İnsanların fiziki qüsurlu insanlara yazığı gəlməsi yaxşı niyyətli duyğudur. Ancaq yaddan çıxarmamaq lazımdır ki, yazığı gəlmək fiziki qüsurlu insanlara köməkdən çox ziyan verir. Bəs cəmiyyətdəki insanlar qüsurlu insanlarla necə davranmalıdırlar? Onlara qüsurlu kimi mi yoxsa normal insanlara davrandıqları kimi mi davranmalıdırlar?
Məsələn: Bəzi insanlar fiziki qüsurlu insan gördükdə baxmadan keçmirlər. Bəzən dönüb təkrar-təkrar baxır və bəzən “Allah uzaq etsin”, “Allah heç kimin başına gətirməsin” kimi cümlələr qururlar. İnsanların fiziki qüsurlu insanlara belə yanaşması onların təkrar-təkrar qüsurları ilə üzləşmələrinə və təkcə qüsurlarını düşünmələrinə səbəb olur və bu vəziyyət fiziki qüsurlu insanların cəmiyyətdən soyumasına, uzaqlaşmasına səbəb olur.
Bəs cəmiyyət olaraq qüsurlu insanlarla necə davranmalıyıq? İlk olaraq onların da rahatlıqla istifadə edə biləcəyi yollar, binalar, xəstəxanalar, nəqliyyat vasitələri və s. yaradılmalıdır. Onları olduqları kimi qəbul etmək və bizdən biriymiş kimi davranmaq lazımdır. Gərək duyulmadıqca onlara xüsusi diqqət göstərməmək və normal insanlara davrandığımız kimi davranmalıyıq. Onlara xüsüsi olaraq davranmaq, onlara lazımsız diqqət göstərmək qüsurlu insanlara xeyirdən çox ziyan verir bunu unutmamalıyıq.
Elvira Kərimova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu