İmtahan stressinin psixoloji xüsusiyyətləri

İmtahan stressinin psixoloji xüsusiyyətləri

İmtahan yalnız qazanılmış biliklərin deyil, eyni zamanda insanın psixoloji davamlılığının sınaqdan keçirilməsidir. Psixoloji tədqiqatlar sübuta yetirir ki, imtahandan uğurla keçmək üçün, özünüqiymətləndirmənin səviyyəsini yüksəltmək, özgüvəni artırmaq vacibdir.

İmtahan stressi necə meydana çıxır?
Stressi intensiv əqli fəaliyyət, eyni vəziyyətdə uzunmüddətli olmaqdan əzələ və orqanların yorulması prosesi, yuxu və istirahət rejiminin pozulması yaradır. Lakin imtahan stressini inkişafını sürətləndirən ən başlıca faktor-neqativ təəssüratlar və ya iztirablardır.

Məzunların anketləşdirilməsi nəticələri göstərir ki, imtahan verən şəxslərdə çox hallarda baş ağrısı, ürəkbulanma və diareiya meydana çıxır, onlarda bir çox dəri xəstəlikləri müşahidə olunur, ümumi həyəcan, məyusluq, panika və qorxu hissləri təzahür edir. Bu zaman imtahan verən şəxslərdə ifrat dərəcədə özünütənqid vəziyyəti müşahidə olunur, onları vahimə dolu yuxular və özünün yaxud başqa birinin əvvəlki imtahanlarda yaşamış olduqları uğursuzluqlar barədə xoşagəlməyən xatirələr narahat edir.

Stress insan psixikasına neqativ təsir göstərir. Bu, hafizənin pozulmasına, nitqin çətinliklə ifadə olunmasına, məşğələlərə qarşı yoğunluq və dözümsüzlük kimi təzahür edir. Stressin nəticəsi olaraq beyin yarımkürələrinin harmonik işi pozulur.

Sakit, insan üçün narahatlıq daşımayan situasiyada beyin yarımküləri biri digəri ilə razılıq şəraitində işləyir. Sol yarımkürə məntiq və analizə cavabdehlik daşıyır, sağ yarımkurə isə emosiya və obrazlarla məşğul olur. Sağ yarımkürənin dominantlıq etdiyi şəxslərdə stress zamanı məntiq «itir», məsələləri həll etmək qabiliyyəti «dağılır». Sol yarımkürələrin dominantlıq etdiyi şəxslərdə isə obrazlar, məntiqli nitqlə bağlı hər şey “məhv olur”. Təsadüfi deyildir ki, uğursuz imtahan və ya uğursuz sınaqdan sonra imtahan verən şəxslərdən bu sözləri eşitmək olar: «elə bil yaddaşını pozulmuşdu» və ya «söz tapa bilmirdim». Bu sözlər beyində gedən prosesləri dəqiqliklə təsvir edir.

İmtahan stressinin əlamətləri hansılardır?
İmtahan bütün sinir-əsəb sistemi üçün ciddi sınaqdır. Stress zamanı bir qayda olaraq, aşağıdakı əlamətlər meydana çıxır:
— güclü narahatlıq hiss olunur;
— imtahan verən şəxs situasiyaya nəzarət edə bilmədiyini və problemlə bacarmadığını hiss edir.

Stress vəziyyətinin daha dəqiq əlamətləri aşağıdakılardır:
— güclü ürəkdöyünmə;
— tərləmənin artması;
— qıcıqlanma;
— güclü yorğunluq hissi;
— iştahanın itirilməsi;
— baş ağrıları.

Eyni zamanda yuxusuzluq, miqren, həzm prosesinin pozulması, özünühissetmənin pisləşməsi və emosional boşalma, relaks qabiliyyətsizliyi meydana çıxa bilər. Stress eyni zamanda depressiya yarada bilər, bu zaman insanda əhval dəyişikliyi, iştahanın pisləşməsi, yuxunun pozulması, özünüqiymətləndirmənin aşağı enməsi müşahidə oluna bilər.

Bir faktı da qeyd edək ki, imtahan önü stressin müsbət tərəfləri də var. Az dozada o vacib şərtdir, belə ki, təhlükəyə qarşı adekvat davranış yaradır, orqanizmə əlavə adrenalin verir, bizi lazımi formada saxlayır.

İmtahanönü stress vəziyyəti ilə necə mübarizə aparmaq olar?
İlk növbədə, stress vəziyyətinin fizioloji təzahürlərinə diqqət yetirilməlidir. Bir qayda olaraq, bu, tənəffüsün çətinləşməsi, yüngül titrəmə, bədənin ayrı-ayrı əzələlərində gərginlik (qarın, üz və s.) kimi meydana çıxır. Nəfəsalma ritmini normallaşdırmaq üçün sadə tapşırıqlar kifayətdir: bir neçə dəqiqə ərzində asta və dərindən nəfəs almaq vacibdir. Ən isti havada belə bəzən titrəməni aradan qaldırmaq üçün imtahan prosesində məktəblilərə isti üst geyimi vacib olur. Bəzi məktəblilərə «kollektiv» qorxu paralizedici təsir bağışlayır, buna görə də onları təkliyə çəkmək lazımdır: bir kənara çəkilmək, dəhlizdə gəzinmək, pəncərədən baxmaq və s. İmtahan günü həkim məsləhəti olmadan dərman qəbul etmək arzuolunan deyil.


İmtahanönü həyəcanı ən çox gülüş azaldır. Əgər imtahandan əvvəl azacıq da olsa gülmək imkanı varsa, gülün bu, həyəcanın azalmasına xidmət edir.

Yeganə Mikayılova
Bakı Qızlar Universitetinin müəlliməsi,
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
Top