Yuxudadır, amma gəzir...
Bəzi insanlar yuxudaykən ayağa durur, gəzir, danışır, qışqırır, hətta qəribə hərəkətlər də edir. Yuxudan oyunanada isə onlardan nəyə görə belə etdiyini, bilmədiyi bir dildə necə danışdığını soruşanda bundan xəbərsiz olduqlarını deyirlər. Bu cür insanlar somnabulizmdən əziyyət çəkirlər.
Onlar yuxudaykən özünü oyaq kimi aparır, evdən çıxa, maşın sürə və başqa təhlükəli hərəkətlər də edə bilərlər. Bəzi hallarda somnabulizmin qurbanlarının adam da öldürməyi, müxtəlif ağır cinayətlər törətmələri məlumdur.
Qeyd edək ki, somnabulizmin əlamətləri tez-tez təkrarlanarsa, mütəxəssisə müraciət etmək lazımdır. Bundan əziyyət çəkənlər yuxuda olarkən yataqdan qalxıb gəzməyə başlayır. Onlar yuxuda danışa, hansısa hərəkətləri icra edə bilərlər. Kənardan müşahidə etdikdə elə təəssürat oyanır ki, oyaqdırlar. Diqqət yetirdikdə bəzi əlamətlərə görə belə adamların yuxuda olduğunu bilmək olar. Yuxuda özünü oyaq kimi aparan adamın hərəkətləri asta və rəvan olur. Onların gözü açıq olsa da heç nə eşitmir və anlamırlar. Adətən onlara elə gəlir ki, evlərində deyil, başqa yerdədilər. Belə əlamətlər həftədə 2-3 dəfə özünü göstərə bilər.
Müsahibim bildirib ki, somnabulizmdən əziyyət çəkənlər özlərinə və yaxınlarına zərər gətirə bilərlər. Belə adamların pəncərədən düşdüyü hallar da olub. Çox vaxt onlar yuxuda pəncərəni qapı ilə səhv salıb yıxılırlar. Bəziləri həyətə çıxır, maşın sürməyə başlayır ki, bu da onlar və ətrafdakılar üçün təhlükəlidir. Buna baxmayaraq somnabulizmin əlamətləri özünü göstərəndə həmin adamı oyatmaq olmaz. Onlar qorxuya düşüb psixoloji zədə də ala bilərlər. Lakin onları sakitcə yataqlarına və ya təhlükəsiz yerə qayıtmağa kömək etmək olar.
Psixoloqun dediyinə görə yuxu boyu somnabulizmin əlamətləri uzun sürmür. Bir gecə ərzində yarım saat ola bilər. Adətən o, özü yatağına qayıdıb yatmağa davam edir. Oyananda isə baş verənlərdən xəbərsiz olur. Belə adamların otaqlarında pəncərələr, qapılar möhkəm bağlanmalı, yerə şüşə və ya iti əşyalar qoyulmamalıdır ki, ayaqları zədələnməsin. Bundan başqa yaxınları diqqətli olmalıdırlar ki, o, qapını açıb çıxmasın. Yaxşı olar ki, belə adamlar evdə tək qalmasınlar.
Mənbə: «Düşüncə» jurnalı