Fizioloqlar tərəfindən sübut olunub ki, əmmə refleksi fitri refleksdir. Bu refleks hələ körpə ana bətnində ikən formalaşır. Uşaq, doğulduqdan 4 yaşa qədər, xüsusilə 0-18 yaş arası dövrdə əmmə tələbini ödəməlidir. Bu dövrdə körpələr demək olar ki, əllərinə keçən hər şeyi sorurlar – ananın döşünü, öz barmaqlarını, əmzikli şüşəni və s.
Psixoloqlar bu dövrü oral (“oris” – “ağız” sözündən) mərhələ adlandırırlar. Bu dövrdə, ətraf mühitə inam, dayaq, asılılıq-müstəqillik hissləri formalaşır. Körpə anasını daim yanında istəyir, onun qayğısı və qorumasına ehtiyac duyur və məhz əmmə refleksi körpədə bu hissləri oyadır.
Odur ki, körpə ağladıqda və narahat olduqda anasını döşünü əmərək özünü əmin-amanlıqda hiss edir. Bundan əlavə, bu refleks sayəsində, körpə aclığını yatırır, sakitləşir və özünü daha inamlı hiss edir. Əmmə refleksi əsasən körpənin həyatının ilk ilində özünü büruzə verir, həyatının 3-cü ilinin sonunda nisbətən zəifləyir və yalnız 4 yaşa yaxın keçib gedir. Əgər ana körpəyə döşünü verə bilmirsə, köməyə ana döşü qədər yumşaq və isti olmayan əmzik gəlir. Belə olan halda körpəni əmzikdən də məhrum etmək, onun əmmə tələbatının qarşısının alınması və onun psixoloji zədələnməsi ilə nəticələnə bilər.
Süddən vaxtından tez kəsilmiş və ya süni qida ilə qidalandırılan uşaqlarda ödənilməmiş əmmə refleksi müxtəlif dərəcəli nevrozlara gətirib çıxara bilər. Bu, bir neçə formada təzahür edir və bu təzahürlərin hər biri öz-özlüyündə uşağın sağlamlığı üçün təhlükədir:
1. Uşaq barmaqlarını, paltarın qolunu, yaxalığını, öz saçlarını, yorğan, yastıq, qələm, fırça, karandaş, oyuncaqları və sairə sorur.
– Ətrafınıza nəzər yetirin, hətta 4 yaşına qədər barmaqlarını soran uşaqlar görəcəksiniz. Bu ciddi problemdir. Bunun nəticəsi olaraq, uşağın barmağı deformasiyaya uğrayır, nazilir və digər barmaqlardan fərqlənir. Bundan əlavə üz-çənə nayihəsi deformasiyaya uğrayır, dişlər əyilir, uşağın diksiyasında problemlər əmələ gəlir.
Qeyd: müəyyən dövrə qədər uşaqların barmaqlarını sormasında bir problem yoxdur. Südəmizdirmə üzrə məsləhətçi Natalya Razaxatskaya hesab edir ki, əgər siz körpənizi tələbinə uyğun qidalandırırsınızsa, əmizdirmələrin müddətini məhdudlaşdırmırsınızsa, körpəni zəruri taktil təmasla təmin edirsinizsə, özünüzü ana rolunda əzmli hiss edirsinizsə, körpəyə əmməyə döşdən başqa bir şey vermirsinizsə, körpənin üzərində erkən inkişaf təcrübələri aparmırsınızsa, o zaman, barmaq və ya yumruq əmmək sadəcə idraki refleksdir və tezliklə öz-özünə keçib gedəcəkdir. Əgər körpə öz barmağını uzun müddət və israrla əmirsə (10-15 dəqiqədən artıq) və ya barmağı ağzında yatırsa, çox güman ki, o, xoşagəlməz hisslər keçirir.
Odur ki, zərif şəkildə barmağı döşlə əvəzləməyə çalışın və körpənin sizə verdiyi siqnallara daha çox diqqət yetirin ki, onun bu həyəcanlı vəziyyətinin səbəbini anlayasınız
2. Uşaq dırnaqlarını yeyir.
– Dırnaq yeməyin mənfi nəticələri hər kəsə məlumdur. Əmmə refleksi ödənilmədiyi üçün dırnağını yeyən uşağın keçirdiyi psixoloji sıxıntı azmış kimi, üstəlik onun səhhətində problemlər əmələ gəlir; dırnaq yeyən uşaqlar adətən bağırsaq qurdları və bağırsaq infeksiyalarından əziyyət çəkir.
3. Əmzik və barmaqlarını əmməsinə qadağa qoyulmuş uşaqlarda bu, masturbasiya ilə nəticələnə bilər.
– Körpələr böyüdükcə cinsi orqanlarına toxunmağa başlayırlar. Bu sırf idraki maraqdır. Lakin, körpə bu toxunuşlardan müsbət emosiyalar törədiyini hiss edərsə, o daim cinsi orqanları stimulyasiya etməyə başlayır ki, bu da uşaq onanizminə gətirib çıxarır. Haşiyə çıxaraq qeyd edim ki, bu məsələnin qabardılmasında “mentalitet” də az rol oynamır. Belə ki, bir çox ailələrdə körpələrin cinsi orqanları xüsusilə nənələrin öpüş və zarafat obyektinə çevrilir və nevrotik pozuntular səbəbilə onanizmə əl atan körpənin bu pis vərdişdən əl çəkməsini daha da çətinləşdirir.
4. Psixoloqlar qeyd edir ki, əmmə refleksi ödənilməmiş uşaqlar passiv böyüyür, alkoqol və nikotin asılılığına düçar olma ehtimalları çoxalır.
– Hər kəsə məlumdur ki, stressli vəziyyətlərdə siqaret çəkənlər siqaretə daha çox can atırlar, bu da həmin fərziyyəni təsdiqləyir.
5. Oral dövrdə uşaqlar müxtəlif əşyaları “dadmağa” meylli olur. Bu, inkişaf prosesinin bir mərhələsidir.
www.vib.az saytının verdiyi məlumata əsasən, ağzında daim əmzik olan körpələr bu inkişaf dövrünü daha məhdud şəkildə keçir.
Nəticə olaraq, bütün analara düzgün və problemsiz süd əmizdirmə, bütün körpələrə isə bol və iştahlı süd əmmə arzulayırıq!
Müəllif: Xumar Ərşadlı