Yol yoldaşı yoldaş olanda...

Yol yoldaşı yoldaş olanda...

Ölkədən ölkəyə, şəhərdən şəhərə avtobuslar gedir. Burda sağollaşıb ayrılır, gözdən itənə qədər pəncərə arxasınlan əl yelləyir, orda həsrətlə gözləyirlər. Avtobus beşcə dəqiqə gecikdimi, sərnişinlər bir mərəkə qoparırlar, gəl görəsən. Haqsız da sayılmazlar amma. Niyə də haqsız olsunlar ki, haqlarının tapdanmasını istəmirlər. İstəmirlər ki, onların gəlişi-gedişi kimlərinsə kefinə qalsın.
Amma sizə söyləmək istədiyim bu hadisədə sərnişinlər də, sürücülər də yolun yarısında nə az - nə çox, düz iki saatdan artıq gecikməyə razı olublar. Gecikiblər, həm də bu gecikmədən özləri də çox məmnun olublar. Antalya - Şanlıurfa istiqamətində hərəkət edən avtobus Mərsin vilayətinin Bozyazı rayonuna gələndə anası Həsrət Toprağın qucağındakı bir yaşlı Kübranın halı pisləşdi. Uşaq ağrıdan qıvrılır, durmadan çığırırdı. Sürücü avtobusdan təcili yardıma zəng edərək, vəziyyəti bildirdi. Həkimlər bir neçə dəqiqədən sonra avtobusu qarşıladılar, ilkin yardım göstərdilər, amma uşağın vəziyyətinin yaxşı olmadığını görüncə, onu xəstəxanaya götürməyi təklif etdilər. Ana və qızı təcili yardım maşınında Mərsin şəhərindəki mərkəzi xəstəxanaya aparılanda avtobusdakılar onları orda qoyub, yola davam etməyə razı olmadılar və xəstəxananın qarşısına gəlib gözləməyə başladılar. İki saatdan artıq gözlədilər, amma aralarından kimsə gileylənmədi, şikayət etmədi, “ondan bizə nə, niyə yolumuza davam etmirik?” demədi. Gözlədilər.
Həkimlərin yardımı iki saatdan bir qədər artıq çəkdi, balaca Kübranın ağrıları kəsdi və o, mışıl-mışıl yuxuya getdi. Qucağındakı körpəsiylə xəstəxananın qapısından çıxan ana onları gözləyən avtobusu və sərnişinləri görəndə elə kövrəldi ki, göz yaşlarını tuta bilmədi və dilindən də bu sözlər töküldü: “Allah sizlərdən razı olsun! Məni burda qoyub getmiş olsaydınız, nə edərdim? Nə yol-yolağa tanıyıram, nə də burda başımı soxmağa bir yerim var. Hamınıza təşəkkür edirəm”.
Sərnişinlər öz yerlərini tutduqdan sonra avtobus yoluna davam elədi. O gün o avtobusda sürücü də, inzibatçı da, sərnişinlər də bir-birilərini çox doğma, çox yaxın bildilər.

hazırladı: HARUN AYDOĞDU

Top