İnsan necə manqurt olur?

İnsan necə manqurt olur?

“Maariflənmiş ürək” əsərinin müəllifi B.Bettelheym 1938-39-cu illərdə nasist konslagerində həbsdə olub, azad oluna bilib, ABŞ-a köçüb, Çikaqo Universitetində psixologiya professoru işləyib.

Aşağıdakı bəndlər həmin əsərdə təsvir olunan, insanların sındırılaraq manqurta çevrilməsinə yönəlmiş psixoloji strategiyaları əks etdirir:



1. İnsanlar özləri üçün heç bir əhəmiyyəti olmayan işlərə məcbur edilir. Məsələn, bir yığın zibili gün ərzində dəfələrlə bir yerdən başqa yerə və geriyə daşıyırlar.

2. Elə qaydalar qoyulur ki, onları pozmadan yaşamaq üçün mütləq manqurt olmalısan.

3. Qayda pozmağa görə verilən cəzaların həddi yoxdur, cəzlanan adamın öləcəyi, şikəst olacağı cəlladların vecinə deyil, bunu açıq nümayiş etdirirlər və bunu döyülən adam da, başqaları da dərk edir.

4. Kollektiv məsuliyyət tətbiq olunur. Bir nəfərin qayda pozmasına görə onu vəhşicəsinə cəzalandırmaqla bərabər, yaxın adamlarına da cəza verilir. Hər kəs üçün aşkar olur ki, qayda pozmaqla təkcə öz həyatını deyil, əziz adamlarını da təhlükəyə atacaq.

5. İnsanlara təlqin olunur ki, onlardan heç nə asılı deyil, nəyisə dəyişmək gücünə sahib deyillər, xilas üçün heç bir ümid yoxdur.

6. Hər cür pisliyə biganə qalmağa məcbur olunurlar. Pisliklərə hansısa formada etiraz ağır cəzanı labüd edir. Belə mühitdə insanlar nəinki konkret vəhşilik aktlarına biganə qalır, biganəliyi həyat tərzinə çevirir, bunun sağ qalmaq üçün yeganə yol olduğuna özlərini inandırır və ən dəhşətlisi, biganəliyi açıqca göstərməkdən xəcalət çəkmirlər.

7. Onları hələ də insan olduğuna inandıran heç bir mənəvi cizgi, heç bir mənəvi dəyər saxlanılmır. Bu cür total sındırmadan sonra onlar hər hansı əclaflıq üçün istifadə oluna bilən manqurta çevrilirlər. Onlar artıq insan deyil, sadəcə bioloji alətdilər.

Bettelheym misal gətirir: “Məhbuslar sıra ilə gəlirdi və bu zaman SS cəlladı bir məhbusu vəhşicəsinə döyürdü. Sıradakılar həmin yerə yaxınlaşarkən hamısı üzünü yana çevirdi, sürəti artıraraq qaçıb uzqlaşdırlar. Bunu görən cəllad onların arxasınca ucadan “əhsən” qışqırdı. Çünki onlar özlərindən birinə qarşı vəhşiliyi görməmək, eşitməmək, qarışmamaq qaydasına lazımınca yiyələndiklərini, iç dərinliyə çökmüş qorxu və çarəsizlik hissini nümayiş etdirdilər. Sistemin oyun qaydaları qəbul olunmuş, qurbanlar özləri də zülm maşınının bir çarxına çevrilmişdilər”.

«Düşüncə» jurnalı
Top