“Dünyanın ən gözəl, ən ülvi hissini yaşadım. Ana oldum, övladımı qucağıma aldım, amma özümü ana olmaq üçün yetərli hiss etmirəm, özümü çarəsiz hiss edirəm, xoşbəxt deyiləm…”
Uşağın dünyaya gəlməsilə ailədəki tarazlıq dəyişməyə başlayır. Tərəflər “həyat yoldaşı”ndan başqa “ata-ana” rolları da qazanırlar. Uşağın dünyaya gəlişi əlbəttə ki, çox gözlənilən sevinc və həyəcan dolu bir hadisədir. Bu, xüsusən də qadın üçün daha əlamətdardır. Çünki doğuş bir qadının həyatında yaşayacağı ən böyük və önəmli dəyişikliklərdən biridir.
Ancaq heç də hər bir qadın bu mərhələni eyni cür keçirmir. Yeni bir varlığı dünyaya gətirmək qadında həm hormonal, həm də duyğusal anlamda dəyişilmələrə, dalğalanmalara gətirib çıxara bilir. Qadın bir yandan canından bir parçası olan baxımına, yardımına möhtac kiçicik bir canlıya həyat verməkdən zövq alar, bir yandan da həyatında ola biləcək dəyişikliklərin verdiyi hüznə dalar…
Övladınızı uzun bir müddət həyəcan və səbsrizliklə gözlədiniz… Onun dünyaya gəlişini, ona toxunduğunuzu, qoxsunu duyduğunuzu, onunla oynadığınızı, onu bəslədiyinizi xəyal etdiniz həmişə. Amma indi qucağınızda bir neçə günlük uşağınız var və siz özünüzü çox çarəsiz hiss edirsiniz. İçinizdə bir sıxıntı var, dolmusunuz, sanki biri toxunsa, biri bir söz söyləsə, hönkür-hönkür ağlayacaqsınız. Körpəniz çox kiçikdir, çox ağlayır və siz çox vaxt onun niyə ağladığını anlamırsınız belə.
Bəlkə də ona yaxşı baxa bilmirsiniz, bəlkə də yaxşı ana deyilsiniz ki, onun ehtiyaclarını duya bilmirsiniz. Günlərdir yuxusuzsunuz, özünüzü dar bir qəfəsdə hiss edirsiniz. Bəzən hər şeyi atıb getmək keçir içinizdən və sonra böyük bir vicdan əzabı yaşayırsınız…. Bütün bu duyğular sizi boğur?
Qorxulacaq, bir şey yoxdur əziz analar! Siz tək deyilsiniz, bir çox yeni ana olmuş qadınlar uşaq dünyaya gəldiyi ilk 10 gün içərisində “Analıq hüznü" dediyimiz bu duyğuları yaşayır. Bəziləri bir az daha çox ,bəziləri biraz daha az. Bu normal hesab edilir. Ancaq bütün bu narahatlıqlar iki həftədən çox çəkərsə elə isə artıq doğuş sonrası (Postnatal) depressiyadan şübhələnməyə rəvac var deməkdir.
Bəs səbəbləri nələrdir?
Əslində bunun səbəbləri hamımızın yaxşı bildiyi və müşahidə etdiyi düşüncələrdir. Ana olmağa hazırlaşan çox qadın sanırki körpəsini görər-görməz nə etməsi lazım olduğunu biləcək. Habluki analıq zamanla öyrənilir. Uşağın altı necə dəyişilir, ağlarkən səs tonundan nə üçün ağladığını və s. zamanla öyrənərsiniz. Xətalarınız olduqda, özünüzü əksik və ya yetərsiz hissetdiyinizdə əslində bunun normal olduğunu unutmayın. Indi mükəmməl ana hesab etdiyiniz hər bir qadın bütün bu mərhələləri keçib.Zamanla hər şeyin yoluna düşəcəyinə inanın və özünüzə haqsızlıq etməyin.
Digər bir səbəb də çox zaman gözləntilərimizlə bağlı olur. Hər bir ana övladına hamiləykən aglamayan,sakit, qırmızıyanaqlı,daim gülümsəyən uşaq xəyalı qurar. Amma bunun tam əksini gördüyü anda isə xəyalqırıqlığına uğrar. Yuxusuz gecələr, səbəbi bilinməyən ağlamalar, uşağın zaman-zaman xəstələnməsi,narahatlığı və s. yeni ana olmuş qadına psixoloji təsir göstərən faktorlardır və onun qurduğu xəyalların tam təkzibidir.
Və birdə qadının ana olmadan öncəki həyatında depressiyaya düşüb – düşməmiş olması da səbəblər arasında ola bilir. Çünki müşahidələr göstərir ki, əvvəllər bir dəfə də olsa depressiya keçirmiş analarda Postnatal depressiya daha çox görülür.
— Əgər özünüzü daima əsəbi və yorğun hiss edirsinizsə
— Uşağınız üçün narahatlıqlarınız artmışsa,hər an ona nəsə olacaq qorxusu ilə yaşayırsınızsa və bu qorxu sizin günlük həyatınıza mənfi təsir edirsə
— Və yaxudda körpənizi görmək, ona toxunmaq,əmizdirmək içinizdən gəlmirsə, bütün bunları məcburən edir və zövq almırsınızsa
— Doğuşdan öncə zövq aldığınız şeylər artıq sizi maraqlandırmırsa
— İştahanızda nəzərə çarpan dəyişikliklər varsa; yemək yemək yadınıza belə düşmür və ya həddindən çox yeyirsinizsə
— Özünüzə zərər vermək ya da intahar kimi fikirlər ağlınızdan keçirsə;
O zaman özünüzlə baş etmək yerinə bir mütəxəssisdən yardım almağınızı tövsiyə edirik. Həyatınızın ən gözəl anlarını, günlərini belə problemlərlə keçirməyin, doğru istiqamətdə yardım almaqla bunlardan qurtulun, analığınızın və körpənizin dadını çıxarın!
Çünki ana olmaq möcüzədir!
ailem.az