Ünsiyyət qarşılıqlı təsir kim

Ünsiyyət qarşılıqlı təsir kim

Ünsiyyətə girərkən insanlar hər hansı sual, xahiş, əmr, izahat və s. zamanı qarşılarına başqasına bu və ya digər şəkildə təsir etmək məqsədini də qoyur. Bu zaman o başqasından nəyisə öyrənmək, ona təsir etmək, onu yersiz hərəkətdən uzaqlaşdırmaq, onunla dostluq əlaqələri yaratmaq, ondan hansısa bir köməkliyi əldə etmək və ya ona öz kömək əlini uzatmaq və s. istəyini güdə bilir. Bu zaman ünsiyyətin nəzərdə tutulan məqsədi onun hər iki iştirakçısının birgə fəaliyyət tələbatına uyğun olursa öz müsbət bəhrəsini verə bilir,  təsir birtərəfli deyil qarşılıqlı xarakter daşıyır. Belə ki, A. fərdin hərəkəti B – in davranışında dəyişikliyə səbəb olur,
Ünsiyyət prosesində rol və rol gözləmələri. Qarşılıqlı təsir prosesində sosial nəzarət ünsiyyətdə olan adamların rollarına uyğun şəkildə həyata keçirilir. Psixologiyada rol altında kimin bu və ya digər mövqedən asılı olaraq hansı davranış modelini yerinə yetirməsi nəzərdə tutulur. Subyekt müəllim və ya şagird, bacı və ya qardaş, həkim və ya xəstə, müdir və ya işçi, ev yiyəsi və ya qonaq  və s. rolunu yerinə  yetirə bilər. Hər bir rol  tamamilə müvafiq tələbə və ətrafdakılarının  müvafiq gözləmələrinə cavab verməlidir. Adətən ünsiyyətdə olan adamlar bir- birindən öz rolunu onun gözlədiyi kimi yerinə yetirməsini istəyirlər. Məsələn, şairdlər gözləyirlər ki, müəllim onlara  yaxşı dərs desin, yüksək qiymət versin, onların istəyini yerinə yetirsin və s.  Müəllim isə gözləyir ki, şagirdlər dərsə yaxşı hazırlaşsın, intizamı pozmasın, müəllimin tapşırıqlarını yerinə yetirsin. Məhz buna görə də müxtəlif rolları yerinə yetirən adamların qarşılıqlı təsiri onların rol gözləmələri ilə tənzim olunur. İnsanın  istəyib – istəməməsindən asılı olmayaraq onu əhatə edənlər ondan müvafiq nümunəyə uyğun davranış gözləyirlər.  Rolun bu və ya digər şəkildə yerinə yetirilməsi mütləq sosial qiymət alır, roldan hər hansı bir kənara çıxma halı bəyənilmir.
İnsanın başqalarının ondan eşitmək istədiklərini və onda görmək istədiklərini səhvsiz, dəqiq çatdırmaq qabiliyyət və  bacarığı mərifət adlanır.
Lakin əgər subyektin prinsip və inamı  ondan gözlənilənə  ziddirsə onun başqa  cür hərəkət etməsini mərifətsizlik  adlandırmaq olmaz.
Dostlar arasında ünsiyyətitn xarakteri. İnsanlar arasında  ünsiyyətin xüsusi forması dostluq ünsiyyətidir. Dostluq davamlı fərdi – seçici qarşılıqlı münasibət və qarşılıqlı təsir sistemindən ibarətdir. Dostlar arasında olan ünsiyyət adamların bir – birilə qarşılıqlı bağlılığı, sədaqətliliyi, bir – biri ilə ünsiyyətdən məmnunluqları, bir – birindən qarşılıqlı hiss və arzuları gözləmələri ilə səciyyələnir. Dostluğun inkişafı qarşılıqlı anlama, ürəyiaçıqlıq, etibarlılıq, fəal qarşılıqlı kömək, bir – birinin işlərinə qarşılıqlı maraq, səmimilik  və təmənnasız hisslərin olması kimi yazılmamış kodeksə əməl etməyi tələb edir.  Dostluq kodeksinin ciddi şəkildə pozulması ya dostluğun dayandırılmasına, ya üzdən həyata keçən yoldaşlığa keçməsinə, ya da düşmənçiliyə səbəb ola bilər.
Ünsiyyətdə maneələr və onların qarşısını almaq yolları. İnsanların birgə yaşayışı, birgə fəaliyyəti prosesi daima ünsiyyətlə müşayət olunur. Başqa sözlə ünsiyyət insanlar arasında təmasın yaranması və  inkişafı prosesi kimi meydana çıxır. Bu prosesdə insanlar öz fikir və arzularını bir- birlərinə çatdırır, bir- birlərinə qarşılıqlı təsir göstərir, bir- birlərini qavrayır və anlayırlar. Ünsiyyət prosesinin xarakteri insanların birgə fəaliyyətinə, qarşılıqlı  münasibətlərinə özünəməxsus təsir göstərir. Bir çox hallarda  ünsiyyət prosesi münaqişələrlə müşayət olunur və qarşılıqlı münasibətə neqativ təsir  göstərir. Hamımız olmasaq da bəzilərimiz bu cür  münaqişəli şəraitdən çıxmaq üçün müvafiq yol tapa bilmirik. Ünsiyyət zamanı baş verən bu cür maneələri  aradan qaldırmaq yollarını nə orta, nə də ali məktəblərdə öyrətmirlər. Lakin  sosial psixologiya  və pedaqogikada bununla bağlı olduqca zəngin empirik və nəzəri məlumatlar toplanmışdır ki, onlardan istifadənin  ünsiyyət maneələrinin qarşısını almaq­da rolu inkarolunmazdır.
Ünsiyyət prosesinə mənfi təsir göstərən bu cür maneələrin bəziləri və onların qarşısını almaq yollarını qısaca nəzərdən keçirək.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, müxtəlif fəaliyyət növlərində bu cür maneələr müxtəlif şəkildə özünü təzahür etdirir. Məsələn, görkəmli psixoloq V.A. Kan-Kalik gənc müəllimlərin pedaqoji ünsiyyətində özünü göstərən çətinlikləri «psixoloji maneələr» adlandırmış və bunları  pedaqoji  fəaliyyətin spesifik xüsusiyyətləri ilə əlaqələndirmişdir. Şübhəsiz həmin materialdan istifadə olunması  gənc mü­əl­­limlərin pedaqoji ünsiyyətindəki çətinlikləri aradan qaldırmalarında onlara köməklik göstərə bilər. Ona görə də  burada həmin fikirləri təkrar etməyi lazım  bilmədik. Burada ümumiyyətlə  insanların ünsiyyətində özünü göstərən bəzi çətinlikləri, onları doğuran səbəbləri psixoloji maneə kimi şərh etməyə çalışmışıq.
Ünsiyyət zamanı  diqqəti cəlb edən çətinliklərdən, maneələrdən biri qavrayışla  şərtlənən səhvlərdir. Bir çox hallarda ünsiyyətdə olan adamlar bir-birlərini düzgün qavraya bilmirlər. Bu cür maneələr ona görə meydana gəlir ki, ünsiyyət zamanı hər bir adam qeyri-ixtiyari olaraq onun üçün əhəmiyyətli olan cəhəti ayırır, ona fikir verir və münasibət bildirir. Nəticədə ünvanlanmış məlumat təhrif olunur və anlaşıqsızlığa gətirib çıxarır. Ona görə də ünsiyyətin əsas məqsədi olan məlumat bir növ düzgün dərk edilmir. Bu isə münaqişə ilə  nəticələnir.
Qavrayışla yanaşı  olaraq ünsiyyətdə olan adamların təfəkküründə olan fərdi fərqlər də onların ünsiyyətini çətinləşdirir. Bu cür çətinliyi məntiqi səhvlərdən doğan çətinlik  adlandırmaq olar. Ünsiyyətdə olanların əqli keyfiyyətlərinin inkişaf xüsusiyyətlərinə görə fərqli olmaları onların bir – birlərini  başa düşmələrini çətinləşdirir. Məhz buna görə də bəzən ünsiyyət alınmır.
Ünsiyyətdə olanların nitqlərindəki üslub səhvləri də bir maneə kimi ünsiyyət prosesini çətinləşdirir. Belə ki, bəzən adamların nitqində məlumatların çatdırılması forması onun məzmununa uyğun olmur və bu da ünsiyyət prosesini çətinləşdirir.
Bu cür çətinliyin qarşısını almaq üçün mütəxəssislər ünsiyyət zamanı bir sıra qaydalara əməl olunmasının vacibliyini irəli sürürlər. Bunlara aşağıdakıları aid etmək olar:
«Haşiyə»  qaydası. Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, hər cür  işgüzar ünsiyyətin əvvəli və sonu dəqiq müəyyənləşdirilməlidir.
«Məqsəd» qaydası. Bu qaydaya görə çatdırılan fikirlər tör – töküntü şəklində deyil çox dəqiq şəkildə sıralanmalıdır.
Bunlarla yanaşı olaraq ünsiyyətə girərkən nitqin əvvəlində həmsöhbəti maraqlandırmağa cəhd göstərilməli, maraqlı faktlarla, aforizm və nümunələrlə  onun diqqəti cəlb edilməlidir. Yalnız bundan sonra əsas məsələyə keçmək faydalı olur. Əsas fikir çatdırıldıqdan sonra dinləyicinin etiraz və suallarıni dinləmək və öz nitqini nəticələr və ya xülasə ilə başa çatdırmaq lazım gəlir.
Kommunikator öz nitqini qısa cümlələrlə (5–9 söz) ifadə etməlidir. Bu cür məlumat dinləyicilərin yadında yaxşı qalır.
Semantik (məna) səhvlər də ünsiyyətə mənfi təsir edən maneə kimi özünü göstərə bilər. Adətən bu cür səhvlər eyni sözün müxtəlif məna daşıdığı zaman özünü göstərə bilir. Nəticədə dinləyici sözü eşitdikdə onu təhqir mənasında anlaya bilər ki, bu da ciddi münaqişəyə səbəb olar.
Ünsiyyətin səmərəli keçməməsinə səbəb olan maneə kimi resipientin xətrinə dəyən söz  və ifadələrdən istifadə edilməsini də qeyd etmək olar. Şübhəsiz dinləyiciyə «Sən qorxaqsan, tənbəlsən, satqınsan» və s. şəklində deyilən söz ciddi  narazılığa səbəb ola bilər.
Nitqdə tez- tez «həmişə», «heç vaxt» kimi ifadələrin işlədilməsi də ünsiyyətə ciddi zərər gətirir. Aşağıdakı iki ifadə bir – birindən nə qədər fərqli səslənir: «Siz məşğələyə gecikmisiniz» və «Siz həmişə məşğələyə gecikirsiniz!» Burada «həmişə» sözündən istifadə olunması, ona istinad edilməsi ünsiyyət məntiqinin pozulmasına səbəb olur. Bu sözdəki hər cür vəd və ya qadağan təmasın yaranmasına mane ola bilər. Bunun üçün «Sən mənə heç vaxt bu cür hərəkət etməyəcəyini vəd etmişdin», «Sən həmişə bunu yadda saxlaya  bilmirsən!»  kimi ifadələrin işlənməsi  ünsiyyətin alın­maması  üçün kifayətdir.
Həmsöhbətlərin hər hansı bir fikri başqa cür başa düşməsi də ünsiyyət üçün maneə rolunu oynaya bilər. Məsələn, «Sən sadəcə olaraq düşünürsən ki, mən…» və ya da «Siz bilə – bilə gecikirsiniz görəsiniz ki, mən buna necə reaksiya verəcəm» və s. ifadələri qavramada olduğu kimi. Hətta əgər başqasının fikri düzgün «başa düşülməzsə» də bunun hündürdən ifadə olunması adətən həmsöhbət tərəfindən özünün təhqir olunması və ya ona təzyiq göstərilməsi  kimi başa düşüləcəkdir. Bu isə şübhəsiz təmasın inkişafına şərait yaratmayacaqdır.
Ünsiyyətin səmərəliliyi və onun iştirakçılarının bu prosesdə qarşılıqlı təsirində maneə rolunu oynayan səbəblərdən biri də insanların həmin prosesdə ehtiyatlı hərəkət etməməsi, danışığında əmr üslubundan istifadə etmələri, başqa sözlə avtokratik mövqe tutmalarıdır. Xahiş, məsləhət şəklində müraciət tərzi – kimə müraciət etmələrindən asılı  olmayaraq, əmr etməyə nisbətən olduqca az daxili etiraz, qarşıdurma yaradır. «Gətir!», «Yadında saxla!», «Dərhal yerinə yetir!» tipli müraciət  formaları insanın mənliyinə ağır təsir gös­­tərir, nəticədə ünsiyyət prosesi üçün maneə  rolunu oynayır.
Ünsiyyət zamanı nitqdə olan fonetik səhvlər, səslərin təkrarı, tüfeyli sözlərdən  (qısası, deməli, zad və s.), eləcə də parafonezlərdən istifadə edilməsi  ünsiyyət prosesinə mənfi təsir göstərir. Bu cür hallar həmsöhbətin diqqətinin  yayınmasına, həyəcanlanmasına, nitqi yanlış şəkildə qavrama və anlamasına  səbəb olur.
Ünsiyyət zamanı mövcud ola biləcək maneələri azaltmaq və baş verə biləcək münaqişənin qarşısını almaq üçün «səmərəli ünsiyyət qaydaları»ndan istifadə  olunması zəruridir. Mütəxəssislər bu cür qaydalara aşağıdakıları aid edirlər:

  • Öz çıxışına başlamazdan əvvəl dinləyicilərə nələri çatdırmaq istədiyini bildirmək, başqa sözlə öz ideyalarını aydınlaşdırmaq zəruridir.
  • Qısa cümlələrlə (5 – 9  sözdən ibarət ) danışmağa çalışın. Bu cür cümlələr qavrama və anlama üçün daha çox səmərəlidir.
  • Səsinizin daha çox ifadəli olmasına çalışın.
  • Öz nitqinizdə fasilələrdən istifadə edin.
  • Öz nitqinizdə aydın olmayan, ikimənalı ifadələrdən eləcə də professionallıqdan qaçmağa çalışın.
  • Həmsöhbətinizin qeyri – verbal siqnallarına (mimika və jestlər və s.) nəzər salın.
  • Kateqoriyallıqdan qaçmağa çalışın. Nəzərə alın ki, sizin fikriniz yanlış ola bilər.
  • Ünsiyyət yeri və vaxtını düzgün seçin.
  • Daima öz nöqteyi nəzərinizi dəyişdirməyə hazır olun.
  • Səmərəli dinləmə qaydasına əməl edin. Bu qaydalar aşağıdakılardan ibarətdir:
    • Həmsöhbətinizin sözünü kəsməyin.
    • Həmsöhbətinizə qarşı diqqətli olun.
    • Tələsik nəticə çıxarmayın.
    • Həmsöhbətinizin ifadəsinə sakit reaksiya verin.
    • Diqqətinizi yayındırmayın.
    • Təfəkkür tempinizi nitqə uyğunlaşdırın.
    • Həmsöhbətinizlə əks əlaqə yaratmağa çalışın.

Ünsiyyətdə məna maneələri və onları doğuran səbəblər. Psixoloji ədəbiyyatda ünsiyyətdə olan adamlar arasında münaqişənin səbəblərindən biri kimi məna maneəsinin yaranmasını qeyd edirlər. Belə ki, bəzən ünsiyyətdə olan tərəflərin baş verən hadisəyə verdikləri məna uyğun gəlmir və bu məna maneəsi kimi münaqişənin yaranmasına gətirib çıxarır.
Psixoloqlar müəyyən etmişlər ki, məna maneəsi həm ünsiyyətdə olan adamın qarşısında hansı tələbin qoyul­ma­sından asılı olmayaraq, konkret adama münasibətdə, həm də kimin irəli sürməsindən asılı olmayaraq, konkret tələbə münasibətdə özünü göstərə bilir. Məsələn, müəllim şagirdi onun davranışına uyğun olmayaraq, qeyri obyektiv cəzalan­dırdıqda şagirddə həmin müəllimə  qarşı  məna maneəsi ya­ra­nır. Bundan sonra müəllim nə qədər obyektiv hərəkət etsə də şagird onu qəbul edə bilmir. Konkret adama qarşı bu cür məna maneəsi müəllim tamamilə obyektiv, düzgün hərəkət etdiyi halda, şagirdin öz davranış motivini dərk  edə bilmə­məsindən  asılı olaraq da yarana bilir.
Konkret tələbə münasibətdə özünü göstərən məna maneəsi isə tamamilə başqa səbəblərdən irəli gələ bilir. Məsələn, müsbət nəticə vermədiyi halda  tərbiyəçi eyni tələbi dəfələrlə irəli sürür. Nəticədə uşaq bu cür tələblərə o qədər alışır ki, onu bir növ qavramamağa başlayır.
Təcrübə göstərir ki, bu cür məna maneələrinin yaran­ması şagirdlərlə aparılan işin çətinləşməsinə, bir növ nəti­cəsiz qalmasına səbəb olur. Ona görə də müəllim birinci növbədə bu cür məna maneələrinin yaranmasının qarşısını almağa çalışmalıdır. Bu cəhətdən müəllim və tərbiyəçi üçün əsas problem zəruri təsir vasitəsini seçmək deyil, həm də rəftar və davranışını motivlərini, onun baxışlarını, münasibətlərini bilməkdir. Belə olduqda məna maneələrinin yaranmasının qarşısı alına bilir.

Top