Uşağınız söyüş söyür?

Uşağınız söyüş söyür?

Uşaqların psixi inkişafında ilk “böhranlı” yaş dövrü inadkar olduqları və istədiyi kimi hərəkət etməyə can atdıqları mərhələdir.
Hər bir ailə uşaqların sağlamlığını düşündükləri qədər, onların tərbiyəsinə də önəm verirlər. Uşağın tərbiyyəsi dedikdə onun düzgün davranışı və mədəni nitqi nəzərdə tutulur. Lakin cox zaman valideynlər nə qədər nəzarət etsələr belə uşaqların dilindən xoşagəlməz ifadələr eşidirlər.
Bəs, uşaqlar bu sözləri haradan öyrənir? Uşaqlar işlətdiyi ifadələrin mənasını bilirlərmi? Niyə çox hallarda uşaqlar belə ifadələri işlətməkdən zövq alırlar? Uşaqların nitqindəki xoşagəlməz ifadələri necə tərgizmək olar?

Öncə onu demək istəyirəm ki, uşaqlar adətən 3-12 yaş arasında xoşagəlməz sözlərdən daha çox istifadə edirlər. Lakin 6 yaşdan sonra uşaqlarda daxili plan və özünə nəzarət gücləndiyindən bu cür ifadələri ehtiyyatla işlədirlər. Lakin azyaşlılarda, xüsusilə də 3-4 yaşında olan uşaqlarda bu bir az çətin alınır. Uşaqlar ilk dəfə xoşagəlməz ifadələri 3 yaşlarından etibarən ifadə etməyə başlayırlar. Usaqlar öz “eqo”sunu, “mən”ini bu dövrdə kəşf edirlər.

Ona görə də bu dövr “eqosentrizm” mərhələsi adlanır. Uşaq artıq öz səxsiyyətini tanımağa başlayır. Bu dövrdə uşaqlar ətrafını kəşf etməyə can atır, psixi və intelektual inkişafları üçün ətrafı öyrənirlər. Lakın uşaqların psixi inkişafında ilk “böhranlı” yaş dövrü inadkar olduqları və istədiyi kimi hərəkət etməyə can atdıqları mərhələdir. Xüsusən, bu yaşda uşaqlar ətrafında gördüyü hər şeyin onlara məxsus olduğunu zənn edər, nəyisə əldə edə bilmədikdə isə ya ağlayar, ya ətrafı dağıdar, ya da müxtəlif xoşagəlməz ifadələr işlədərək, söyüş söyərək böyüklərə tabe olmaq istəməzlər.
Uşaqlar hər bir xoşagəlməz davranış və ya ifadələri ilk dəfə ailə üzvlərindən mənimsəyir. 3 yaşından etibarən uşaqlarda kişi və qadın modeli ana və atanın fonunda yaranır. Hər bir oğlan uşağı atasının, qızlar isə anasının davranışlarını təqlid etməyə başlayır. İstər yaxşı, istərsə də pis uşaqlar görduklərini mənimsəyir, oxşar hadisələr zamanı ifadə etməyə başlayırlar. Əgər valideynin zarafatla və ya hirslə dediyi sözü uşaq eşidirsə, onu hansısa bir situasiyada ifadə edecəkdir. Bunu etdikdə ətrafdakı böyüklər olanları gülüşlə qarşılayarlarsa, uşaq bunun əyləncəli və xoş bir şey olduğunu zənn edib ətrafdakıları güldürmək üçün bunu tez-tez təkrarlaya bilər.

Amma sonradan ailə üzvləri olanlara görə uşağı cəzalandırarsa, uşaqda ailəsinə qarşı güvənsizlik və aqressiv davranışlar formalaşa bilər. Çünki ilk dəfə bu hərəkətinə görə heç bir cəza almayıb sonradan cəzalandırıldı. Buna görə də usağınızın ağzından ilk dəfə xoşagəlməz söz eşitdiyiniz zaman bunu gülümsəyərək qarşılamayın. Əvəzində nisbətən təəccüblənib, özünüzü elə aparın ki, sanki bu sözün mənasını özünüz də bilmirmisiniz. Sonra isə uşağınızdan işlətdiyi sözün mənasını soruşun. Görəcəksiniz ki, dediyi sözün mənasını heç özü də bilmir. Bu zaman mövzunu uzadaraq uşağı sıxmayın. Sadəcə ona bunun yaxşı bir söz olmadığını və bu sözü bir də işlədərsə, üzüləcəyinizi deyin.
Bundan başqa uşaqlar bu dövrdə qrupda uşaqlar arasında öz mövqeyini möhkəmləndirmək, özünü lider hesab etmək, yaşıdlarından fərqlənmək üçün söyüşlərdən istifadə edə bilər.
Valideynlərə məsləhət görürəm ki, uşağınızın nitqində xoşagəlməz ifadələr eşitdiyiniz zaman qeyri-adi davranışlar göstərməyin. Uşağınızla bu mövzuda oyunlar oynayın. Əgər uşağınız söyüşlərdən tez-tez istifadə edirsə, onun işlətdiyi sözü dəyişdirin. Bunu bir oyun halına gətirin. Məs: uşağınız əsəbləşib kiməsə “gic" deyirsə, siz ona deyin ki, “gəl biz bu sözu dəyişək, gic olan adamlara «piko» deyək”. Uşağınıza bu maraqlı gələcək. Bu zaman uşağınız həm aqressiya, həm emosiyasını boşaldacaq, həm də etikadan kənar sözlərdən istifadə etməyəcək. Uşağınıza əyləncəli olsun deyə, söyüşlərin əvəzinə maraqlı, gülməli, məzəli, mövcud olmayan ifadələr seçə bilərsiniz. Eyni zamanda mümkün olduqca uşağınıza nağıllar danışın. Nağılın baş qəhrəmanı söyüş söyən bir personaj olsun, amma o söyüş söydükcə onun anası, atası kədərlənsin. Lakin nağıl danışdığınız zaman uşağınıza deməyin ki, «Bax sən də belə söyüşlər söyürsən, biz də ona görə kədərlənirik». Ona görə ki, uşağınız özü nağıldakı mənanı anlayacaq.
Sonda valideynlərə demək istəyirəm ki, hər bir uşaq cilalanmamış almazdır. Onu brilyanta çevirmək isə sizin öhdənizə düşür.

narinc.az
Top