Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları


Bir çox valideynlər övladını verilən tapşırığı yerinə yetirməsi üçün və ya nadinclik etməsin deyə qorxudurlar. «Xoxan gələr aa, qoy başını yat» və ya «Yeməyini ye, yoxsa xoxan gələr səni aparar» kimi kəlmələr bizim ailələrimiz üçün yad deyil. Bəzən «xoxan»ı «iynə vuran həkim» və ya «küçədəki it» əvəz edir. Valideynlərin uşaqları qorxutmaqla bağlı fantaziyaları sonsuzdur. Bəs ümumiyyətlə, uşağı qorxutmaq doğrudurmu?

Uşaqlarda qorxu hissi doğulandan yeniyetmə yaşına qədər mərhələlərlə inkişaf edir. Mütəxəssislər bu inkişaf mərhələlərini 0-2 yaş, 2-6 yaş, 6-9 yaş, 9-12 yaş və yeniyetməlik dövrlərinə görə fərqləndirirlər.

0-2 yaşında olan uşaqlar ağrıdan, bərk səsdən, tək qalmaqdan və fiziki dəstəyi itirməkdən qorxurlar (əlini buraxanda, qucaqdan düşəndə və s.). Bu qorxu hissi doğulan gündən başlayır və tədricən güclənir. Böyük ehtimal bu yaşda uşaqların təsəvvürü tam formalaşmadığından onları «xoxan»la qorxuzmaq olmur. Başqa sözlə onlar hələ xoxan nə olduğunu nə dərk, nə də təsəvvür edirlər.

2-6 yaşında olan uşaqlar daha çox tək qalmaq və qaranlıqdan qorxurlar. Bu yaş dövründə sözləri başa düşmək və təsəvvür etmək qabiliyyəti formalaşır. Ona görə də bu yaşda «xoxan» məfhumunu uşaqlar başa düşür və təsəvvür etdiyi «xoxan»dan qorxmağa başlayır. Böyüklərin qorxu yaradan sözlərinə balacanızda reaksiya formalaşır. "Ölüm" anlayışı ilə tanışlıq isə qorxunu bir qədər artırır.

6-9 yaşında olan uşaqlar yavaş-yavaş xəyali varlıqlardan daha az qorxmağa başlayırlar. Bəzən isə qorxulu hesab edilən oyuncaqlarla oynayırlar. Bu yaşda xoxanlar əhəmiyyətini itirməyə başlayır. Amma qorxu hissi hələ də aktual olaraq qalır.

9-12 yaşlı uşaqlar daha böyük və vahiməli «xoxanlarla» ünsiyyətə girməyə hazır olurlar. Zədə almaq və ya sevdiyi insanları itirmək qorxusu formalaşır.

Yeniyetməlik dövründə uşaqların nəzəri bilikləri və məntiqi təfəkkürü inkişaf etdikcə onların qorxuları tamamilə dəyişir. Yeniyetmələr daha çox sosial və iqtisadi hadisələrlə bağlı olur. Yaşıdları ilə münasibətlər, hormonlarla bağlı bədən formasının dəyişməsi və ətrafdakılar tərəfindən qəbul olunmamaq əsas qorxulara çevrilir.

Amma...
Uşaq illərində olan «xoxan»lar yuxarı yaşlarda şüuraltı səviyyədə qala və bir həyat boyu övladınıza mane ola bilir. Bu qorxuların onlarda digər insanlarla ünsiyyətə girmək, fikrini demək, ictimai yerdə danışmaq və bu kimi digər problemlər yaratmaq ehtimalı var.

Bəzi qorxular uşaqlarda keçici olsa da digərləri uzun müddət qalır. Belə hallar müşahidə etdikdə mütləq peşəkar psixoloqa müraciət etməyinizi tövsiyə edirik.

valideyn.az 
Top