“Bir insanı tanımaq üçün onunla mübahisə edin. Bu zaman həmin insan necə davranırsa, özünü necə aparırsa, onun əsl xasiyyəti də elədir”.
Yəqin ki, bu məsəli çoxlarınız eşitmisiniz. Psixoloqların sözlərinə görə, gələcək sevgilimizi, həyat yoldaşımızı seçərkən bu məsəli göz önündə saxlamalıyıq. Yəni gələcəkdə həyatınızı birləşdirmək istədiyiniz şəxs mübahisə zamanı necə davranırsa, məsələni necə həll etməyə çalışırsa, bu həmin insanın xasiyyətindən xəbər verir.
Sevdiyimiz insan hər zaman ailə quracağımız şəxs olmur. Uzunömrlü ailə həyatı qurmaq istəyiriksə, yalnız ürəyimizin deyil, beynimizin də sözünə qulaq asmalıyıq. Yəni qarşınızdakı insanı nə qədər çox sevsəniz də, münasibətinizin gələcəyi üçün onun xasiyyətinə, çıxılmaz vəziyyətlərdə özünü necə aparmasına diqqət yetirməlisiniz.
Çünki müəyyən yaşdan sonra insanların xasiyyətinin dəyişməsi çətin olur. Əgər sevdiyiniz insan hər dəfə mübahisə etdiyiniz zaman sizi ayrılıqla hədələyir, istədiyi vaxt heç bir əsas gətirmədən çıxıb gedir və mübahisələriniz zamanı sizi dinləməyib öz fikirlərini yeritməyə çalışırsa, bu o deməkdir ki, o insan gələcək ailə həyatında da bundan fərqli davranmayacaq.
Buna görə də sevdiyiniz insanın bütün davranışlarına qarşı səssiz qalmaqdansa, onunla danışaraq aranızdakı mübahisəni həll etməyə çalışın. Əks halda indi sevginiz xətrinə dözdüyünüz çox mübahisələr gələcəkdə münasibətiniz üçün böyük problemlər yaradacaq.