Sənin ən çox sevdiyin…

Sənin ən çox sevdiyin…

Yəqin ki, çoxlarınız bu sualı düşünməyin gərəksiz olduğunu fikirləşərək təbii ki, Allahım, valideynlərim, qohumlarım, dost və ya rəfiqələrim, sevgilim və.s deyə cavab verəcəksiniz. Gəlin daha dərindən düşünək. Biz onları yoxsa özümüzü daha çox istəyirik?

Hekayə: Bir kişi ölüm ayağında olur. Onun ailəsi, uşaqları, bütün qohum-qardaşları, dost-tanışları başına yığışıb ağlayırlar. Kişinin arvadı: Ay kişi, sənsiz biz necə yaşayacağıq, bizə kim baxacaq deyə ağlayır. Uşaqları: ata sən bizi qoyub, hara gedirsən deyib atasının boynunu qucaqlayırlar. Sonra sıra ilə qohum-qardaşları kişiyə yaxınlaşıb sən bizə çox kömək edirdin, indi sənsiz çətin olacaq deyirlər. Ən sonda kişinin dostu gəlir sən çox yaxşı insansan, dürüstsən, mərdsən, bu qədər tez getməyə layiq deyilsən deyir. Kişi son sözlərini belə tamamlayır: Hamınız sağ olun. Amma hamınız mən sizə lazım olduğum üçün getməyimi istəmirsiniz. Təkcə dostum mənim tez getməyə layiq olmadığımı dedi.

Əziz oxucular əslində doğrudanda biz ətrafımızdakıları bizə lazım olduğu üçün, bizi sevdikləri üçün yəni, özümüzə görə sevirik. Heç kəs özündən artıq heç kimi istəmir. Çox vaxt valideynlərimizdən bu sözləri eşidirik. Mən sizin üçün yaşayıram, sizsiz mən yaşaya bilmərəm. Fikir versək valideyn də özünün xoşbəxt yaşaması üçün bunu istəyir. Övladlarının xoşbəxt olması valideynin xoşbəxt olmasıdır deməkdənsə valideynin xoşbəxt olması üçün övladın xoşbəxtliyi bu vacibdir, gərəkdir. Çünki sizə bütün ömrünü sərf edib, indi də haqlı olaraq qarşılığını gözləyir. Bir növ valideynlər əkin sahəsində işləyən kəndliyə, övladları isə əkin sahəsində götürülən məhsula bənzəyir. Kəndli gecə-gündüz sahədə işləyir, günün qızmar istisində, yağışında, qarında əziyyət çəkir ki, vaxtı gələndə yaxşı məhsul əldə eləsin. Biz övladlar da valideynlərimizin məhsuluyuq.

Hətta biz Allahı da özümüzdən az istəyirik (bəlkədə bu cümlədən sonra əstəfürullah deyənlər olacaq). Ancaq biz Allahın hər şeyə qadir olmasından, onun möcüzələrindən qorxaraq, yəni birdən bizə və ya bizim sevdiklərimizə nəsə olar deyə Allahı sevirik.

Ümumiyyətlə fikirlərimizin dərinliyində biz bilirik ki, hamı nə edirsə özü üçün edir. Biz sevgilimizi də bizi sevib dəyər verdiyinə görə, onun özümüzə layiq olduğunu fikirləşərək sevirik. İndi sual verə bilərsiniz ki, bəs qarşılıqsız sevgilərə nə deyəcəksiniz? Bu zaman sevən qız və ya oğlan seçdiyinin özünə layiq olduğunu düşünür. Onda özünün bəyəndiyi əlamətləri, hərəkət və davranışları görür, xoşuna gəlir və sevir. Hər bir sevgi qarşılıqlı olanda daha möhkəm olur. Mövlana demişkən mən səni yox, sənə olan sevgimi sevdim. Yəni mənim sevgim səndən də qiymətlidir.

Biz heç düşünmədən sevdiklərimiz üçün canımızdan da keçə bilərik. Bilirsiniz niyə? Çünki onları itirmək kimi acını yaşamaq istəmirik, onlarsız həyatımızı təsəvvür belə etmirik. Bəzi insanlar çox yaxın adamını itirəndən sonra hətta intihar edirlər. Onlar əslində ölənə görə yox ,özlərinə görə, buna dözə bilmədikləri üçün intihar edirlər.

Təsəvvür edin ki, bank sahibisiniz. Bankınıza külli miqdarda vəsait qoyan müştəriniz dünyasını dəyişib. Səmimi deyin. Siz onun cavan ikən dünyadan köçməsinə görə, yoxsa, bu gündən sonra bankınızın halını daha çox düşünərdiniz? Əlbəttə ki, bankınızın halı sizi daha çox narahat edəcək.

Maraqlı faktlardan biri də budur. Dostlarımızla və ya qrub yoldaşlarımızla çəkdirdiyimiz şəkilə baxanda ilk öncə gözünüz kimi axtarır? Əlbəttə özünüzü. Yaxşı görünsəniz deyəcəksiniz ki, şəkil qəşəngdir, əksinə pis görünsəniz deyəcəksiniz ki, şəkil pisdir. O şəkildə digərlərinin yaxşı görünüb-görünməməsi sizi maraqlandırmayacaq. 

Dəyərli oxucular, bizim sizi bu cavabı həm asan, həm də çətin olan məqamlarla qarşı-qarşıya qoymağımızın məqsədi sizin eqoist və ya daim özünüdüşünən olduğunuzu demək deyil. Əgər bu cür yanaşsaq onda bu bütün hamıya şamil olunar. Biz sadəcə kimləri, nəyə görə, kimə görə sevdiyimizi aydınlaşdırmağa çalışdıq. Bu sözlərimizdən sonra gedib valideynlərinizə və ya başqalarına sən məni yox, əslində özünü istəyirsən deməyək. Çünki yenə deyirəm hamı əslində hər şeyin özü üçün olduğunu gözəl başa düşür və qəbul edək ki, bu normaldır, təbiidir, belədə olmalıdır, başqa cür mümkün deyil.

Mənbə: «PCC» jurnalı
Lalə Allahverdiyeva
Top