Adətən, hər hansı bir insan qrupunda müşahidə apardıqda qrupdakı insanların birinin cəld, digərinin təmkinli, birinin tez özündən çıxan, digərinin müvazinətli, birinin hər şeyə tez reaksiya verən, digərinin ləng olduğunu görürük. İnsanların bir-birlərindən bu cür fərqli xüsusiyyətə malik olmaları qədim zamanlardan diqqəti cəlb etmişdir. Ona görə də, bəşəriyyət lap qədimdən müxtəlif adamların psixi xasiyyətinin tipik xüsusiyyətlərini ayırmağa, onların ümumiləşmiş portretlərini tipologiyasını verməyə cəhd göstərmişlər, temperament tiplərinin az sayını azaltmağa çalışmışdır. Bu cür tipologiya praktiki olaraq faydalı idi, belə ki, onun köməyi ilə konkret həyat şəraitində bu və ya digər insanın davranışını qabaqcadan görmək və nəzərə almaq olardı. Tarixən insanları bir-birindən fərqləndirən həmin xüsusiyyətlərə «temperament» adı verilmişdir.
İnsanların psixi fəaliyətlərinin dinamikliyinə görə fərqlənmələri hələ qədim zamanlardan diqqəti cəlb etmişdir. Bu cür fərqlərin yaranmasının səbəbləri müxtəlif istiqamətdə öyrənilmişdir. Müasir dövrə qədər temperament haqqında əsasən üç nəzəriyyə geniş yayılmışdır: humoral nəzəriyyə, somatik nəzəriyyə və sinir sistemi nəzəriyyəsi. Bədən quruluşunun adı çəkilən tiplərinə Kreçmer onun şizotimik, iksptimik və siklotimik adlandırdığı 3 temperament tipini aid edir. Yuxarıda qeyd etdiyimiz kimi, müasir psixologiyada temperamentin dörd tipi əsas götürülür: sanqvinik, xolerik, fleqmatik, melanxolik. İnsanları temperamentlərinə görə fərqləndirərkən həmin tiplərdən istifadə olunur. İnsanların hansı tipə məxsus olduqlarını müəyyənləşdirmək üçün müasir psixologiyada temperamentin özünə məxsus xassələrinə istinad edirlər. Bunlara aktivlik, reaktivlik, emosionallıq aiddir. : Əvvəlki bölmədə qeyd olduğu kimi, temperament haqqında geniş yayılmış, bütün dünya miqyasında qəbul edilən üçüncü nəzəriyyə sinir sistemi nəzəriyyəsidir. Akademik İ.P. Pavlov tərəfindən irəli sürülmüş bu nəzəriyyə ali sinir fəaliyyəti (ASF) sahəsində ən əsaslı kəşflərdən biri olmuşdur. İ.P. Pavlov bu yolla temperamentin fizioloji əsasları haqqında təlim yarada bilmişdir. Akademik İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki, temperamentin tipləri sinir sisteminin tiplərinə əsasən formalaşır. Başqa sözlə sinir sistemi tipləri temperament tiplərinin fizioloji əsasını təşkil edir. Sinir sisteminin bu tipləri anadan gəlmə xarakter daşıyır. Ona görə də İ.P.Pavlov bu tipləri genotiplər adlandırmışdır.
Temperament – insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavabvermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.
Temperament latın dilindən «qarışıq, mütənasiblik» deməkdir. Temperament haqqında təlimin yaradıcısı qədim yunan görkəmli həkimi Hippokrat (e.ə. təxminən 460-377 illər) sayılır. O təsdiq edir ki, insanlar 4 əsas «orqanizm şirəsi» nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd. Bu, «orqanizm şirələrinin» nisbəti yunanca «krasis» sözü ilə ifadə olunurdu ki, sonralar həmin sözü yunanca temperamentum – «mütənasiblik» sözü ilə əvəz edildi. Hippokratın təliminə əsaslanaraq digər tanınmış antik dövr həkimi Klavdiy Qalen (təxminən 130-200-ci illər) məşhur traktatı «De temperamentum» kitabında şərh etdiyi temperamentlərin tipologiyasını işləyib hazırladı.
Onun təliminə əsasən temperamentin tipi orqanizimdə bu şirələrdən birinin üstünlüyündən asılıdır.. Temperamentin bu 4 tipinin adı həmin şirələrin adına uyğun verilmişdir:sanqvinik (latınca sanqvius-qan), fleqmatik (yunanca fleqma-selik, bəlğəm), xolerik (yunanca chole-öd), melanxolik (yunanca melian chole – qara öd).Temperament haqqında təlimlər tarixindən
Temperament haqqında humoral nəzəriyyənin banisi Hippokrat olmuşdur. Bu nəzəriyyənin adı latınca humor (maye) sözündən götürülmüşdür. Hippokrat ilk dəfə olaraq bu nəzəriyyəni əsaslandırmış və onun irəli sürdüyü dörd tipin adı müasir dövrdə də saxlanmışdır. Hippokratın nəzəriyyəsi temperamentin öyrənilməsi üçün əsaslı təkan rolunu oynamışdır.
Humoral nəzəriyyənin bəzi müasir tərəfdarları göstərirlər ki, orqanizm daxilində hormonların nisbəti və balansı temperamentin təzahürlərini müəyyən edir, məsələn, qalxana bənzər vəzin hormonlarının çoxluğu insanın yüksək əsəbililik və qıcıqlanması ilə şərtlənir.
Sonrakı əsrlərdə tədqiqatçılar davranışın bədən quruluşundakı və fizioloji funksiyalardakı fərqlərlə üst-üstə düşən müxtəlifliyi müşahidə edərək bu fərqləri nizama salmağa və qruplaşdırmağa çalışıblar. Nəticədə temperamentin çoxsaylı konsepsiyaları və tipologiyaları meydana çıxmışdır. Bu konsepsiyaların əsasında şəxsiyyətin ən müxtəlif şərtləri qoyulmuşdu. Bir sıra konsepsiyalarda temperamentin xüsusiyyətləri irsi və anadangəlmə kimi başa düşülür və bədən quruluşunun xüsusiyyətlərində fərdi fərqlərlə əlaqələndirilirdi. Belə tipologiyalar konstitusion tipologiya adını alır.Bu tipologiya temperament haqqında somatik nəzəriyyənin əsasını qoymuşdur. Burada bədən quruluşu temperament tipi üçün əsas kimi götürülmüşdür. Onların sırasında ən geniş yayılmış tipologiya 1921-ci ildə öz məşhur «Bədən quruluşu və xarakter» əsərini nəşr etdirmiş E.Kreçmerin təklif etdiyi tipologiya oldu. Onun başlıca ideyasına görə müəyyən bədən quruluşu tipinə malik olan insanlar müəyyən psixi xüsusiyyətlərə malikdir. E. Kreçmer insanların bədən hissələrinin bir çox ölçülərini aparır ki, bu da ona 4 konstitusional tipini: leptosomatik, piknik, atletik, displastik ayırmağa imkan verdi.
Şizotimik – astenik bədən quruluşuna malikdir, özünə qapanıb, əhval-ruhiyyəsi sıçrayır, inadkardır, ətrafındakılara çətinliklə uyğunlaşır.
Ondan fərqli olaraq iksatimik – atletik bədən quruluşuna malikdir. Bu, sakit təmkinli, jest və mimikaları, yüksək olmayan elastik düşüncəli həssas olmayan, çax vaxt xırdaca adamdır. Piknik bədən quruluşuna siklotimikdə malikdir. Onun emosiyalarıı sevinc və kədər arasında sıçrayır, adamlarla asanlıqla əlaqəyə girir, realist baxışlara malikdir.
Kreçmerin nəzəriyyəsi Avropada daha geniş yayılmışdır ABŞ-da XX əsrin 40-cı illərində U.Şeldonun temperament konsepsiyası böyük populyarlıq qazanır. Şeldon bədən quruluşunun əsas tiplərinin mövcudluğu haqqında fərziyyədən çıxış edirdi. Bu fərziyyəni təsvir edərkən embriologiyadan götürülmüş terminlərdən istifadə etməklə o, üç tipi müəyyən etmişdir: 1) endomorf; 2) mezomorf; 3) ektomorf.
Şeldona görə bədən quruluşunun bu tiplərinə temperamentin müəyyən tipləri müvafiqdir. Müasir psixologiya elmində konstitusion konsepsiyaların əksəriyyəti onlarda insanın psixoloji xüsusiyyətlərinin formalaşmasında mühit və sosial şəraitin rolunun tonu qiymətləndirilməsinə görə kəskin təngidə məruz qalır.Temperamentin tipləri
Aktivlik. Bu xassə altında insanın məqsədə çatmaq üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsi, qarşılaşdığı maneələri necə aradan qaldırması nəzərdə tutulur.
Emosional oyanıqlıq. Bu ad altında bir növ insanın ən zəif xarici və daxili təsirləri hiss etmək qabiliyyəti başa düşülür. Hər cür hiss və emosiyaların əmələgəlmə, cərəyanetmə və kəsilməsi xüsusiyyətləini xarakterizə edən xassə və keyfiyyətlər emosionallığa bağlıdır. Psixologiyada onun əsas cəhətləri kimi mütəəssirlik, impulsivlik və emosional labilliyi fərqləndirirlər.
Emosiyaların gücü. Burada emosional oyanmanın intensivliyi və modallığı əsas götürülür.
Həyəcanlılıq. Psixologiyada ən çox həyəcanlılıq altında qorxulu şəraitdə özünü göstərən emosional oyanıqlıq başa düşülür.
Qeyri-ixtiyari hərəkətlərin reaktivlik dərəcəsi. Plastiklik və onun əksi olan rigidlik keyfiyyəti. Bu xassəni insanın xarici təsirlərə nə qədərtez uyğunlaşmasından (plastiklik) və ya, əksinə, davranış adət və mülahizələrinin nə qədər ətalətli, dəyişkən olmamasından (rigid) bilmək olar.
Qeyd edilən xassələrin olub-olmadığını nəzər almaqla insanların temperament tiplərini müəyyənləşdirmək mümkündür.
Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri canlə və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun muddət işləyə bilir. Sanqviniklər həddindən artıq qayda-qanuna əməl edən olurlar. Sürətli hərəkətə, çevik təfəkkürə, sürtli nitq tempinə malik olurlar. Onlarda plastiklik yüksək olur. Hissləri asanlıqla bir-birini əvəz edə bilir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilir, bir işdən digərinə asanlıqla keçə bilirlər. Onlarda ekstravertlik yüksək olur.
Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də senzitivlik aşağı, reaktivlik və aktivlik yüksək olur. Lakin xoleriklərdə reaktivlik aktivliyi üstünlük təşkil edir. Ona görə də xoleriklər həddindən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar.Onlarda plastiklik zəif, rigidlik yüksək olur. Bu işi onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük mövcud olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meylli olurlar. Diqqətlərini keçirməkdə çətinlik çəkirlər. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də ekstravertlik yüksək olur. Müvazinətsiz olurlar.
Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onlarda plastiklik aşağı, rigidlik yüksək olur. Onların mimikaları kasıb, ifadəsiz olur. Onlar öz diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əksolunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. Bunlarla yanaşı fleqmatiklər olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. Onlar asanlıqla özlərindən çıxması olmur. Yeni adamlara çətin alışırlar.
Melanxolik. Onlarda senzitivlik, həssaslıq həddindən artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən dərindən təsirlənirlər. Hədsiz dərəcədə küsəyəndir. Mimika və hərəkətləri dərindən ifadəli deyildir. Səsləri zəif, hərəkətləri süstdür. Onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Kiçik uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarına gözləyirlər. Həddindən artıq təklikliyə qapılırlar. O tez ruhdan düşür, bəzən gücü çatan işi belə axıra qədər yerinə yetirmir. Onlarda introvertlik yüksək olur.
Nəzərə almaq lazımdır ki, temperamentin təmiz bir tipinə malik olan adam tapmaq çətindir. Hər bir adamda bu tiplərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı həmin tipə aid edirlər.
Bütün bunlarla yanaşı olaraq temperamentin bu tiplərindən birini yaxşı, digərini pis adlandırmaq olmaz. Hər tipin özünəməxsus müsbət və mənfi cəhətləri vardır.Temperamentin fizioloji əsasları
Ali sinir sisteminin bu tiplərini müəyyənləşdirmək üçün akademik İ.P.Pavlov əsas sinir prosesləri olan oyanma və ləngimənin üç xassəsini əsas götürmüşdür: 1)oyanma və ləngimənin qüvvəsi; 2) oyanma və ləngimənin müvazinət dərəcəsi; 3) oyanma və ləngimənin mütəhərrikliyi.
İtlər üzərində apardığı uzunmüddətli tədqiqatlar əsasında akademik İ.P.Pavlov ali sinir fəaliyyəti tiplərinin təsnifatını vermişdir. O, oyanma və ləngimənin güvvəsi xassəsinə görə itləri güvvətli və zəif olmaqla iki yeə ayırmış və burada zəif sinir fəaliyyəti tipinin ayrıldığını qeyd etmişdir. Oyanma və ləngimənin ikinci xassəsi olan müvazinət dərəcəsinə görə qüvvətli xassəyə malik olan heyvanların da iki yerə ayrıldığını göstərmişdir: cəld (diribaş) və asta tip. Nəticədə ali sinir fəaliyyətinin heyvanlar və insanlar üçün eyni olan aşağıdakı tiplərinin olduğu aşkarı çıxarılmışdır: 1) zəif; 2) hövsələsiz ;
3) diribaş (cəld); 4) sakit.
Aşağıdakı şəkildə bu tuplərin necə yarandığını əyani şəkiuldə görə bilirik.
Akademik İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki, güvvətli, müvazinətsiz xassəyə malik olan hövsələsiz (coşğun sinir sistemi tipi xolerik temperament tipinin; qüvvətli, müvazinətli; mütəhərrik xassəyə malik olan diribaş (zirək) sinir sistemi tipi sanqvinik temperament tipinin; qüvvətli, müvazinətli, asta xassəyə malik olan sakit sinir sistemi tipi fleqmatik temperament tipinin fizioloji əsasını təşkil edir.